Latviyada yenicə açılmış sovet DTK-sı arxivlərindən məlum olub ki, ölkənin keçmiş baş naziri və indiki Ali Məhkəmə başçısı Soyuq müharibə illərində sovet məxfi orqanlarına işləyiblər.
Ekspertlər deyirlər ki, dekabrın 21-də Latviya Milli Arxivləri idarəsi tərəfindən açılmış sənədlər sovet Dövlət Təhlükəsizliyi Komitəsinin bu Baltik ölkəsinin nüfuzlu fiqurlarını ələ almaq üçün göstərdiyi səylərin dərinlik və genişliyini nümayiş etdirir.
Sənədlərin açıqlanmasına dair qanun ötən oktyabrda qəbul edilib.
Latviya Milli Arxivlərinin direktoru Mara Sprudza-nın bəyanatında deyilir: “Tam təhqiqatı yalnız məhkəmə apara və hər hansı bir fərdin DTK ilə əməkdaşlıq etdiyini müəyyənləşdirə bilər. Sənədlər orjinalda olduğu kimi dərc edilib, amma oxucular unutmamalıdırlar ki, bunlar əllə və Kiril əlifbası ilə yazılıb”.
DTK-nın 1953-1992-ci illər arasında 24 min latviyalını əməkdaşlığa və agenturaya cəlb etdiyi məlumdur.
Latviya müstəqillik qazanarkən başqa sovet respublikalarından fərqli olaraq DTK arxivini məhv olmaqdan qoruya bilib.
Sənədlərə nəzarət edən elmi komissiyanın üzvlərindən Ilmars Poikans deyib ki, sənədlərdə DTK agentləri tərəfindən toplanmış informasiyalar və bu təşkilat tərəfindən həyata keçirilmiş əməliyyatların detalları var:
“Burada əlbəttə Sovet zəmanəsinin dissidentləri və demokratiyayönlü fəallar barədə saxtalaşdırılmış işlər də var”.
Sənədlərdən DTK ilə əməkdaşlıq etdiyi bəlli olanlardan biri də ölkənin iki dəfə baş naziri olmuş Ivars Godmanis-dir.
Burada Ali Məhkəmənin indiki sədri Ivars Bickovics və Latviya Roma Katolik Kilsəsinin kardinalı Julijans Vaivods-un da adları var. Kardinal 1991-ci ildə vəfat edib.
Milli Arxivlər İdarəsi DTK-nın daha böyük sənəd tranşını gələn ilin yanvarında açıqlayacaq.
azadliq.org