O, dələduzluqda və sənəd saxtalaşdırmaqda ittiham olunur
Müsavat Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqbəyli həbs olunub. Bu haqda Müsavat başqanın müavini Səxavət Soltanlı məlumat yayıb.
“Səbail Rayon Məhkəməsi 3 aylıq həbs-qətimkan tədbiri seçib. Həbsin detallarını dəqiqləşdiririk. Ətraflı məlumat olacaq”, Səxavət Soltanlı özünün feysbuk səhifəsində yazıb.
Aldığımız xəbərə görə, noyabrın 21-də saxlanılan Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Sadıqov Cinayət Məcəlləsinin 178.2.1 (qabaqcadan əlbir olan qrup tərəfindən dələduzluq) və 320-ci (saxta sənəd hazırlama və ya istifadə) maddələri ilə ittiham olunur. İttihama görə, o, kreditlə aldığı “Niva” markalı maşına görə banka borclu qaldığı 5100 manatın banka tam ödənilməsi barədə saxta arayış düzəldib. Həmin arayışı DYP-yə verib, maşını girovluqdan çıxarıb öz adına keçirib, sonra da satıb.
Müsavatçı isə bütün bunların yalan olduğunu bildirib. Deyib ki, “Nikoil Bank”dan kreditlə maşın götürüb, bir hissəsini ödəyib. 2017-ci ilin yanvarında yolda gedəndə bankın əməkdaşları borca görə maşının qarşısını kəsib. Həmin vaxt 8100 manat borcu qalıbmış:
“Getdim banka, dedilər ki, faizsiz borcun məbləği 5100 manatdı. Onu ödə, faizləri istəmirik, keçir adına. Mən də qohumlardan borc tapıb ödədim, o arayışı aldım. İndi deyirlər, o arayış saxtadır. Saxtadırsa da, onu bankdan veriblər”.
Ekspertiza arayışdakı möhür və imzanın saxta olmadığına dair rəy verib. Ancaq qeydiyyat nömrəsində uyğunsuzluq var.
Müsavatçının qardaşı Vasiq Sadıqbəyli isə həbsin siyasi motivli olduğunu bildirib: “Qardaşımın 2 il əvvəl aldığı avtomobil kreditdə olub, amma sonra “Nikol Bank”dan kreditin ödənilməsi barədə sənəd alıb. Maşını alandan 3-4 ay sonra satıb və DYP də bununla bağlı sənədləri təsdiqləyib. Bir neçə gün öncə Daxili İşlər Nazirliyi çağırıb ki, “Nikol Bank”da mənimsəmələr var, krediti kimə ödəmisən? Əbülfəz Sadıqov ödəmədən 2 il ötdüyündən adamların sifətini unutduğunu deyib. Qardaşımı şahid qismində dindirməyə çağırıblar, noyabrın 21-də növbəti dəfə vəkillə dindirməyə getmişdi və ödədiyi kreditin sənədlərini təqdim etdi. Bir az gözlədəndən sonra məhkəməyə göndəriblər. Məhkəmə də həbs-qətimkan tədbiri seçib”.
Əbülfəz Sadıqlının vəkili Mirismayıl Hadıyevdir.