Gültəkin Hacıbəyli
“Belarusiya prezidenti Aleksandr Lukaşenko Azərbaycan hakimiyyətini ifşa etdi! Onun dediyinə görə, Putinlə birlikdə Ermənistan prezidentini işğal etdikləri 5 rayonu qaytarmağa razı salmağa çalışıblar. Bu razılaşmanın şərtlərinə görə Kəlbəcər və Laçın rayonları və Dağlıq Qarabağın özü bütövlükdə ermənilərdə qalmalı idi. Bundan əlavə Azərbaycan rəhbərliyi 5 rayonun azadlığı müqabilində Ermənistanla bütün kommunikasiyaları və əlaqələri bərpa edəcəyinə və hətta Ermənistana sərmayə qoyacağına söz veribmiş. Kiminsə ağlından keçə bilər ki, bəlkə Azərbaycan tərəfi mərhələli şəkildə öncə beş rayonun, daha sonra Dağlıq Qarabağın, Kəlbəcərin və Laçının azadlığına nail olmağı planlaşdırırmış. Amma və lakin, bu da belə deyil. Ermənistanın “böyük güzəşti” qarşılığında Rusiya və Belorus bu Azərbaycan torpaqlarına ordu yerləşdirib ermənilərin Dağlıq Qarabağ, Laçın və Kəlbəcərə əbədi sahiblənməsinin təminatçısı olacaqlarmış. Yüzə-yüz təslimçilik planıdır. İlkin mərhələdə ermənilərin yalnız Dağlıq Qarabağa və Laçın koridoruna iddialı olduğunu nəzərə alsaq YAP hakimiyyətinin bizi necə rüsvayçı təslimiyyətə gətirdiyini qəzəb, nifrət və ürək ağrısı qarışıq bir duyğu ilə ifadə etməliyəm. Lakin, xoşbəxtlikdən, bu rüsvayçı məğlubiyyət planı baş tutmayıb. Ermənistan prezidenti Serj Sarkisyan buna razı olmayıb. Yəqin düşünüb ki, Azərbaycan öz tarixinin ən zəngin mərhələsini- neft bumunu yaşadığı vaxtda Qarabağın özündən, Laçın və Kəlbəcərdən asanlıqla imtina edib barışıq üçün yalvarırsa, buna görə hələ bizə milyardlar təklif edirsə, iqtisadiyyatının məhv, neft sərvətlərinin talan edilməsi nəticəsində artan yoxsulluq, səfalət, ümidsizlik fonunda Ağdamın, Füzulini, Cəbrayılın, Qubadlının və Zəngilanın itkisi ilə çox rahatlıqla barışacaqdır. Bunu təkcə Sarkisyan və ermənilər düşünmür. Əlahəzrət məntiq, acı gerçəklik də buna dəlalət edir. Çünki bu hakimiyyət Qarabağı azad etmək üçün heç nə etmədi, ancaq Qarabağı itirməyimiz üçün nə mümkün idisə hamısını artıqlaması ilə etdi.”