Rafiq Manaflı
Daha bir ili yekunlaşdırırıq. Bəzən fikirləşirsən ki, bir dövlətdə ictimai-siyasi, sosial-iqtisadi böhranın bir aşağı həddi, dibi var ki, vəziyyətin ondan artıq pisləşməsi mümkün deyil. Amma yoxdur belə bir hədd, böhran, qarşısı alınmasa dibsiz quyudur, dibi ölümdür. Və son illərdə sosial vəziyyətin tendensiyaya çevrilmiş artan dinamika ilə pisləşməsi bu il də artan xətt üzrə davam edib.
Bu ilin trendi pambıq tarlalarında zəhərlənən insanlar və şəhid övladlarının qan pulunu ala bilməyən analar oldu. Pestisid cəlladları onlarla rayonlarımızda yüzlərlə insanın həyatını təhlükəyə atdılar. İmişlidə zəhərlənənlərin sayı 300-ü ötdü, uşaqlara belə qıymağı özlərinə rəva bildilər, Yevlaxda zəhərlənən 24 nəfərin 8-i uşaq oldu.
Şəhid anaları ilə rəftar, onlara zor tətbiq edilməsi isə bu rejimin dəyərlərimizə əndazəyə sığmayan düşmənçiliyinin nümayişidir. Əslində rejim milli dəyərlərimizə tüpürdüyünü 20 yanvarda şəhidlərimizin, 26 fevralda Xocalı soyqırımının simvolu olan “Ana harayı” abidəsinin ziyarətinə maneələr yaratmaqla göstərmişdi. 17 noyabrda isə Şəhidlər Xiyabanını ziyarət etmək istəyənlərə qarşı zor işlədib onlarla insanı həbs etməklə bu dəyərlərə sadəcə nifrətini ictimaiyyətdən gizlətmədi.
Bu il saxta prezident seçkiləri ilə, qiymətlərin artması, insanların kasıblıq həddindən də aşağı səviyyəyə düşməsi, minlərlə tələbənin təhsil haqqını ödəyə bilmədiyi üçün təhsildən kənar qalması ilə yadda qaldı. Siyasi həbslərlə, rejimin müxtəlif səbəblərdən şübhəli bildiklərini saxlamaq əvəzinə güllələyib öldürməsi ilə tarixə düşdü bu il. Neftin qiymətlərinin kifayət qədər yüksək olması da tamahdan alacalanmış gözləri doydurmadı. Xaricdən 2 blok siqaret, 2 şüşə içki gətirənləri kömrük rüsumuna, ofisiant, dərzi, dəllək, bərbər, qəssab, tamadaları vergiyə cəlb etməklə rejimin özünü dilənçi yerinə qoyduğu il oldu bu il.
Ölkə o günə qoyuldu ki, Ermənistanda dəyişikliklərə gətirib çıxaran nümayişlərin əsas şüarı “ölkəni Azərbaycanın gününə qoymayın” oldu.
Amma, digər tərəfdən, bu sülalə hakimiyyətinin ətrafında çevrənin də kəskin daraldığı il oldu 2018-ci il.
Dünyanın “Reyters”, “France presse” kimi agentlikləri, “The Vashington Post”, “The Neü York Times”, “The Gardian”, “Le Monde”, “der Spiegel” kimi qəzetləri bu rejimin biabırçı əməllərini ifşa edən onlarla yazılar verdilər. Avropa birliyi 11 aprel seçkilərinin saxta olduğunu bəyan etdi.
Bu günlər dünyada bu rejimlə bağlı icraatda olan istintaq araşdırmalarını sayıb qurtarmaq olmur.
“Platus” bankın hesabları dondurulub, bankın sədri isə ABŞ-da həbs edilərək 6 maddə üzrə ittiham olunur. İlham Əliyev rejiminin yaxın dostu, gülənçi, pis günündə qaçıb Ermənistana sığınan Kamal Öksüz ABŞ məhkəməsinə SOKAR-ın pullarından ABŞ deputatlarına necə rüşvət verməsi haqda bülbül kimi ötür, “Rolls-Royce” şirkəti ABŞ Ədliyyə Nazirliyinə SOKARa 7,8 milyon dollar rüşvət verdiyini etiraf edir.
Böyük Britaniyada Cahangir Hacıyevin xanımının əmlakları və bazarlıqları ilə bağlı məhkəmələr, “Danske” Bank vasitəsi ilə oğurlanan 2,9 milyard dolları “yuyan” 4 şirkətin hesablarına həbs qoyulması və istintaqa cəlb olunması, Nəqliyyat Nazirliyinin 17 milyonluq işıqlandırma avadanlıqlarını 117 milyona alması ilə əlaqədar davam edən istintaq prosesi. Və nəhayət, Danimarka və Estoniyada “Danske” Bankın bu rejimin oğurladığı 2,9 milyardın transferti ilə bağlı 10 nəfərin həbs olunması, 40 nəfərin şübhə altına alınıb istintaqa cəlb olunması.
Dünya Əliyev rejiminin başına daralır.
Rejim bu gün özünü dünya ictimaiyyəti qarşısında BMT-də Krımla bağlı səsvermədən qaçıb aradan çıxacaq vəziyyətə salıb. Dünyanın bütün ölkələri, bütün millətləri dünyada baş verən proseslərdə iştirak etmək, sözünü demək, millətlər içində səs vermək hüququ uğrunda mücadilə aparır, bizimkilər o hüquqlardan imtina edirlər.
Öz xalqı üçün söz, seçim hüququ tanımayan bir rejimin, milləti söz sahibi edən həmin hüquqlardan imtinası qədər təbii heç nə yoxdur. Söz, səs hüququnun onun özünə nə verdiyinin mahiyyətini qanan adam heç vaxt başqalarını bu hüquqdan məhrum etməz.