Aleksey Navalnının ölkədən çıxışına qoyulan qadağa ləğv edilib. Məhkəmə qərarlarının icrası xidməti bu addımı Navalnının ödənməməiş 2.1 mln. rubl cəriməsinin tam ödənilməsindən sonra atıb. Rəsmi məlumatda belə göstərilir. Navalnı isə bundan əvvəl açıqlama vermişdi ki, deyilən məbləğ artıq ödənilib. Navalnı bildirib ki, lazım olan vəsaiti onun üçün iş adamı Yevgeni Çiçvarkin borc olaraq ödəyib. Borc Avropa Məhkəməsinin Navalnının şikayətləri üzrə çıxaracağı qərarla ona ödənəcək kompensasiya ilə qaytarılmalıdır. Navalnı 2012-2014-cü illər ərzində özünə qarşı yol verilmiş qanun pozuntuları ilə bağlı 7 hal üzrə Avropa Məhkəməsinə şikayət göndərib. Onun şikayətlərinə noyabrın 15-də Avropa Məhkəməsinin böyük palatasında baxılacaq. Navalnı da noyabrın 13-də məhz bu iclasda iştirak etmək üçün Strasburqa yola düşmək istəyərkən sərhəddə saxlanılmışdı.
***
Rusiya müxalifət lideri Aleksey Navalnı çərşənbə axşamı günü sərhəddə saxlanıb və onun ölkəni tərk etməsinə qadağa qoyulub. Navalnı Fransada Avropa İnsan Hüquqları Məhkəməsində dinləmələrdə iştirak etmək üçün səfər edirdi.
Müxalifət lideri bloq yazısında bildirib ki, o, Avropa İnsan Hüquqları Məhkəməsində onun dəfələrlə saxlanmasının siyasi motiv daşıdığına dair qərarın çıxarılması gözlənilən dinləmələrdə iştirak etməli idi. Navalnı sərhəd mühafizəçiləri tərəfindən saxlanıb və ona məhkəmənin qərarı ilə Rusiyanı tərk etmək icazəsi verilmədiyi bildirilib.
“Putin rejimi fikirləşir ki, məni qərarı eşitmək üçün Strasburqa uçmağa qoymamaqla nəsə dəyişəcək”, Navalnı Twitter səhifəsində yazıb.