AXCP sədrinin müşaviri, 3 illik həbs cəzasının başa çatmasına 2 gün qalmış haqqında yenidən cinayət işi başlanan Məmməd İbrahim haqqında mənfi xasiyyətnamə verilib. 16 Saylı Cəzaçəkmə Müəssisəsinin əməliyyat şöbəsinin müdiri Emin Şıxəliyevin imzaladığı xasiyyətnamədə M.İbrahim haqqında yazılıb ki, o, vəhhabiliyə meyllidir, müəssisədə məhkumlar arasında dövlətçilik və iqtidar əleyhinə təbliğat aparıb və s. Ona görə də M.İbrahimin vəkilləri dekabrın 25-də məhkəmədə vəsatət qaldırıb ki, E.Şıxəliyev çağrılıb dindirilsin, hansı əsasla onun haqqında belə bir xasiyyətnamə verdiyini izah etsin, sübutları varsa, ortaya qoysun.
M.İbrahimin həbsdən çıxmasına 2 gün qalmış onun yatağından bıçaq tiyəsi tapılması iddiasıyla bağlı cinayət işinə Suraxanı Rayon Məhkəməsində hakim Ceyhun Qədimovun sədrliyi ilə baxılır. Şahid qismində tanınan müəssisə əməkdaşları məhkəmədə dindirilsə də, məhkumlar prosesə gəlmirlər. Vəkillər də tələb edir ki, istintaqda hal şahidi kimi dindirilmiş məhkumlar mütləq məhkəməyə də gəlib ifadə versinlər. Çünki onların istintaqdakı ifadələriylə bağlı ciddi şübhələr var.
Azadlıq Radiosu