16 Saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist Əfqan Muxtarlının telefonla danışıq hüququnun məhdudlaşdırıldığı bildirilir.
Bu haqda jurnalistin həyat yoldaşı Leyla Mustafayevaya bildirib.
Onun sözlərinə görə, Ə.Muxtarlı ilə telefonla danışa bilib.
“Deyir ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyi onun ailəsi, yaxınları ilə telefon əlaqəsini məhdudlaşdırıb”, deyən L.Mustafayevanın sözlərinə görə, Ə.Muxtarlıya telefonla həftədə iki dəfə danışmağa icazə verirlər.
“Həftədə cəmi iki dəfə zəng etmək imkanı olur. Ona deyiblər, hər dəfə yalnız 1 nəfərlə danışa bilər. Səbəbini soruşub, deyiblər ki, tapşırıq Prezident Aparatından gəlib”, jurnalistin xanımının sözlərinə görə, Ə.Muxtarlı belə söyləyib.
Penitensiar Xidmətdən isə Ə.Muxtarlının telefonla danışıq hüququnun məhdudlaşdırılması haqda deyilənlərə münasibət öyrənmək mümkün olmayıb.
Jurnalist Əfqan Muxtarlı Gürcüstandan oturum izini alıb. Ancaq ötən il mayın 29-u müəmmalı şəkildə Azərbaycanda həbs edilib. Dediyinə görə, Tbilisidə saxlanıb, ona işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.
Bakıdakı rəsmi qurumlarsa onun sərhədi keçərkən Azərbaycan ərazisində saxlanıldığını, bu zaman hüquq-mühafizə əməkdaşlarına müqavimət göstərdiyini bəyan ediblər.
Ə.Muxtarlı hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə, sərhədi qanunsuz keçməkdə və qaçaqmalçılıqda ittiham olunur.
O, son iki ildə Gürcüstanda yaşayırdı. Azərbaycanda təqib olunduğunu bildirən jurnalist bir sıra araşdırma yazılarının müəllifi idi.
Əfqan Muxtarlı ilə bağlı Gürcüstanda da tədqiqat aparılır. İş əvvəlcə bu ölkənin Daxili İşlər Nazirliyində olub, sonra prokurorluğa verilib. Gürcüstan baş naziri və daxili işlər naziri Əfqan Muxtarlı olayında yerli hüquq mühafizə orqanlarının iştirakını təkzib ediblər. Bununla belə istintaq yekunlaşana qədər Daxili İşlər Nazirliyi və gömrükdə iki şəxs tutduğu vəzifədən uzaqlaşdırılıb(turan).