Mirtağı Əsədov ailəsinə zəng edib ki, onu Qazax polisindən Bakıya, “bandotdel”ə aparırlar; Bakda isə onu “gördüm” deyən yoxdur
Gürcüstan Müsəlmanları Ali Dini idarəsinin rəhbəri Mirtağı Əsədov Bakıya, burada yaşayan ailə üzvlərini görmək üçün gələrkən yoxa çıxıb. Ailəsi və vəkili onun barəsində məlumat ala bilmir.
Həyat yoldaşı Şəhanə Hacıyeva “BBC Azərbaycanca”ya deyib ki, Mirtağı Əsədov noyabrın 7-də Bakıya gələn zaman, günorta saatlarında Sınıq Körpü Gürcüstan-Azərbaycan sərhəd keçid məntəqəsində saxlanıb və Qazax polisinə, oradan da Bakıya – Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (“bandotdel”) aparılıb. Aparıldığı yer barədə Mirtağı Əsədovun özü telefonla həyat yoldaşına xəbər verib. “O, Qazax polis şöbəsinə aparılıb, oradan isə özü telefonla xəbər verib ki, onu Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparırlar”, – deyə Şəhanə Hacıyeva bildirib.
Şəhanə Hacıyeva əlavə edib ki, noyabrın 8-dən indiyədək Mirtağı Əsədovla əlaqə saxlaya bilməyib və rəsmi qurumlar da heç bir məlumat vermir.
Şəhanə Hacıyeva Bakıda yaşadığından Mirtağı Əsədov ailəsi ilə görüşmək üçün vaxtaşırı bura gəlirmiş.
Şəhanə Hacıyeva Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə getdiyini və həyat yoldaşının saxlanma səbəbləri ilə maraqlandığını, ona Nərimanov məhkəməsinə getməsinin məsləhət görüldüyünü deyib.
Əsədovun həyat yoldaşı Bakının Nərimanov rayon məhkəməsinə müraciət etsə də, ordan da konkret məlumat ala bilməyib: “Mənə şifahi dedilər ki, polisin qanuni əmrinə tabe olmamaqla bağlı cəza alıb, amma nə qədər cəza alıb, harada saxlanıb, bir söz demədilər”.
Şəhanə Hacıyevanın dediyinə görə, Mirtağı Əsədovun vəkili Elçin Sadıqov da onu axtarıb, amma heç bir təcridxanada tapa bilməyib.
Hacıyeva ərinə işgəncə verilməsindən narahatdır: “Məncə, onu göstərmək istəmirlər ki, hər hansı bir mərhələ keçsin. Deməli ortada ciddi təziqlər var”.
Vəkil Elçin Sadıqov da müvəkkili ilə görüşə bilmədiyini, daha doğrusu, saxlanıbsa, yerini müəyyənləşdirə bilmədiyini söyləyib.
Mirtağı Əsədov bir neçə il öncə Azərbaycan vətəndaşlığından imtina edib və Gürcüstan vətəndaşlığını qəbul edib.
Bakının Nərimanov rayon məhkəməsindən “BBC Azərbaycanca”ya Mirtağı Əsədov adlı şəxs barəsində hər hansı məhkəmə hökmünün olmadığı deyilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən də bildiriblər ki, onlarda Mirtağı Əsədovla bağlı heç bir məlumat yoxdur.