Stansiyanın 36 mühafizəçisi işdən çıxarılıb
Dövlətə 500 mln. manata yaxın ziyan vurmuş Etibar Pirverdiyevlə stansiyanın mühafizəçiləri arasında fərq qoyulmur
Bu il iyulun 2-dən 3-nə keçən gecə “Azərbaycan İstilik Elektrik Stansiyası” MMC-də baş vermiş qəza nəticəsində ölkənin böyük bir ərazisinin elektrik enerjisiylə əlaqəsi kəsilmişdi. Qəza baş verdikdən 5 ay sonra stansiyanın mühafizəsini həyata keçirən işçilərin ixtisarına başlanıb.
Bu haqda ixtisara düşənlərdən biri – “Azərenerji” ASC Hərbiləşmiş Mühafizə Dəstəsi MMC-nin əməkdaşı Məmməd Sarıyev məlumat verib.
M.Sarıyevin sözlərinə görə, o, “Azərenerji” ASC Hərbiləşmiş Mühafizə Dəstəsinin 1 saylı hissəsinin Həmkarlarının rəhbəri olub: “”Azərenerji”nin Mingəçevir şəhərindəki İES-i mühafizə edən 1 saylı hissənin 3 postuna işdən çıxarılan mühafizəçilərin əvəzinə Mühafizə Polisləri gətirilib. Hər tərəfi açıq vəziyyətdə ola-ola 1 saylı hissəyə kömək vermək əvəzinə, mühafizə işçilərini çıxarıb onların yerinə mühafizə polisi yerləşdirirlər. Proses davam edir. 36 nəfəri işdən çıxarıblar. Halbuki İES-in çox yeri açıq vəziyyətdədir”.
M.Sarıyev daha 29 nəfərə işdən çıxarılma ilə bağlı bildiriş göndərildiyini bildirib: “Biz buranı “Azərenerji” yaranan gündən qorumuşuq. 2000-ci ildə ölkə iqtisadiyyatının pis vaxtlarında 1 il maaş almadan işləmişik. Burada işləyənlərin hər birinin 4-5 ailə üzvü var. Əgər bu illər ərzində biz buranı qoruya bilmirdiksə, o zaman niyə bu iş Mühafizə Polisinə həvalə olunmurdu? Stansiya, eləcə də “Azərenerji” rəhbərliyinin bizi buradan uzaqlaşdırmağa çalışmasının məqsədi nədir bilmirik. Halbuki partlayışla əlaqədar açılmış cinayət işi ilə bağlı hüquq-mühafizə orqanlarının yoxlamaları zamanı bizim mühafizə xidmətinin fəaliyyəti yüksək qiymətləndirilmişdi. Hətta məlum partlayış zamanı kənar şəxslərin əraziyə daxil olmasına icazə verməmişdik. Biz, “Azərenerji” ASC rəhbərliyinin mühafizəni yüksək səviyyədə təşkil etməyimizi nəzərə alaraq əməyimizin qiymətləndirəcəyini düşündüyümüz bir vaxtda bunun əksinə olaraq yeni il ərəfəsində mühafizəçilərin kütləvi ixtisarına başlanıldı. İlin-günün bu vaxtı, heç bir yerdə iş olmadığı dövrdə bu qədər insanı işdən çıxarmaq nə dərəcədə doğrudur?”
Səsləndirilən ittihamlarla bağlı “Azərbaycan İES” MMC-nin direktoru Təhmasib Hüseynovdan münasibət öyrənmək cəhdlərimiz nəticəsiz qalıb. Stansiyadan bu məsələnin onlara heç bir aidiyyəti olmadığı üçün hər hansı bir şərh verməkdən imtina ediblər.
Xatırladaq ki, bu ilin iyulunda Mingəçevir şəhərində yerləşən “Azərbaycan İES” MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda baş vermiş qəza ölkənin enerji sektorunu faktiki olaraq çökdürmüşdü. Qəza nəticəsində əhaliyə və ölkə iqtisadiyyatına 469,2 mln. manatdan çox ziyan dəymişdi. Bu rəqəm qəza ilə bağlı yaradılmış Dövlət Komissiyasının beynəlxalq metodologiya əsasında apardığı hesablama zamanı üzə çıxmışdı. Baş vermiş hadisənin ən böyük günahkarı kimi “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev qəzadan 2 ay sonra tutduğu vəzifədən azad edilməklə canının qurtarmışdı. Hadisədən 5 ay sonra isə stansiyanın mühafizəçilərinin “təmizlənməsi” prosesinə start verilib.
Azər