Müsavat Partiyası Suraxanı rayon təşkilatının fəalı Azad Həsənov oktyabrın 11-də saxlanılıb. O, oktyabrın 10-da ağır xəstə olan atasına baş çəkmək üçün Vilnüsdən Bakıya gəlib. Bu barədə Müsavat Partiyasının mətbut xidməti məlumat yayıb.
Mətbuat xidməti bildirir ki, A. Həsənov 2003-cü ildən Müsavat Partiyasının fəal üzvüdür. 2014-cü ilin fevralından mühacirətdədir, ailəsi ilə birlikdə Litvada siyasi sığınacaq alıb.
A. Həsənovun həyat yoldaşı, hazırda Vülnüsdə olan Təranə Həsənova bildirib ki, o, Bakı hava limanında problemlə üzləşməsə də sonradan həbs edilib.
“Azada Bakıdan dedilər ki atan can verir. O, təcili bilet aldı və oktyabrın 10-da saat 3:00-da Bakıya çatdı. Sərhəddi problemsiz keçib, günortaya qədər atasıyla bir yerdə olub. Sonra məscidə namaz qılmağagedib. Orada 662 nömrəli qara “Hyundai” markalı maşından düşən mülki geyimli şəxslər onun qollarını burub maşına oturdublar. Qardaşı kömək etmək istəyəndə onu sinəsindən itələyib deyiblər ki, polisdənik”, -T. Həsənova bildirib.
Mətbuat xidməti A. Həsənovun harada saxlanılması ilə bağlı məlumat əldə edə bilməyib.
“Ailə üzvləri Daxili İşlər Nazirliyinin “102 Zəng Mərkəzi”nə zəng edib. Hələ A. Həsənovun hansı səbəbdən saxlanılması, harada saxlanılması ilə bağlı məlumat verməyiblər. Vəkil Osman Kazımov da A. Həsənovun harada saxlanılmasını öyrənə bilməyib”, – mətbuat xidmətindən bildiriblər.
Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, partiya fəalın həbsini pisləyib.
“Gözünüzü açıb dünyada nələr baş verdiyinə baxın. Bütöv bir millətə zülm etməkdən əl çəkin. İnsanlara öz normal həyatlarını yaşamağa imkan verin! Azad Həsənov və bütün siyasi məhbuslara azadlıq!” o, Facebok səhifəsində Müsavat fəalının saxlanılmasına münasibət bildirib.
Litvanın Azərbaycandakı səfirliyi A. Həsənovun saxlanılması ilə bağlı sorğunu şərh etməyib. Səfirliyin əməkdaşı bildirib ki(turan), A.Həsənovun saxlanılması barədə səfirlikdə məlumat yoxdur.
DİN mətbuat xidmətindən şərh almaq mümkün olmayıb.