Ermənistanın Mərkəzi Seçki Komissiyası gələn aya təyin olunmuş seçkinin qrafikini açıqlayıb. Seçki kampaniyası noyabrın 26-dan dekabrın 7-dək keçiriləcək.
Siyasi partiyalar və alyanslar seçkiyə 25 gün qalmışdan gec olmayaraq, yəni noyabrın 14-dək qeydiyyat üçün sənədlərini təqdim etməlidirlər. Namizədlərin siyahısı isə 14-19 noyabr tarixlərində təqdim olunmalıdır.
Müşahidəçilər Nikol Paşinyanın siyasi komandasının seçkini udacağını gözləyirlər.
Xatırladaq ki, Ermənistan növbədənkənar parlament seçkisinə siyasi razılaşma nəticəsində gedir. Nikol Paşinyan baş nazir vəzifəsindən forml olaraq istefa verib və parlament yeni baş nazir seçməli olub. Lakin əvvəlcədən əldə olunan razılığa əsasən, parlament yeni baş nazir seçməyib. Parlment yeni baş naziri iki cəhddə seçə bilərdi və sonuncu cəhd noyabrın 1-ə təsadüf edirdi. Noybrın 1-də də seçki baş tutmayandan sonra ölkə başçısı Armen Sarkisyan dekabrın 9-da növbədənkənar parlament seçkisinin keçirilməsinə dair fərman imzalayıb. Seçkiyə qədər olan müddətdə Paşinyian baş nazirin səlahiyyətlərini icra edəcək.
***
Ermənistanın yeni parlament seçkisinə getməsinin bu ölkə üçün nə demək olduğu və Azərbaycana nələr vəd etdiyi barədə AXCP sədri Əli Kərimli feysbuk səhifəsində fikirlərini bölüşüb. AXCP sədri yazır:
Ermənistan parlamentinin buraxılması bu ölkədə baş vermiş demokratik inqilabın daha bir uğurudur. Yeni parlament seçkiləri dekabrın 9-da keçiriləcək. “Rusiya imkan verməyəcək” kimi fikirlər növbəti dəfə özünü doğrultmadı. Rusiyanın digər ölkələrin işlərinə qarışmaq imkanları həqiqətən də azalıb. Deməli, Ermənistandakı demokratik dəyişiklik davamlı xarakter alacaq. Bizim üçün bu nə deməkdir?
Cənubi Qafqazın Rusiya təsirindən çıxması, dünyaya açılması, demokratik dəyişikliyin Cənubi Qafqazda belə aparıcı trend olması, Xocalı qatillərinin hakimiyyətdən uzaqlaşdırılması baxımından Ermənistanda demokratiyanın möhkəmlənməsi müsbət hadisədir. Ancaq Azərbaycanda indiki avtoritar, ailə hakimiyyəti qalacağı təqdirdə Ermənistandakı demokratik dəyişiklik düşmən dövlətin mövqeyini daha da gücləndirəcək. Demokratik imic, dünyaya açılmaq, ölkədə rəqabət mühütinin yaradılması, xarici sərmayələrin cəlb edilməsi Ermənistanın dünyadakı mövqeyini də gücləndirəcək, müttəfiqlərini artıracaq, daxili siyasi sitemini və iqtisadiyyatını gücləndirəcək və Qarabağı bizdən bir az da uzaqlaşdıracaq.
Bəs çıxış yolu varmı? Cənubi Qafqazda geridəqalmış sülalə hakimiyyətinin hökm etdiyi yeganə dövlət olmaq alın yazımızdır, yoxsa bir çarə var? Regionun lider dövləti olmaq iddiasında ikən, regionun ən geridəqalmış ölkəsi olmaqla barışmalıyıqmı? Əlbəttə, yox! Çıxış yolu da var. Regionumuzda baş verən demokratik dəyişiklikləri biz də öz millətimizin xilası üçün istifadə etməliyik. Çox aydın şəkildə xalqımıza izah etməliyik ki, ölkəmizdə demokratik dəyişikliklərə nail olmaq artıq həm də milli mübarizədir, Qarabağ uğrunda mübarizədir, gerçək müstəqilliyi qoruyub saxlmağın tək çarəsi, ləyaqətli və qürurlu yaşamağın şərtidir.