Astara şəhər Səməd Vurğun küçəsi ev 9, mənzil 28 ünvanında qeydiyyatda olan Bağırov Famil Zaidağa oğlu qarşılaşdığı bir neçə problemlə bağlı saytımıza müraciət edib. Sadaladığı hər üç problemdə hüquq mühafizə orqanlarının səriştəsizliyini qeyd edib. Media vasitəsi ilə ölkə başçısına müraciət edərək qanunsuzluqlara son qoyulmasını istəyib.
Bağırov Famil ilk öncə bildirib ki, 2016-cı ilin may ayının 4-də atası Bağırov Zaidağa Sərhəd Xidmətinin zabiti Nadirov Samirin idarə etdiyi avtomobillə vurulub. Sürət yüksək olduğundan atası hadisə yerində dünyasını dəyişib. Astara rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Şikayətçinin bildirdiyinə görə işi aparan müstəntiq Bəhruz Qulamov cinayət işinə xitam verib. Onun iddiasına əsasən bu məsələdə Samir Nadirov müstəntiqə və o zamankı Astara rayon Prokuroru Zakir Saatova külli miqdarda rüşvət verib. Hadisə ərəfəsində onun anasından barışıq ərizəsi alınsa da, sonradan anası aldanılmasını dərk edərək şikayətçi olduğunu bildirb. Lakin bu nəzərə alınmayıb.
Şikayətçinin toxunduğu ikinci məsələ əmisi Bağırov Elmanın onlara məxsus torpaq sahəsini və tikilini ələ keçirməsi ilə bağlıdır. Bağırov Famil iddia edir ki, atasının ölümündən sonra əmisi qeyri-qanuni yolla onların mülkinə sahib çıxıb. Bu işdə Astara rayon İcra Hakimiyyəti, Astar Bələdiyyəsinin rolu olduğunu da bildirib. Həmin məsələ ilə bağlı məhkəməyə müraciət olunsa da, Astara rayon məhkəməsi onları qane etməyən qərar çıxarıb. Şirvan Apellyasiya məhkəməsi isə qərarı qüvvədə saxlayıb. Hazırda iş kasasiya instansiyasındadır.
Bağırov Familin üzləşdiyi digər məsələ ailədaxili problemlə bağlıdır. Bildirdiyinə görə, o, həyat yoldaşından boşanıb. Məhkəmə onun iştirakı olmadan, onun gəlirləri nəzərə alınmadan ən yüksək məbləğdə aliment kəsib. Buna baxmayaraq övladı ilə görüş imkanı saxlanılmayıb. F. Bağırov məsələ ilə bağlı ona təzyiqlər olduğunu da bildirib. Həbslə hədələndiyini deyib. Buna görə özünə xəsarət yetirərək intihara cəhd etdiyini də qeyd edib.
Şikayətçinin iddiaları ilə bağlı adı çəkilənlərin mövqe bildirmək hüququ saxlanılır.
azadliq.info