Bəzi alimlər az duz təşkil edən pəhrizin də çox duzdan istifadə qədər zərərli olduğunu söyləyirlər. Bəs doğru olan nədir?
Həddən artıq duzdan istifadə edərək sağlamlığımızı təhlükə altına aldığımız barədə xəbərdarlıqlara baxmayaraq duzu sevdiyimiz bir həqiqətdir.
Amma qarşı arqumentlər də, getdikcə, üstünlük təşkil etməkdədir, duzla bağlı onilliklərlə aparılan araşdırmalar yeni suallara səbəb olur.
Duzun əsas maddəsi olan sodium bədənimizdəki maye balansını nizamlamağa, oksigen və qidaların nəqli, sinirlərin elektriklə qarşılıqlı təsiri baxımından əhəmiyyətli rol oynayır.
Amma çox insan bu şeylər üçün lazım olan duzu miqdarından artıq qəbul etdiyi üçün sağlamlıq mütəxəssisləri duzdan istifadəni azaltmağı tövsiyyə edirlər.
Gizli duza diqqət
Böyüklər üçün məsləhət görülən gündəlik duz miqdarı 6 qramdır. Lakin adam başına istifadə olunan duz miqdarı Britaniyada 8, ABŞ-da isə 8,5 qram təşkil edir.
Yeməklərimizə əlavə etdiyimiz duz miqdarı bunun sadəcə dörddə birini təşkil edir. Qalanı isə satın aldığımız çörək, souslar, şorbalar, bəzi xırtıldayan hazır qidalardan gəlir.
Başqa bir problem isə istehsalçıların qida qablaşdırmasında duz miqdarı yerinə sodium miqdarını məlumat olaraq daxil etmələridir. Bu vəziyyət bəzi insanları daha az duzdan istifadə etdiklərini düşünməyə sürükləyə bilər. Halbuki, duz sodium və xlorid ionlarından ibarətdir və 2.5 qram duz 1 qram sodium təşkil edir.
Yüksək təzyiq riski
Araşdırmalar həddən artıq duzun yüksək təzyiqə yol açacağını göstərir. Yüksək təzyiq isə insult və ürək xəstəlikləri ilə əlaqələndirilir.
Duz yediyimizdə bədənimiz su saxlayır və böyrəklərimiz bu suyu süzüb çıxarana qədər təzyiqimiz yüksəlir. Uzun müddətli çox duzdan istifadə damarlarımızı aşaraq xroniki yüksək təzyiqə səbəb olur.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, insultun 62%-i, ürək xəstəliklərinin isə 49%-i yüksək təzyiqdən qaynaqlanır.
35 ili əhatə edən 13 araşdırmanı nəzərdən keçirən mütəxəssislər gündə 5 qram əlavə duzdan istifadənin ürək və damar xəstəlikləri riskini yüzdə 17%, insult riskini isə yüzdə 23% nisbətində artırdığını söyləyirlər.
Duzdan istifadəni azaltmaq bu risklərin də azalması mənasına gəlir.
Təzyiq, digər ürək-damar xəstəliklərilə bağlı risk amilləri və düz istehlakına dair 8 illik məlumat bazasını təhlil edən alimlər müəyyən nəticələr əldə ediblər.
Belə ki, gündəlik duz istifadəsinin 1,4 qram azaldılması təzyiqin düşməsinə, bunun isə ölümcül insultlarda 42%, ürək xəstəliklərinə bağlı ölümlərdə isə 40% nisbətində azalmağa gətirib çıxardığı məlum olub.
Duz həssaslığı fərqlidir
Lakin mütəxəssislər bu cür araşdırmalarda az duz istehlakının təsirini digər qidalanma və yaşayış tərzi vərdişlərindən ayırmağın çətin olmasında birləşirlər. Yəni duz istifadəsinə diqqət edən insanlar eyni zamanda bütöv olaraq daha sağlam qidalanmağa, daha artıq məşq etməyə, spirtli içkidən və siqaretdən istifadə etməməyə diqqət edə bilərlər və risklərdəki azalma bunlarla da bağlı ola bilər. Bununla belə aradakı səbəb-nəticə əlaqəsini müəyyən edəcək şəkildə, az duz istifadə edənlərlə çox duz istifadə edənləri qarşılaşdıran uzun müddətli araşdırmalar mövcud deyil.
Amma müşahidələrə əsaslanan məlumatlar olduqca çoxdur. Məsələn, 1960-cı illərdə, Yaponiyada duz istehlakının azaldılması üçün dövlət tətəfindən başladılan kampaniyanın sonunda gündəlik duz istehlakı 13,5 qramdan 12 qrama düşən zaman yüksək qan təzyiqi hallarında azalma və insultla bağlı ölümlərdə 80% azalma qeydə alınmışdı.
Finlandiyada isə 1970-ci illərdə gündəlik duz istifadəsi 12 qram olarkən, 2002-ci ildə bu rəqəm 9 qrama endirilmiş və eyni zamanda insult və ürək xəstəliklərilə bağlı ölümlərdə 75-80% azalma müşahidə edilmişdi.
Lakin işi qarışdıran digər bir amil də duz istehlkının təzyiq və ürək sağlamlığına təsirinin insandan-insana dəyişməsidir.
Araşdırmalar duz həssaslığının etnik mənşə, yaş, bədən kütlə indeksi, ümumi sağlamlıq vəziyyəti və ailədə yüksək təzyiq riski kimi amillərə bağlı olaraq insana görə dəyişdiyini göstərir. Bəzi araşdırmalarda duza qarşı həssaslığı yüksək olan insanlarda duzla əlaqəli yüksək təzyiq riskinin daha çox olduğu müşahidə edilib.
Az duz da risklidir?
Bəzi alimlər isə bu gün az duza əsaslanan qidalanmanın da eyni şəkildə yüksək təzyiqə səbəb olacağını söyləyirlər. Keçmiş məlumatların təhlilinə əsaslanan bir araşdırmada az duz istehlakı ilə ürək və damar xəstəlikləri və bunlara bağlı ölümlər arasında əlaqə olduğu müşahidə edilib. Tədqiqatçılar gündə 5,6 qramdan az, 12,5 qramdan artıq duz istehlakının sağlamlığa mənfi təsir göstərdiyi nəticəsinə gəliblər.
170 min insanı əhatə edən başqa bir araşdırmada da buna bənzər nəticələr əldə olunub. Burada gündə 7,5 qramdan az duz istifadəsi “aşağı” olaraq xarakterizə edilir və bu insanların yüksək təzyiq problemi olub-olmamasından asılı olmayaraq ürək və damar xəstəlikləri və bunlara bağlı ölüm riskinin gündə 12,5 qram qədər “orta hesabla” duz istifadə edənlərlə müqayisədə artdığı müşahidə edilib.
Araşdırmanın rəhbəri Ontario Universitetinindən olan Andrew Mente duz istehlakını yüksək səviyyədən “orta” səviyyəyə endirməyin yüksək təzyiq riskini azaltdığı nəticəsinə gəlib. Duz istifadəsini “aşağı” səviyyədən “orta” səviyyəyə çıxarmaq da eyni şəkildə təsir edə bilərdi.
Yəni digər əsas qida maddələrində olduğu kimi burada da yüksək səviyyədə istifadə zəhərlənməyə, aşağı səviyyədə istifadə isə çatışmazlığa səbəb olur.
Lakin bu fikirlə hər kəs razılaşmır. Bəzi mütəxəssislər duzu azaltmağın sadəcə artıq duz istifadə edən insanlarda deyil, hər kəs üzərində təzyiqi aşağı salacaq təsiri olduğunun mübahisə edilməyəcəyinə inanırlar. Bəziləri isə artıq düz istifadəsinin təzyiq üzərindəki mənfi təsirlərini kalium cəhətdən zəngin meyvə, tərəvəz, çərəz və süd məhsullarına əsaslanan bir qidalanma ilə aradan qaldırılacağına inanırlar.
Duzdan tamamilə qaçmaq əvəzinə, yiyəcəklərin təşkil etdiyi gizli duzun fərqində olmağın daha əhəmiyyətli olduğu vurğulanır. Bu sahədə daha çox araşdırmaya ehtiyac olduğu bildirilərək, artıq duzun zərərli olduğundan yola çıxıb duzdan tamamilə imtina etməyin lazım olmadığı ifadə edilir.