“Kaşıkçı hadisəsinin qeydləri əsl fəlakətdir, səudiyyəli kəşfiyyatçı da dinləyib şoka düşdü”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Parisdən ölkəsinə qayıdarkən jurnalistlərə deyib.
“Kəşfiyyatımız heç nəyi gizlətməyib, Camal Kaşıkçının Səudiyyə Ərəbistanının səfirliyində öldürülməsinə dair səs yazılarını Səudiyyə rəsmiləri də daxil olmaqla, istəyən hamının dinləməsinə imkan yaratdıq”, deyə Ərdoğan qey edib.
O bildirib ki, Qərb ölkələrin liderlərinin bu cinayətdən ciddi şəkildə narahat olduqlarını hiss edir.
“Səs yazıları əsl dəhşətdir. Hətta Səudiyyə kəşfiyyatçısı yazıları dinlədiyi zaman “güman ki, bu şəxs heroin qəbul edib, belə şeyi ancaq heroin qəbul etmiş biri edə bilər” deyəcək qədər şoka düşdü. Ortada belə bir həqiqət var. Buna rəğmən, hadisənin yönünü dəyişdirmək istəyənlər var”i, – deyə Türkiyə prezident bildirib.
Səudiyyə Ərəbistanı baş prokuroru Ankaraya gələrək türkiyəli həmkarı ilə görüşdüyünü qeyd edən Ərdoğan əlavə edib ki, bu işlə məşğul olan baş prokurorun işin açılmasında maraqlı olmadığını hiss edir.
“Vəliəhd şahzadə “mən hadisəyə aydınlıq gətirəcəm, lazım olan addımları da atacam” deyir. Biz də səbrlə gözləyirik. Ortada bir jurnalistin qətli var, bu hadisənin açılması, günahkarların tapılması lazımdır. Günahkar Səudiyyədə bu məsələ ilə bağlı həbs olunmuş 18 nəfərin arasındadır. Bunlardan kənarda qalan kimdir? Tapşırığı verən. Onlara bu cinayəti törətmək üçün tapşırığı verən şəxs də aşkar edilməlidir”, – deyə Ərdoğan bildirib.