Qazax rayonunda polis bölməsinə aparıldıqdan bir neçə saat sonra meyiti ailəsinə verilən Elmir Axundovun işi ilə bağlı bir rayon sakini saxlanıb.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluq hadisə ilə bağlı “ehtiyatsızlıqdan adam öldürmə”, “xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə” maddələri ilə cinayət işi başlandığını bildirib.
Elmir Axundovun ailəsi hüquq-mühafizə orqanlarının açıqlamasını qəbul etmədiklərini və onun “polis bölməsində döyülərək öldürüldüyünü” iddia edir.
Ailə üzvlərinin BBC News Azərbaycancaya təqdim etdikləri fotolarda, Elmir Axundov olduğu iddia edilən şəxsin alın, qol, ayaq, qarın, diz nahiyəsində xəsarət izləri görünür.
Hüquq-mühafizə orqanları nə deyir?
Qurumlar bildiriblər ki, işlə bağlı rayon sakini Kərim Əhmədov şübhəli şəxs qismində saxlanıb və digər təqsirli şəxslərin də müəyyənləşdirilməsi aparılır.
“Sentyabrın 24-də Axundovun anası rayon prokurorluğuna müraciət edərək oğlunun rayon sakini Əhmədov tərəfindən döyülməsini bildirib. Müraciət əsasında Axundovun izahatı alınıb, barəsində məhkəmə-tibbi ekspertizası təyin olunaraq müayinə edilib və döyülmə nəticəsində bədənində xəsarətlər aşkar edilib”.
Məlumatda o da deyilir ki, qeyd edilən tarixdə Kərim Əhmədov da rayon polis şöbəsinə müraciət edərək “Axundov tərəfindən döyüldüyünü” bildirib.
“Bununla əlaqədar sentyabrın 25-də Axundov izahatının alınması məqsədilə rayon polis şöbəsinə dəvət edilib və həmin gün saat 22 radələrində səhhətinin pisləşdiyi üçün təcili-tibbi yardım xidmətinə müraciət olunub, həkim briqadası rayon polis şöbəsinə gələrək Axundovu ölmüş vəziyyətdə rayon Diaqnostika Mərkəzinə aparıb”, birgə açıqlamada deyilir.
Kərim Əhmədovun və ya onun yaxınlarının bu ittihama münasibətini öyrənmək mümkün olmayıb.
“Qardaşım polisə zorla aparılıb”
Elmir Axundovun bacısı Ülviyyə Axundova hüquq-mühafizə orqanlarının açıqlamasını qəbul etmədiyini deyir. O, BBC News Azərbaycancaya bildirib ki, qardaşı polisə “zorla” aparılıb:
“Qardaşım Kərimlə dalaşmışdı, prokurorluğa müraciət etdi, həkimə də getdi, yoxlandı, bircə qaşının üstünə 5 tikiş qoydular, başqa bir yerində hər hansı sınıq, xəsarət yox idi. Əlimizdə həkimin kağızı var ki, başqa xəsarəti yoxdur”.
Ülviyyə Axundova iddia edir ki, Kərim Əhmədovun qardaşına vurduğu xəsarət onun ölümünə səbəb olmaz: “Qardaşım evə gəldi, çimdi, şortikdə həyətimdə oturdu. Vəziyyətində heç bir problem yox idi. Sentyabrın 25-də polis qardaşımı idarəyə çağırdı, o da dedi ki, getmirəm, mən prokurorluğa şikayət etmişəm. Polis onu zorla apardı”.
Ülviyyə Axundova deyir ki, o, polisdən şikayətçidir və öz şikayətinin ardınca da gedəcək.
37 yaşlı Elmir Axundov sentyabrın 25-də polis bölməsinə aparılıb, ailəsi deyib.
Bacısı Ülviyyə Axundova BBC News Azərbaycancaya deyib ki, qardaşının niyə polis bölməsinə aparıldığını bilmir.
“Mənə dedi, çantanı topla Bakıya gedirik, özü də getdi siqaret almağa. Getdi gəlmədi. Dedilər maşına mindirib, polis idarəsinə aparıblar. Biz də getdik bölmənin qarşısına. Məni içəri buraxmadılar. Sonra təcili yardım maşını gəldi, getdik diaqnostikaya, 4 saat yanına buraxmadılar. Sonra da dedilər ki, ölüb”, o deyib.
Bacısının sözlərinə görə, qardaşı bu gün dəfn edilib. O, məhkəməyə müraciət etmək fikrində olduqlarını deyib.
Ülviyyə Axundova qardaşının ailəsi, daimi işi olmadığını bildirib.
“Bütün Qazax cavanları kimi işsiz idi, gömrükdən nəsə keçirirdi, siqaret, yuyucu tozu, elə dolanırdıq”, o deyib.
Dövlət qurumlarının hadisəyə ilk şərhi necə olub?
Qazax Rayon İcra Hakimiyyətinin informasiya təminatı və təhlil sektorunun müdiri Svetlana Qurbanova deyib ki, Elmir Axundovun ölümünün səbəblərini polis araşdırır.
“Ölü vəziyyətdə təcili yardımla diaqnostikaya aparılıb, ölümün səbəbləri polis tərəfindən araşdırılır”, o, BBC News Azərbaycancaya deyib.
Qazax rayon polis bölməsinin sahə rəisi Amil Budaqov çərşənbə günü deyib ki, ailənin iddiaları “tam yalandır”. Sahə rəisi başqa məlumat verməkdən imtina edib.
Rayon polis bölməsinin növbətçisi isə deyib ki, “o barədə rayon prokurorluğunda aparşdırma aparılır, iş gedir”.
Amma Qazax hərbi prokurorunun böyük köməkçisi Fəxrəddin İsmayılov hadisədən xəbərsiz olduğunu deyib.
Məsələ ilə bağlı çərşənbə günü Baş Prokurorluqdan şərh almaq mümkün olmayıb.
Daxili İşlər Nazirliyindən BBC News Azərbaycancaya deyiblər ki, Qazax sakini polis bölməsində səhhətindən şikayət edib və aparıldığı Diaqnostika Mərkəzində vəfat edib. Nazirlik hadisə ilə bağlı “prokurorluğun araşdırma apardığını” da bildirib.