Son günlər sosial şəbəkələrdə mühacir dairələri və Azərbaycan hakimiyyəti arasında tənqid, açıq söyüş baş alıb gedir.
Proses siyasi mühacirlərin Youtube və Facebook-da Azərbaycan rəhbərlərinin və onların ailə üzvlərinin ünvanına açıq təhqirlər dərc etdirməsindən sonra başlayıb. Bu videoçarxların bir neçə gün ərzində yüz minlərlə izləyicisi olub.
Həmin çarxların mahiyyətini dövlət başçısının köməkçisi Əli Həsənovun ünvanına ittihamlar təşkil edir. O, siyasi mühacirlərin doğmalarını və yaxınlarının təqib olunmasında, onların yaxınlarının məzarlarının təhqir edilməsində ittiham olunur.
Bununla əlaqədar dekabrın 17-də Ə.Həsənov Facebook-da öz cavabını yerləşdirib. O deyib ki, siyasi mühacirlərin təqib olunmasına və ya onlara təzyiq göstərilməsinə göstəriş verməyib.
Ə.Həsənovun sözlərinə görə, onun adını Vidadi İsgəndərlinin atasının məzarının təhqir olunması ilə bağlamaq cəhdi “ucuz şou”dur.
“Bu şayiələr müəyyən maraqlar çərçivəsində və məqsədyönlü şəkildə yayılır. Məqsəd bir tərəfdən təmsil olunduğum hakimiyyəti belə çirkin olaylarla əlaqələndirmək, digər tərəfdən isə iqtidarın ideoloji-siyasi və mənəvi-əxlaqi siyasətinin həyata keçirilməsində birbaşa iştirak edən aparıcı məmur kimi şəxsən məni hörmət və nüfuzdan salmaqdır. Çünki mənim nüfuzum və cəmiyyətdəki reputasiyam mövcud iqtidarın informasiya siyasətinin və təbliğatının ictimai yükünə və effektivliyinə birbaşa təsir göstərir”, Ə.Həsənov yazıb.
Dövlət başçısının köməkçisi özünə qarşı ittihamları qəti şəkildə rədd edir, bu kampaniyanın təşkilində “Azərbaycan əleyhinə dairələr”i ittiham edir və siyasi mühacirləri qanun qarşısında məsuliyyət daşıyacaqları ilə hədələyir.
Qeyd edək ki, siyasi mühacirlər bildiriblər ki, Vidadi İsgəndərlinin atasının qəbrini birbaşa Ə.Həsənova tabe olan hökumətyönlü saytlardan birinin redaktoru və onun qohumları təhqir ediblər.
“Əli Həsənovun birbaşa göstərişi olmadan heç kim bunu edə bilməzdi”, – siyasi mühacir V.İsgəndərli bildirib. O deyib ki, polis baş verənlərlə bağlı həmin şəxsləri saxlayıb, ancaq sonradan Ə.Həsənovun göstərişilə buraxıb.
Turan agentliyinin məsələ ilə bağlı DİN-dən şərh almaq cəhdləri nəticəsiz qalıb. Yeri gəlmişkən, sosial şəbəkələrdə ölkə hakimiyyətinin, şəxsən Əli Həsənovun ünvanına küçə söyüşləri və qarşılıqlı təhqirlər çoxalır.