Ilham Hüseyn
Azərbaycanda mübarizə uzun çəkdi. Bu mübarizədə xeyli itkilər oldu. Öz səngərini qoyub qaçanlar da, səngər yoldaşlarına güllə atanlar da, bütün məhrumiyyətləri gözə alaraq, zalımın üzərinə gedənlər də oldu. Və bu gün də mübarizə davam edir. Yenə də şər və şərin əlaltıları iş başındadır. Yenə də Azərbaycanın azadlığı, demokratikləşməsi, xalqın xoşbəxtliyi uğrunda savaşanlar səngərdədi.
Amma uzun illərdi sadə vətəndaşın düşüncəsində də xeyli suallar, ittihamlar var-gəl edir. Təbii ki, bu sual və ittiham toxumlarının əksəriyyəti şərin başının altından çıxır.
Tez-tez mübarizə insanlarına “niyə proses uzun çəkdi”, “niyə mübarizənin nəticəsi yoxdur” kimi suallar verilir. Eyni zamanda insanları mübarizədən usandırmaq üçün “bu yolun sonu yoxdur”, “əbəs yerə özünüzü yorursuz”, “nə etsəz də nəticə dəyişməyəcək” tipli “virusl”ar yayılır.
Əvvəla, sağlam düşünə bilən insanlar mübarizənin önündə olanların niyyət və məqsədinə diqqət etməlidilər. Nəticədən asılı olmayaraq, mübarizə insanları niyyət və məqsədin müqəddəsliyinə görə alqışlanmalıdır. Yəni, sinələrini sipər etdiklərinə görə, şüurlu şəkildə haqq savaşının sıra nəfərləri olduqları üçün təqdir edilməlidilər. Hemenquey deyirdi ki, mübarizə bizi məqsədə yaxınlaşdırır və cəmiyyətdə yerimiz olduğunu sübut edir. Bu mənada biz cəmiyyətin bir hissəsi olduğumuzu, bu ölkənin tam hüquqlu vətəndaşı olmaq istədiyimizi sübut etmək üçün mübarizə aparmalıyıq.
İkincisi, dəyərləri ayaqda saxlamaq üçün mübarizə qaçılmazdır. Mübarizəsiz heç bir hədəfə çatmaq olmaz. Edvard de Bono sual edirdi ki, əgər bir hədəfiniz yoxdursa, o hədəfi necə nişan ala bilərsiniz. Bəli, əgər hədəfimiz olmasa, heç bir nişangaha fokuslaşa bilmərik.
Üçüncüsü, bizim özünəinam hissimiz korşalıb. Biz özümüzü çox gücsüz, lazımsız, heç nəyi dəyişməyə qadir olmayan hesab edirik. Halbuki, bu tamamilə yanlış düşüncədir və insanı hədəflərdən, mübarizədən, ali məqsədlərdən yayındırır. Tomas Edisson “edə biləcəyimiz hər şeyi etsəydik, buna özümüz də təəccüblənərdik” deyirdi. Həqiqətən də belədir. Biz düşündüklərimizdən daha böyüyünü edə bilərik. Biz düşündüyümüzdən daha güclüyük. Amma hələ ki özümüzü təəccübləndirməkdən imtina etmişik.
Bəli, bu yol çox uzandı və çoxları üçün bundan sonrası da çox uzun görünür. Amma ən əsası bu yola çıxmaqdır. Səhv etmirəmsə Lao Szının fikri beləydi : “min kilometr uzunluğunda olan yol sadəcə bir addımla başlayır”.
Mən inanıram ki, bu yolun çox hissəsi qət edilib. Sadəcə iradəsiylə məqsədini geyindirmiş adamlara ehtiyac var. Mübarizə iradəli məqsədin sayəsində mütləq qələbəylə nəticələnir. Bəhanələri iradənin qarşısına düzəndə isə məğlubiyyətə gedən yol məqsədə çevrilir.
Yuxarıda sadaladığım sual və ittihamlar mübarizənin deyil, məğlubiyyətin simptomlarıdır. Bu simptomları yox etmək üçün mübarizənin önündə olanların əzmkarlığına, optimizminə, cəsarətinə baxmaq lazımdır.