14 saylı cəzaçəkmə müəssisəsində həbs cəzası çəkən NİDA hərəkatının üzvü Elgiz Qəhrəman karserə salınıb. Bu barədə onun atası Camal Qəhrəmanov bildirib.
Onun sözlərinə görə, E.Qəhrəman iki gündür karserdə saxlanılır. Ona fiziki təzyiq göstərilir, deyə atası bildirib.
“Sonuncu dəfə onunla oktyabrın 7-də görüşmüşük. O, özü heç nə deməyib. Bu, onun xasiyyətinə uyğun deyil. Nə problemi olursa olsun, o, şikayət etmir ki, biz narahat olmayaq. Buna görə mən təzyiq haqqında başqa mənbədən öyrəndim”, deyə fəalın atası bildirib.
NİDA hərəkatının əlaqələndiricisi Samir Əsədli deyib ki, 14 saylı cəzaçəkmə müəssisəsinin yeni rəisi Namiq Qocayev siyasi məhbuslara işgəncə verir. Təyin edildikdən dərhal sonra o, bloger Mehman Hüseynovu və Elgiz Qəhrəmanı təhqir etməyə, onların telefon danışığı hüquqlarını məhdudlaşdırmağa başlayıb. Digər məhbusların hüquqları da pozulur, onlara işgəncə verilir və və onlar döyülür, deyə Əsədli qeyd edib.
Penitensiar Xidmətdə Qəhrəmanın əsassız olaraq cəzalandırılması və döyülməsi haqqında iddiaları təkzib edirlər. İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib ki, məhbuslar intizam pozuntularına görə cəza kamerasına salınır. Bundan əvvəl məhbusla profilaktik söhbət aparılır, o, nəticə çıxarmırsa, cəza kamerasına köçürülür.
Sadıqov məhbusların döyülməsi haqqında məlumatları da təkzib edib. Bununla belə, o deyib: “Məhbus fiziki müqavimət göstərirsə, müəssisə əməkdaşlarına və başqa məhbuslara zərər yetirməyə çalışırsa, ona qandal taxılır, dəyənək və digər xüsusi vasitələrdən istifadə olunur. Bu, qanuna uyğun şəkildə həyata keçirilir və mütləq aktlaşdırılır. Məhbus narazıdırsa, məhkəməyə müraciət edə bilər, deyə Sadıqov bildirib.
* Elgiz Qəhrəman 2016-cı ilin avqustunda böyük ölçüdə narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə 5,5 il müddətinə həbs edilib. Amma həbsin əsl səbəbi onun facebook-da 26 sentyabr 2016-cı il tarixli konstitusiya referendumu haqqında yazdığı kinayəli status olub.
Sonradan Ali Məhkəmə cəza müddətini üç il azadlıqdan məhrumetməyə endirib.
E.Qəhrəman hüquq müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınıb(turan).