Beyləqan rayon Məhkəməsi ölkə daxilində blok edilmiş kriminal.az saytının baş redaktoru Anar Məmmədova 10 gün vaxt verib. Jurnalist həmin vaxtda mülki defamasiyaya görə təzminat ödəməlidir, yoxsa, o, məhkəmə qərarını icra etməməyə mühakimə oluna bilər.
A.Məmmədovun sözlərinə görə, rəhbəri olduğu saytı bir neçə ay əvvəl Beyləqan rayonunun Təzəkənd kəndində müəllimə işləyən Gülnar Yusifovanın iddiası əsasında cərimələyiblər.
“2016-cı ilin sentyabrında ajan.tv xəbər saytında həmin müəllimə haqında xəbər yayılmışdı. Həmin xəbəri əksər xəbər saytları da yaymışdılar. İctimai rezonans doğuran xəbər idi, oktyabr ayının 10-da həmin xəbəri kriminal.az saytında da ilkin mənbəyə istinadən yaydıq. Üstündən bir neçə ay keçəndən sonra müəllimə ilkin mənbəni yox, kriminal.az və xəbəri yaymış daha 4 saytı məhkəməyə verdi, saytların cərimələnməsini tələb etdi”, deyən jurnalistin sözlərinə görə, Beyləqan rayon Məhkəməsi iddianı təmin edib. 5 saytın üzərinə iddiaçıya 40 min manat ödəmək vəzifəsi qoyub.
Rayon məhkəməsinin qərarından verilən şikayətləri isə nə apellyasiya instansiyası, nə də Ali Məhkəmə təmin edib.
“Kütləvi informasiya vasitələri haqqında” qanunda aydın şəkildə yazılıb ki, jurnalist, KİV redaksiyası başqa mənbələrdə yayılmış yazıların istinadla dərc edilməsinə görə birmənalı olaraq məsuliyyətdən azad olunur. Ancaq məhkəmələrimizin heç biri bunu nəzərə almadı. Artıq həmin qərarlardan Avropa Məhkəməsinə şikayət göndərmişik”, deyən jurnalist yerli məhkəmə qərarlarının isə icraya yönəldiyini bildirib.
“Beyləqan məhkəməsi xəbərdarlıq göndərib. Orda deyilir ki, 10 gün işində cəriməni ödəməliyəm, yoxsa, məhkəmə qərarının icra edilməməsinə görə mühakimə oluna bilərəm”.
A.Məmmədov həmçinin qeyd edib ki, yeganə gəlir yerinə – rəhbəri olduğu sayta artıq bir neçə aydır ki, ölkə daxilində blok qoyulub, cəriməni ödəmək imkanında deyil.
Məhkəmə qərarını icra etməməyin cəzası nədir?
Azərbaycanda məhkəmə aktlarını icra etməməyə görə, cinayət məsuliyyəti nəzərdə tutulur.
Cinayət Məcəlləsinin 306-cı maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarını qərəzli olaraq icra etməmənin ən yüngül cəzası 2 min manatdan 4 min manatadək cərimədir.
Bu maddədə nəzərdə tutulan ən ağır cəza isə üç ilədək müddətə azadlıqdan məhrumetmədir.
A.Məmmədovun rəhbəri olduğu criminal.az saytına Azərbaycan daxilindən giriş bir neçə ay əvvəl məhkəmə qərarı olmadan bloklanıb.
Yayda Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə sui-qəsdlə əlaqədar bəzi informasiya resursları ilə bağlı hüquqi tədbirlərin görüldüyünü bildirmişdi. Prokurorluğun açıqlamasında vurğulanırdı ki, Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü ( vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlanıb. Həmin vaxt kriminal.az saytı da “çağırış xarakterli, ictimaiyyəti çaşdıran” məlumatlar paylaşmaqda günahlandırılırdı.
İyulda Anar Məmmədov, xanımı və qayınatası Bakı Şəhər Prokurorluğunda dindirilmişdilər. Ardınca ölkədə bir neçə saytın, o cümlədən “criminalaz.com“un girişinə ölkə daxilindən məhdudiyyət qoyulub(contact.az).