Milli Şura hakimiyyətin Qarabağ şəhidləri ailələrinə və Qarabağ qazilərinə qarşı alçaldıcı münasibətinə etiraz bəyanatı qəbul edib. Bəyanatda deyilir:
Azərbaycan siyasi hakimiyyətinin son 25 il ərzində həyata keçirdiyi, korrupsiyaya, inhisarçılığa, tayfa, klan və ailə maraqlarının milli və dövlət maraqları üzərində üstünlüyünə əsaslanan, insan hüquq və azadlıqlarının kobud şəkildə boğulmasına yönələn avtoritar idarəçilik siyasəti dar bir çevrəni çıxmaqla bütün ölkə vətəndaşlarının həyatına ağır zərbələr vurub. YAP rejimi ölkə iqtisadiyyatını böhran həddinə gətirməklə, Azərbaycan milli valyutasını dəfələrlə dəyərsizləşirməklə hər bir azərbaycanlının yaşam şərtlərini ən minimal həyat standartların altına atmışdır. Kəskin təbəqələşmə nəticəsində ölkədə sərvətləri dünyanı heyrətə gətirən bir ovuc məmur-oliqarx zümrəsi və əhalinin böyük əksəriyyətini təşkil edən, öz elementar qida tələbatını belə qarşılaya bilməyən, yaxşı halda 200 manat maaş və pensiya ilə həyat uğrunda mücadilə aparan yoxsullar ordusu yaranmışdır. Lakin bütün ölkə vətəndaşlarına qarşı həyata keçirilən bu soyğunçuluq və talan siyasəti çərçivəsində də əhalinin bir təbəqəsinə münasibətdə Əliyev rejiminin davranışları öz qeyi-insani mahiyyətilə, xüsusilə, ikrah doğurur. Söhbət Vətən uğrunda savaşda əziz canını qurban verən şəhidlərimizin ailələrələrinə və Qarabağ qazilərinə olan alçaldıcı və qeyri-insani münasibətdən gedir.
20 ildən artıq bir müddətdir ki, şəhid ailələri Vətən savaşında itirdikləri doğmalarına görə el arasında “qanpulu” deyilən və 11 min manat təşkil edən dövlət müavinətini ala bilmirlər, 20 may 1997- ci il tarixli “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Qanunun tələbləri bugünədək icra edilmir. Azərbaycan manatı devalvasiyaya uğradılaraq iki dəfə yarım dəyərsizləşəndən, 20 illik məhrumiyyətlərdən, şəhid valideynlərinin böyük bir hissəsi həyatını dəyişəndən və Azərbaycan müxalifətinin davamlı, ardıcıl və sərt tənqidlərindən sonra, 2018-ci ilin 19 aprel tarixində, nəhayət ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” prezident fərmanı imzalandı, ictimaiyyətə bu problemin üç ay ərzində həll ediləcəyilə bağlı vəd verildi. Lakin bugünədək 2500 şəhid ailəsi müxtəlif yollarla aldadılaraq həmin vəsaiti əldə edə bilməyib. Bu böyük haqsızlığa etiraz edərək dəfələrlə Milli Məclis və Prezident Administrasiyası qarşısına toplaşan şəhid anaları və şəhid övladlarına qarşı dövlət hakimiyyət orqanları təmsilçiləri tərəfindən fiziki zor tətbiqi də daxil olmaqla ləyaqətsiz və alçaldıcı münasibət sərgilənib. Vətən uğrunda doğmalarını itirmiş, bunun qarşılığında heç bir dövlət qayğısı görməmiş, öz qanuni haqlarını tələb edən şəhid ailələrinə qarşı bu davranış Azərbaycan hakimiyyətinin antimilli mahiyyətini bütün çılpaqlığı ilə ortaya qoyur. Müdafiə, Müdafiə Sənayesi və Fövqəladə Hallar Nazirlikləri xəttilə dövlət büdcəsindən- hər birimizin cibindən ordumuzun və əsgərlərimizin təminatı üçün ayrılan milyardlarla vəsaiti Britaniya ofşorlarındakı şəxsi hesablara köçürən və bunun qarşılığında cəmi 15 milyon manat “qanpuluna” görə şəhid analarının on illərdir süründürən və ləyaqətini alçaldan hakimiyyət, heç şübhəsiz ki, bu əməlinə görə Azərbaycan xalqı, tarix və qanun qarşısında cavab verməli olacaq.
Qarabağ qazilərini bir həftəlik dərmanlarına belə çatmayan müavinətə, əslində isə insan şəxsiyyətini alçaldan sədəqəyə məhkum etmək Azərbaycan hakimiyyətinin Azərbaycan xalqı qarşısında ən böyük cinayətlərindən biri kimi dəyərləndirilməlidir. Hakimiyyətə yiyələnməsilə ilə 33 döyüş batalyonunu tərxis etməklə Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilanın erməni-rus hərbi birləşmələri tərəfindən işğalına şərait yaradan, lakin 25 il ərzində 150 milyarddan çox neft sərvətinə sahiblənməsinə baxmayaraq həmin rayonlarının bir kəndini azad etməyən iqtidarın Qarabağ şəhidlərinə və qazilərinə münasibəti heç bir mənəviyyat meyarları ilə dəyərləndirilə bilməsə də, məntiqi baxımdan anlaşılandır. Azərbaycan hakimiyyətinin heç vaxt Qarabağ adlı dərdi və Qarabağı azad etmək kimi səmimi niyyəti olmayıb və olmayacaq!
Demokratik Qüvvələrin Milli Şurası olaraq biz Azərbaycan hakimiyyətindən Azərbaycanın təkcə çoxmilyardlıq sərvətlərinə deyil, problemlərinə də sahib çıxmağı, dövlət və xalq qarşısında öz borcunu və öhdəliklərini unutmamağı, şəhid ailələrinin və Qarabağ qazilərinin sosial durumunun dövlət himayəsinə götürülməsini tələb edirik.
1. Şəhid ailələrinə ödənilməli olan müavinət problemi ən qısa zamanda həll edilməli, onlara qarşı olan insan ləyaqətini alçaldan münasibətə son qoyulmalıdır.
2. Bu müavinətlər bir neçə dəfə artırılmalı, onların miqdarı işğalçı Ermənistanda olduğu səviyyədən (21 min dollar- 36 min manat) aşağı olmamalı və birinci qrup əlili olan Qarabağ müharibəsi qazilərinə də eyni həcmdə şamil edilməlidir.
3. Şəhid ailələri və və Qarabağ qazilərinə dövlət büdcəsindən hər ay ödənilən müavinətlərin məbləği artırılaraq onların sosial ehtiyaclarını qarşılayacaq səviyyədə müəyyən edilməlidir.
Milli Şura bəyan edir ki, Azərbaycanın hazırki antimilli hakimiyyəti bu zəruri addımları atmasa belə, Azərbaycanda xalqımızın əzmi və iradəsilə qurulacaq milli-demokratik hakimiyyətin qəbul edəcəyi ilk qərarlar məhz şəhid və qazilərimizə layiqli qiymətlərinin verilməsilə bağlı olacaq.