Dirçəliş Günü ilə bağlı Şəhidlər Xiyabanını ziyarət etmək istəyərkən Milli Şura və AXCP fəallarının, sədrləri Cəmil Həsənli və Əli Kərimli başda olmaqla, polis zorakılığına məruz qalması və həbs olunması dünya mediasında da dərhal işıqlandırılıb. Dünyanın ən böyük xəbər agentliklərindən olan “Associated Press”ə istinadən onlarla xarici media orqanı, o cümlədən ABŞ-ın Vaşinqton Post və Nyu York Tayms kimi nüfuzlu qəzetləri bu hadisəni xəbər edib.
Xəbərdə yazılır ki, Azərbaycan müxalifətinin liderləri – Milli Şura sədri Cəmil Həsənli və AXCP sədri Əli Kərimli tərəfdarları ilə birlikdə Milli Dirçəliş Günü münasibətilə Şəhidlər Xiyabanın ziyarət etməyə və şəhidlərin məzarı üstünə gül qoymağa gediblər. Şəhidlər Xiyabanı belə günlərdə adətən maneəsiz ziyarət olunur. Lakin bu dəfə ziyarətə gedənlərə polis imkan verməyib və onları həbs edib.