İranın təhlükəsizlik qüvvələrinin keçən bir neçə həftə ərzində Şərqi və Qərbi Azərbaycan vilayətlərində nəzarət altına aldığı 6 türk fəalın Təbriz və Urmiyə həbsxanalarına köçürüldüyü bildirilir.
Tehranda tutulan türk fəal Kazım Səfabəxşin isə hazırda harada saxlanıldığına dair məlumat yoxdur.
HRA agentliyi və Güney Azərbaycan Televiziyasına (Günaz TV) istinadən, Təbriz və Urmiyə həbsxanalarına göndərilən fəalların bundan əvvəl harada saxlanıldıqları bilinmirdi.
Təhlükəsizlik qurumları tərəfindən nəzarət altına alınan fəallar ümumiyyətlə Ettelaat və ya Sepaha aid qeyri-rəsmi nəzarət mərkəzlərində sorğu-sual edilirlər.
Təbriz zindanına göndərilən fəallar Məhərrəm Vəlipur, Əbulfəz Fəkuri, Qulamrza Rəşidi və Əkbər Əzizi keçən 7 həftədə fərqli tarixlərdə tutulublar.
Rza Cəfərli və Əkbər Quluzadə isə təqribən bir həftə öncə Urmiyədə nəzarət altına alınıb, bir neçə gün sonra şəhərin mərkəzi həbsxanasına aparılıb.
Fəalların hansı ittihamlar üzündən tutulduqlarına dair məlumat verilmir.
Təbriz zindanına göndərilən Məhərrəm Vəlipurun keçən illərdə türk dilində bir neçə şeir kitabı Təbrizdə nəşr olunub.
amerikaninsesi.org