Rafiq Manaflı
Hakimiyyət böyük gücdür. Ağıllı insan bu gücü xalqının rifahının yüksəldilməsinə, dövlətində ədalətin, hüququn möhkəmləndirilməsinə yönəldir. Bilir ki, heç bir hakimiyyət əbədi deyil, bir gün özü elə o dövlətin sıravi vətəndaşı olacaq.
Avtoritar hakimiyyət isə mütləq gücdür və o güc yalnız hakimiyyətin özünün rifahına xidmət edir, o rifaha mane ola biləcək hər şeyi məhv etməyə yönəlir. Çünki hakimiyyəti zəbt edənlərə elə gəlir ki, dünya onlarla başlayıb onlarla da qurtaracaq.
Avtoritar idarə üsulları müxtəlifdir, hakimiyyəti qəsb edənlərin xarakterindən asılı olaraq bir-birindən çox fərqlənirlər. Azərbaycan avtoritarizmi bu idarəçilik modellərinin ən eybəcəridir. Çünki çox zəif, xırda, oğru insanların hakimiyyətidir. Və bu zəifliklərini xalqı əzməklə, onun düşünən hissəsi üçün ölkəni Osvensimə, Buhenvalda çevirməklə pərdələmək istəyir. Anlamır ki, o göydən düşməyib, ondan əvvəl də bu yolu gedənlər olub, yəqin ki, sonra da olacaq və hamısının aqibəti bir olub – faciə.
İnsan ki, bəşəri dəyərləri əxz etdi, millətinin, xalqının taleyini öz taleyi bildi, onun dünyası genişdir. Onu həbsə atmaqla imkanlarını məhdudlaşdırmaq olar, azadlığını isə bağlı qapı arxasında saxlamaq əsla mümkün deyil, onun idrak qapısı açıqdır.
Allah xislətinin, nifrətinin, hikkəsinin, tamahının məhbusu olanların qapısını açsın.