Bu gün, sentyabrın 28-i, səhər saatlarında bir qrup fəalın M.İbrahimin taleyinə aydınlıq gətirməkdən ötrü onun saxlandığı 16 Saylı Cəzaçəkmə Müəssisəsinin önünə toplaşdığı bildirilir.
Bu barədə AzadlıqRadiosuna hadisə yerində olan şəxslər məlumat verib.
Amma verilən məlumata görə, polis insanların bir yerdə toplaşmasına imkan verməyib. Ora toplaşanlardan bəzilərinin maşınlara əyləşdirilərək həbsxana önündən yola salındığı bildirilir.
Hazırda AXCP rəhbərliyinə daxil olan 5 nəfərin 16 Saylı Cəzaçəkmə Müəssisəsinin rəhbərliyi ilə görüşmək istədiyi deyilir. Həmin şəxslərə, hələ ki, müsbət cavab verilməyib.
«Qüvvədə olan qanunvericiliyə görə, məhkumların saxlandığı məkanda axtarış-baxış tədbirləri keçirilir. Belə axtarış-baxış tədbirləri zamanı məhkum Məmməd İbrahimin yastığı altından kəsici-deşici alət tapılıb». Bunu Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov bildirib.
M.Sadıqov deyib ki, həmin kəsici-deşici alət tapılan kimi M.İbrahim cərimə təcridxanasına (karser) salınıb.
«Hazırda məsələ ilə bağlı araşdırma gedir və yekunda buna hüquqi qiymət veriləcək», – deyə o vurğulayıb.
Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin həbsdə olan müşaviri M.İbrahimin cərimə kamerasına salınması dünən, sentyabrın 27-də ictimaiyyətə açıqlanmışdı. Bu haqda siyasətçinin oğlu Turan İbrahim məlumat vermişdi: «Guya, atamın yastığının altından bıçaq tapıblar. Buna görə karsa salınıb».
T.İbrahimin sözlərinə görə, atasının cəzasının başa çatmasına cəmi bir neçə gün qalır. O, həftəsonu azadlığa buraxılmalıdır. Oğlu atasının şərləndiyini düşünür.