Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbərliyi dəyişib.
Dəyişiklik Dağlıq Qarabağ azərbaycanlılarının ikinci qurultayında baş verib. Dekabrın 20-si Bakıda keçirilən qurultay Tural Gəncəliyevi “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin sədri seçib.
Tural Gəncəliyev 1980-ci ildə Şuşa şəhərində anadan olub. Bakı Dövlət Universitetini hüquqşünas ixtisası üzrə bitirib. Ombudsman Aparatında çalışıb. Hazırda Xarici İşlər Nazirliyinin Beynəlxalq Hüquq və Münasibətlər İdarəsinin birinci katibidir.
“Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin əvvəlki sədri Bayram Səfərov idi.
Bayram Səfərov 2009-cu il fevralın 27-dən Şuşa Rayon İcra Hakimiyyətinin başçısıdır. O, həmin il iyunun 5-dən “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinə sədrlik edirdi.
Dağlıq Qarabağ azərbaycanlılarının 20 dekabr qurultayının qərarına əsasən, Asif Cahangirov və Elçin Əhmədov icmanın sədr müavinləri seçiliblər. Onların hər ikisi şuşalıdır.
Asif Cahangirov iqtisadçıdır. Elçin Əhmədov siyasi elmlər doktoru, Dövlət İdarəçilik Akademiyasının professoru, Qarabağ Araşdırmalar Mərkəzinin sədridir.
20 dekabr qurultayının qərarı ilə “Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması” İctimai Birliyinin 23 nəfərdən ibarət yeni İdarə Heyəti də formalaşıb(novator.az).