Ali Məhkəmə Şəki Apelyasiya Məhkəməsinin iki qərarını ləğv etdi
Noyabrın 20-də Ali Məhkəmədə “Azadlıq” qəzetinin əməkdaşı Elçin İsmayıllının kassasiya şikayətinə baxılıb. Qərara əsasən, E.İsmayıllının ittiham olunduğu üç maddədən ikisinə – Cinayət Məcəlləsinin 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 311 (rüşvət alma) maddələri ilə ittihamlara xitam verilib. Jurnalistin üzərində 182-ci maddə (hədə-qorxu ilə tələb etmə) saxlanılıb. Onunla da 7 il cəza təyin edilib.
Məhkəmədə jurnalistin vəkili Elçin Sadıqov ona qarşı ittihamların hamısının əsassız olduğunu bildirərək, bəraətverici əsaslarla onun barəsində cinayət işinə xitam verilməsini istəyib. Deyib ki, zərərçəkmiş qismində tanınan şəxslərin özləri də E.İsmayıllının onlardan hədə-qorxu ilə pul tələb etmədiyini bildiriblər. Prokuror isə öz növbəsində buna qarşı çıxıb və qərarın dəyişdirilmədən saxlanmasını istəyib. Qısa müşavirədən qayıdan hakimlər Elçin İsmayıllı ilə bağlı hökmün dəyişdirildiyini elan ediblər.
E.İsmayıllı 2017-ci il fevralın 17-də həbs olunub. O, rayondakı vəzifəli şəxslərdən barələrində rüsvayedici məlumat yaymaq hədəsi ilə pul tələb etməkdə, rüşvət almaqda ittiham olunub.
Elçin İsmayıllı özünü təqsirli bilmir və icra başçısının sifarişilə şərlənərək həbs edildiyini söyləyir.
E.İsmayıllı Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilmişdi. Şəki Apelyasiya Məhkəməsi də hökmü qüvvədə saxlamışdı.
azadliq.info