Rafiq Manaflı
İlham Əliyevin qəhqəhə ilə gülməyi bacardığını bilirik, şəkillərdə görmüşük. Bəs görəsən ağlamağı necə, bacarırmı? Azərbaycanı təmsil etmək üçün ABŞ-a göndərdiyi səfir ağzını açıb danışanda onu ağlamaq tutdumu? Ya bəlkə anasını ağlar qoyduğu bu dövlətin bu gününə baxıb yenə şaqqanaq çəkir?
Qonşu Gürcüstan 4 tərəfin həsəd apardığı seçki keçirir, bizim dünyanın bir nömrəli dövlətində səfir işləyən diplomatik “dühamız” “şükür edin ki, Səudiyyə Ərəbistanında yaşamırsınız” deyir.
Tünbətün qapının ağzında Gürcüstanla müqayisə etmir e. Sənin bədəvi ərəblə nə işin var, ay diplomatiyamızın dühası, kandarında dayanan düşməninə bax. Heeç nəyi yoxdur – nə nefti, nə pambığı, nə baraması, nə eşşəyi. Nə də çoxmilyardlıq mülki-hərbi büdcəsi. Millət sevgisi var, dili var, dilçəyi var. 20% torpaqlarını zəbt edib abadlaşdırır, əmək haqqı səninkindən yüksək, indi də normal bir seçki keçirib sivil dövlətlərin sırasına qatılır.
20-25 il bundan qabaq Azərbaycan bütün islam dünyasının ən sivil, ən yüksək təhsilli, ən yüksək mədəniyyətli, ən intellektli ölkəsi idi. Hətta Sovetlər İttifaqında Respublika olaraq belə.
Bu rejim bizi, özlərinin “inkişaf” adlandırdıqları analoqsuz talançılıqdan keçirib pambığa, baramaya, eşşək südünə qaytardı. Təhsilsiz qoyub gözü qıpıq etdi bu milləti. Mədəniyyətimizi gözü 300-400 manat “prezident” təqaüdünə dikilmiş “xalq” artistlərinin, Damla-Xumarların, arvad paltarı geyməkdən kişi duruşunu itirmiş klounların ümidinə buraxdı.
Və bu xalqa, bu dövlətə bütün düşmənçiliklərini bu rejim bizim siyasətə qarışmamağımızla, lal-sakit razılığımızla, bir sözlə, bizim dəstəyimizlə həyata keçirib.
Hesab edirəm ki, sükutu pozmağın vaxtı çatıb, çünki daha bıçaq sümüyə dirənib. Biz daha quzu olmaqdan qurtulub yırtıcılaşmalı, vəhşiləşməliyik, çünki cəngəllikdə yaşayırıq. Çünki Əliyevlər bizi mağaralara qaytarıb.