Filmi çəkən türk rejissoru biləsuvarlılardan borc pul alaraq aradan çıxıb
Hələ may ayında Azərbaycan mediasında belə bir xəbər getdi: “Türkiyəli rejissor Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında film çəkir”. Filmin adı da “Siyah sancak: Mübariz” olmalı idi. Amma 3 aylıq “məşqlər”dən sonra filmin çəkilişlərinin dayandırılması xəbəri yayıldı. Məlum oldu ki, rejissor Recai Bozkurt Türkiyəyə qaçıb…
Filmdə əsas rollardan birini – M.İbrahimovun müəllimi Cənnət müəlliməni canlandırmalı olan Günel Mirzəyeva deyir ki, hadisə biləsuvarlılar üçün böyük bir sarsıntı oldu.
“Bizim Milli Qəhərmanı alçatmaq kimi bir şey oldu. Uşağından böyüyünə kimi hamımız sarsıntı keçirtdik”- G.Mirzəyeva deyir.
Günel xanım Biləsuvar rayonunun Xırmandalı kənd Folklor Evinin işçisidir. “Mənə rayon mərkəzindən zəng gəldi ki, türkiyəli rejissor Mübariz İbrahimovla bağlı film çəkir və orada iştirak etməliyik. Recai Bozkurtla tanış olduq, mayın 17-dən etibarən filmlə bağlı adamlar yığmağa başladıq. Avqust ayında filmin çəkilişlərinin başlaması ilə bağlı təqdimat oldu. Əlində də Türkiyə və Azərbaycanın Mədəniyyət Nazirliklərinin icazə məktubu var idi. İnanmadıq ki, bizi aldada bilər. O, bu amacla gəlmişdi ki, kimsə filmin çəkilməsi üçün maliyyə yardımı ayırsın. Film çəkən prodakşının özünün bəlli büdcəsi, texniki avadanlıqları olmalıdır. Amma nə maddi, nə də texniki bir imkanı var idi. 3 ay müddətində gündə birinin evində qalmaqla gününü keçirirdi. Yəni hansısa film çəkmək niyyəti yox idi”.
Qeyd edəkki, avqust ayında Biləsuvarda filmin çəkilişlərə başlamasının təqdimatı zamanı media nümayəndələrinə xəbər verilmişdi ki, bu, rejissorun Azərbaycanla bağlı ikinci layihəsidir. M.İbrahimov haqqında film isə guya Bakı, Quba və Biləsuvarda çəkiləcəkmiş. Amma nədəncə bütün aktyor heyəti Biləsuvar rayonunun sakinləri arasından yığılıb. Təqribən 50-yə yaxın heyətin böyük bir hissəsi Biləsuvarda yaşayan mədəniyyət işçiləri, uşaqlar olub. Hətta mərkəzin göstərişi ilə sıravi Biləsuvar sakinləri də qatılıb. Artıq heyətlə bağlı yaranan şübhələr bizi R.Bozkurtun layihələrinin, xüsusilə Azərbaycanla bağlı birinci layihəsinin nədən ibarət olmasını araşdırmağa vadar etdi. R.Bozkurt “Türk-Divanına” adlı qeyri-peşəkar, bəsit bir mahnıya heç bir professional rejissor işi olmayan klip çəkib.
(Klipi aşağıdakı linkdə təqdim edirik)
Azərbaycan mediası bu klipi və “Siyah sancak: Mübariz”i təqdim edərkən guya bunların “Böyük Anadolu-devleti-Ali” layihəsi çərçivəsində yer alan silsilə filmlərdən biri olduğunu göstərir. Türkiyəli vətəndaş inandırmağa çalışıb ki, “Böyük Anadolu” layihəsi ilə birbaşa prezident Rəcəb Təyyub Ərdoğan maraqlanır, hətta vəsait ayırır. “Böyük Anadolu” layihəsinin nə demək olduğunu, bura nələrin şamil edildiyini öyrənmək üçün Google-da axtarışdan istifadə etdik. www.siyahsancakmubariz.com.tr saytında yer məlumatda Recai “Böyük Anadolu”Layihəsinin ona aid olduğu və bu layihə çərçivəsində silsilə işlər həyata keçirdiyini göstərir.
1985-ci il Malatya doğumlu olan Bozkurt özünü 75 kitabın yazarı kimi təqdim edir. Eyni zamanda sözü və musiqisi özünə aid olan 85 mahnı bəstələyib(?). Onlardan yalnız birinə – “Zafer Halayı” adlı mahnısına internetdə rast gəlmək olur. Mahnının sözləri başdan sona kimi Ərdoğının mədhinə həsr olunub.
Ən maraqlı bir məqam, bir neçə il öncə Malatya mediasında Recainin Malatyada “Siyah Sancak-İntikam” adlı bir filmin çəkilişə başlaması haqqında məlumat getməsidir.Təəssüf ki, Malatya mediası bu məlumatı qeyri-müəyyn səbəbdən internetdən sildiyinə görə filmin mövzusu barədə məlumat əldə edə bilmədik.
Ümumiyyətlə, internet araşdırmalarında Bozkurtun Türkiyədə hər hansı bir film layihəsinə, ciddi bir rejissor işinə rast gəlinmir. O, saxta bir layihə adı altında guya Azərbaycanla bağlı klip çəkib və bundan istifadə edərək Azərbaycan Mədəniyyət Nazirliyini, Biləsuvar İcra Hakimiyyətini, eyni zamanda 50-dan çox insanı inandıra bilib.
Bəs belə adam Azərbaycana necə gəlib?
Malatyada “Siyah Sancak-İntikam”dan Azərbaycanda “Siyah sancak: Mübariz”ə dönüş edən filmdə rejissor köməkisi olan Cahangir Məlikin sözlərinə görə, Azərbaycana necə gəldiyini bilmir, amma əlində həm Mədəniyyət Nazirliyinin, həm də Prezident Admnistrasiyanın məktubu var idi: “ Ona görə də Biləsuvarda ona hər bir şəraiti yaratmışdıq, hətta aktyor olmayan insanları da ətrafımıza toplamışdıq”.
Mədəniyyət Nazirliyinin İcazə məktubu
Türkiyə Mədəniyyət və Turizim Nazirliyinin filmin çəkilişi haqqında icazəsi
C.Məlikin sözlərinə görə, filmin ərsəyə gəlməməsinin səbəbləri çoxdur: “ Ən başlıca səbəbi isə Recai Bozkurtun maddi sıxıntısının olması idi. Yəni filmi çəkmək üçün heç bir maliyyə imkanı yox idi. Bir filmi çəkmək üçün ən azı 5-6 milyon manat vəsait lazımdır. Recainın hansı məqsədlə bura gəldiyini bilmirəm, sadəcə belə bir maliyyəsinin olmadığı məlum oldu.
Filmin konkret heç ssenarisi də yox idi. Bəlkə də olub, amma mən orda ikinci rejissor kimi işləyirdim və onun heç bir ssenarisini görmədim. Halbuki biz həmin ssenarini birlikdə müzakirə etməliydik. O bizə dedi ki, ssenarini müqavilələr bağlanandan sonra təqdim edəcək. Aktyorlarla müqavilə bağlandıqdan sonra da heç bir ssenari tam şəkildə ortada olmadı. Aktyorlarla bağlanan müqavilələr heç notariusdan da keçilmədi. Ona görə də heç bir qurum o müqavilələri tanımırdı”.
Mədəniyyət Nazirliyi iddia edir ki, Recai Bozkurtun ssenarisi olub və həmin layihəyə əsasən, filmin çəkilməsinə razılıq veriblər. Nazirliyin mətbuat xidmətinin rəhbəri İntiqam Humbətov bildirir ki, qəbul olunmuş qaydalara əsasən, müstəqil kino şirkətləri film çəkilməsi ilə bağlı Nazirliyə müraciət edərkən baxılması üçün onlardan yaradıcı heyətin təhsili və s. bağlı sənədlər deyil, çəkəcəkləri filmin ssenarisi tələb olunur: “Ssenariyə mütəxəssislər tərəfindən baxılır və qanunvericiliklə qadağan olunmuş hər hansı məqama rast gəlinmədikdə layihəni təqdim edən şirkətə filmin istehsalı haqqında Nazirliyin məlumatlı olduğunu bildirən məktub təqdim olunur”.
İ.Hümbətov əlavə edir ki, Türkiyə vətəndaşı Recai Bozkurt da Nazirliyə müraciət edərək, öz vəsaiti hesabına Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında film çəkmək istədiyini bildirmiş və ona müvafiq məktubun verilməsini xahiş etmişdir: “ Mövcud qanunvericiliyə uyğun olaraq onun film layihəsinə Nazirlikdə baxılmış və hər hansı narahatlıq doğuracaq məqama rast gəlinmədiyinə görə digər müstəqil yerli və xarici film istehsalçıları kimi R.Bozkurta da çəkilişlər haqqında Nazirliyin məlumatlı olması barədə müvafiq məktub verilmişdir”.
Maraqlıdır ki, həmin ssenarini nə rejissor köməkçisi, nə də aktyorlar görüb. Cahangir Məlik bildirir ki, iyun-avqust ayların ərzində öz təxəyyülü əsasında iki-üç epizod təqdim edib və onlarla məşq edilib: “Amma müqavilə bağlananda narazılıqlar yaranmağa başlamışdı. Çünki orada göstərilən məbləğlər çox kiçik idi. Aktyorlar üçün maksimum məbləğ 2000 manat, minimum məbləğ 500 manat nəzərdə tutulmuşdu.
3 aya yaxın insanlar pavilyona gəldi. Axırda ətrafdakı insanlardan borc pul alıb qaytarmayanda fırıldaqçı kimi tanınmağa başladı. Restorana, hotelə borclu qalmışdı. Rayonda elə insanlar var idi ki, ondan 50-60 manat, eləsi də var 1400 manat borc pul almışdı.
Mən onun davranışlarından belə başa düşdüm ki, o filmin çəkilişləri üçün sponsor tapmaq istəyirdi. Türkiyə ilə Azərbaycanı bu baxımdam müqayisə də elədi. O da heç bir sponsor tapa bilmədi və pis vəziyyətə düşdü”.
Filim çəkilişləri üçün dövlətdən heç bir vəsait nəzərdə tutulmasa da, Biləsuvar İcra Hakimiyyəti müəyyən məsələlərdə öz yardımını əsirgəməyib. Belə ki, rejissorun adından çağrılan qonaqları qəbul edib.
“İrandan və Bakıdan böyük bir texniki heyət gətizdirildi. İranda 15 nəfərlik texniki heyəti Biləsuvara dəvət etdi, amma qarşılamağa çıxmadı. Mən onları öz hesabıma 1 gün saxladım. Sonra dedim ki, mənim maddi gücüm çatmır, rejissoru isə tapa bilmərəm. Bakı Film Studiyasından da gəlmişdilər. Onlar dedi ki, bizə başlanğıc üçün avans ödə, həmin məbləği verə bilmədi”- C.Məlik deyir.
Rejissor köməkçisi bildirir ki, Recai buradan gedəndə Biləsuvarda xeyli adama borclu olub. Hazırda 11 nəfər zərərçəkmiş qismində Türkiyə Səfirliyinə, Bozkurtun vətəni Malatya polisinə və Azərbaycanın hüquq-mühafizə orqanlarına, o cümlədən Biləsuvar Rayon Prokurorluğuna müraciət də ediblər. Onlar şikayətində R.Bozkurtun onlardan borc pul aldıqdan sonra qaçdığını bildirirlər.
“ Əslində, bir müddətdən sonra artıq başa düşmüşdük ki, bu film alınmayacaq, sadəcə kutsal yerimizə toxunmuşdu. Ona görə də biləsuvarlılar olaraq, öz maddi köməkliyimizi əsirgəmirdik. Son ana qədər inanmağa çalışırdıq. Sonda burada bir qıza demişdi ki, sərhədi keçə bilmək üçün buradakıların başını qatsın və filmi guya Türkiyədə çəkəcəkmiş. Ona lazım idi ki, biz şikayət edib ona stop qoydurmayaq”-C.Məlik söyləyir.
“Nə oldu bizə oldu. Ortada 1290 manatım getdi”
Biləsuvar rayon mədəniyyət işçisi, filmdəki aktyorlardan canlandırmalı olan Ceyhun Haqverdiyev isə ən böyük zərərçəkmişlərdəndir. R.Bozkurt ondan 1290 manat pul borc alaraq, qaçıb gedib.
“Mən onun ailəsinə qədər öyrəndim ki, bu insan Biləsuvara necə gəlib çıxıb. Uzun zaman plan qurub ki, Azərbaycana gəlsin, Mübariz İbrahiomovun adından istifadə edib pul qoparsın. Biləsuvara gələn gündən hamıdan kiçik-kiçik borc alamağa başladı. Onun da əlində Mədəniyyət Nazirliyinin icazə kağızı var idi deyə hər kəs güvənirdi.
O Türkiyədə www.siyahsancakmubariz.com.tr saytına müəlliflik hüququ alıb. Həmin sənədlərlə gəlib bizim Mədəniyyət Nazirliyinə ki, “Böyük Anadolu” layihəsi çərşivəsində Mübariz İbrahimovla bağlı filmin çəkilməsinə görə Türkiyədə Mədəniyyət və Turzim Nazirliyindən yalnız ona müəlliflik hüququ verilib. Bizim Mədəniyyət Nazirliyinə deyib ki, guya 300 min dollar büdcəsi də var. Nazirlik də onun bu təqdimatına inanaraq, razılıq məktubu verib.
3 ay ərzində bura insanları yığıb başını qatdı. 14 iranlını Biləsuvara çağırtdırıb aradan çıxdı. Biz Türkiyə Mədəniyyət və Turzim Nazirliyinə zəng elədik. Oradan bizə bildirdilər ki, belə bir proje yoxdur, Recai Bozkurtu da tanımır”.
C.Haqverdiyev deyir ki, Recai onlarla söhbət edəndə onu bura guya Ərdoğanın göndərdiyini bildirirmiş: “Bizi nə ilə çaşdırdı? Deyirdi ki, guya Milli İstihbaratın xətti ilə gəlib. Biz də kənd adamlarıyıq inanırdıq. Deyirdi ki, barəsində çox araşdırma etməyək. Guya erməni və Rusiya bu layihənin gerçəkləşməsini istəmir, maneə yaradır. Guya onun barəsində araşdırma aparsaq, həyatı üçün təhlükə yarada bilər.
Qardaşına zəng edib danışdıq, bizə dedi ki, gedib polisə şikayət edək, burada onun ailəsinin başına açmadığı oyunu yoxdur”.
“Nə oldu bizə oldu. Ortada 1290 manatım getdi” deyən C.Haqverdiyev vurğulayır ki, zərərçəkmiş aktyor heyətinin bir qismi hüquq-mühafizə orqanlarına müraciət etsələr də heç bir xəbər yoxdur. Yalnız 102 xidmətinə zəng etdikdən sonra Biləsuvar rayon Polis İdarəsindən C.Haqveridiyevi çağıraraq izahatını alıblar.
Vüsalə Rüstəmova