Ilham Hüseyn
İnsanın ən böyük keyfiyyəti məsuliyyətdir. Əgər məsuliyyət varsa, qarşıya qoyulan məqsədə çatmaq üçün, etimadı doğrultmaq üçün, vətənə lazımlı vətəndaş olmaq üçün bütün zəruri addımları atarsan. Ən əsası isə getdiyin yolda səndən əvvəlkilərin buraxdığı səhvləri təkrarlamaz, səhvlərdən dərs çıxararsan.
O zaman təcrübə nədir?
Ümumiyyətlə, təcrübəylə bağlı xeyli fikirlər səsləndirilib. Məsələn, Huxley deyirdi ki, təcrübə bir insanın başından keçənlər deyil, keçənlərin qoyduğu izlərdi. Oskar Uayld isə “təcrübə hər kəsin öz səhvlərinə verdiyi addır” deyirdi. Kamyunun nəzərində isə “təcrübə”sözü mənasızdır. O deyirdi ki, təcrübəlilik təcrübədən asılı deyil. Təcrübəlilik deyil dözüm əsasdır. Ümumiyyətlə, Kamyuya görə heç bir paraktika, təcrübə insanı müdrik etmir, xəbərdar edir.
Bugünümüzün Azərbaycanına nəzər saldıqda isə daha şəffaf mənzərə yaranır. Gözümüzün qarşısında dövlətçilikdən, idarəçilikdən xəbəri olmayanlar, hər dəfə ağzın açanda ümummilli lətifə mövzusuna çevrilənlər 25 ildir ki, dövlət sükanının arxasında əyləşiblər. Həm də bu 25 il ərzində heç bir müsbət təcrübədən faydalanmaq istəməyiblər. Bütün sahələri bərbad vəziyyətə salıblar. Elə bir mənzərə yaranıb ki, “dövlətçilik”, “dövlət strategiyası”, “idarəçilik fəlsəfəsi” deyəndə, gözümüz önünə vətəni çapıb-talamaq gəlir. Azərbaycan insanı elə başa düşür ki, dövlət məhz belə idarə olunmalıdır. Bəzən bu idarəçiliyə şükr edənlər də olur.
Bu hakimiyyətə alternativ olanlar isə 25 ildir hakimiyyətə düzgün idarəçiliyin yolunu göstərir. Bütün sahələrdəki çatışmazlıqları aradan qaldırmaq üçün dünya praktikasından nümunələr gətirir. Demək istəyirəm ki, real müxalifət hakimiyyətdə olmadan da xeyli yollar göstərib, işıq gələn tərəfə səsləyib. Əgər hakimiyyət bugünə qədər olan tənqidlərdən dərs çıxarsaydı, bugün Azərbaycan dünyaya səs salardı. Hətta hamımızın 25 ildir tənqid etməkdən doymadığımz təcrübəsiz AXC hakimiyyəti də 1 il ərzində kifayət qədər işlər gördü. Hansıki, 25 illik “təcrübəli” komanda bunun imitasiyanı da etməyib.
Cənablar, Azərbaycan xalqı qısır deyil. “Bunlardan başqa ölkəni heç kim idarə edə bilməz” kimi korroziyaya uğramış yalanlara boya çəkməyin. Normal idarəçilik, əməyə qiymət verən hökumət olsa, bu ölkədə bütün sahələr üzrə yüksək təhsil almış gənclər də, bu ölkəni indikilərlə müqayisə edilməz dərəcədə yaxşı idarə edəcək müxalifət də var.
Bugün ən böyük təcrübə qətiyyət, əzm, cəsarət, iradədir. Sərt rejimin qarşısında duruş gətirə bilməyənlər bu keyfiyyətlərin adını “təcrübə” qoyublar. Biz gecikə-gecikə təcrübə yığmırıq, təcrübə siçanı oluruq. Əgər hamılıqla bu laboratoriyanı dağıtmasaq, hamımız bu laboratoriyada təcrübədən keçiriləcəyik.