Qubad İbadoğlu: “Azərbaycanın adını təmizləməsi mümkün deyil”
Britaniya təhqiqatçıları Azərbaycanın bir neçə milyard dollarlıq “çirkli pulyuma” mexanizminə bağlı bank hesabını dondurub. Araşdırmaçı jurnalistlər pulların həmin sxem vasitəsilə Britaniyada qeydiyyatdan keçmiş əsas dörd saxta şirkət vasitəsilə yuyulduğunu üzə çıxarıblar. Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) dekabrın 12-də bildirdiyinə görə, hesabın dondurulması orderi “Azərbaycan pulyuyan maşını” ilə əlaqədar ilk addımdır. Görəsən, bu proseslər davamlı olacaqmı? Azərbaycan Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu bu proseslə bağlı ASTNA-nın suallarına cavab verib.
***
– Qubad bəy, Britaniya təhqiqatçıları Azərbaycanın bir neçə milyard dollarlıq “çirkli pulyuma” mexanizminə bağlı bank hesabını dondurub. Milli Cinayətkarlıqla Mübarizə Agentliyinin (NCA) bildirdiyinə görə, Hesabın Dondurulması Orderi “Azərbaycan pulyuyan maşını” ilə əlaqədar ilk addımdır. Yəni, belə çıxır ki, bu addımların davamı ola bilər. Sizcə, bu addımların davamı olacaqmı? Davamı olacaqsa hansı formada olacaq?
– Bu, indiyə qədər gedən proseslərin məntiqi nəticəsidir. Çünki Britaniyanın yalnız Azərbaycanla bağlı deyil, bütövlükdə “çirkli pullar”ın yuyulması ilə əlaqədar adı xeyli vaxtdır hallanır. Hətta 2015-ci ildə Açıq Hökumət Tərəfdaşlığının qlobal sammiti Londonda keçirilərkən o zaman baş nazir Devid Kamerun da çağırış etmişdi və korrupsiyaya qarşı mübarizədə qətiyyətli olduğunu bəyan etmişdi. Yəqin ki, baş nazir vəzifəsinə davam etsəydi, Brexit olmasaydı Britaniyanın qərarları daha sərt olardı. Çünki o zaman belə bir öhdəlik götürən baş nazir həm də konkret olaraq proqramını da açıqlamışdı ki, hansı istiqamətlərdə fəaliyyət göstərəcək. Onların əsas istiqamətlərindən biri ondan ibarət idi ki, mülkiyyət sahibləri müəyyənləşsin. Çünki Londonda və onun ətrafında kifayət qədər mülklər var və bu mülklərin sahibləri barəsində məlumatlar yoxdur. Digər tərəfdən, London həm də “çirkli pullar”ın yuyulması mərkəzlərindən biri hesab olunurdu. Təbii ki, bu da Britaniya hakimiyyətini narahat etməyə bilməzdi. Sonda isə “Azərbaycanın pulyuyan maşını” adlı yazıda artıq konkret sənədlərlə və eyni zamanda adlarla Londonda qeydiyyatdan keçmiş şirkətlərin fəaliyyətinin bu prosesdə aparıcı rol oynadığını bütün dünya biləndən sonra Londonun belə bir addım atması gözlənilən idi. Bu baxımdan Londonda son zamanlar başlayan bu proseslər davamlı olacaq. Bu davamlı proseslərin yəqin ki, hansı istiqamətdə yönəlməsi aparılan təhqiqatın nəticəsindən asılı olacaq. Bu baxımdan əgər Azərbaycan həqiqətən bu şirkətlərdən əlavə başqa şirkətlərlə, banklarla belə vasitələrdə, “çirkli pullar”ın yuyulması istiqamətində əməliyyatlar aparıbsa, yəqin ki, onlar da aşkara çıxarılacaq. Çünki Londonda bunu aşkara çıxarmaq o qədər də çətin deyil. Onların hüquq-mühafizə orqanları bu istiqamətdə yeni məlumatları yəqin ki, təhqiq edəcəklər.
– Britaniyada “çirkli pulyuma” ilə bağlı mövzular bir neçə dəfə gündəmə gəlib. 2015-ci ildən başlayaraq Britaniyada “çirkli pullar”ın dövriyyəsi, Londonda keçmiş sovet ölkələrindən olan vətəndaşların bahalı mülkləri barədə yazılar bir çox nüfuzlu media orqanlarında dərc olunub. Daha sonra bir neçə postsovet ölkəsindən olan şəxslərin, o cümlədən rusiyalı bankir Ablyazovun mülkləri, həmçinin Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın mülkləri məsələsi ortaya çıxdı. Amma o fakt da var ki, bu dövriyyədə olan “çirkli pullar”dan həm də Britaniya da qazanırdı. İndi inanmaq olarmı ki, Britaniya hökuməti bu məsələdə qətiyyətli olacaq və bu mövzunun şəffaflığa çıxması üçün çalışacaq? Yoxsa, əksinə, Britaniya hökuməti bir-iki nəfəri qurban verməklə, sadəcə, bu mövzunun aşkara çıxarılması üçün çalışdığını göstərmək istəyir?
– Güman etmirəm ki, Londonda son zamanlar baş verənlər kampaniya xarakteri daşıyır. Təbii ki, ilk növbədə Cahangir Hacıyevin xanımı Zamirə Hacıyevanın mülkləri məsələsinin ortaya çıxması bunun üçün müəyyən əsaslar yarada bilər. Çünki Azərbaycanla bağlı hələ bundan əvvəllər də bundan da böyük mülklər olsa da onlarla bağlı demək olar ki, heç bir məlumat açıqlanmayıb. Məsələ bundan ibarətdir ki, bu, Londonda siyasi hakimiyyət dairələrinə təsir imkanlarının hələ də qaldığını deməyə müəyyən əsaslar yaradır. Burada Londonun aparıcı şirkətlərinin də iştirakı var. Söhbət Azərbaycanla bağlı fəaliyyətdə olan şirkətlərdən gedir. Eyni zamanda bu məsələlərdə Azərbaycanın lobbiçiliyini aparan şirkətlərdən gedir. Bu baxımdan belə faktların, xüsusilə də Zamirə Hacıyevanın və yaxud da deyək ki, rusiyalı bankir Ablyazovun mülkləri barədə məlumatların dərc olunmasını bununla izah etmək olar. Bunun kampaniya xarakterli olduğunu hesab etmirəm. Bu istiqamətdə fəaliyyət davam edəcək. Çünki ABŞ-dan sonra qlobal “Maqnitski aktı”nı qəbul edən azsaylı ölkələrdən biri də Böyük Britaniyadır. Britaniya bu baxımdan həm də hüquqi öhdəliyə malikdir və siyasi məsuliyyət daşıyır. Bu faktlar açıqlanırsa, artıq Böyük Britaniya ilə bağlı olan şübhələr də bir daha təsdiq olunur. Ona görə də “Britaniya hökuməti 1-2 nəfəri qurban verməklə bu mövzunun aşkara çıxarılmasına çalışdığını göstərmək istəyir iddialarını” qəbul etmirəm. Bu, bütün dünyada gedən şəffalıq, hesabatlılıq, “çirkli pullar”ın yuyulmasının qarşısının alınması, oğurlanmış pulların geri qaytarılması, mülkiyyət sahiblərinin adlarının açıqlanması ilə bağlı qlobal təşəbbüslərin tərkib hissəsidir. Böyük Britaniya kimi ölkələr də istər-istəməz prosesin içərisində olacaqlar, bundan kənarda qalmayacaqlar.
– Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Xəbərləmə Layihəsi (OCCRP) çərçivəsində aparılmış araşdırmada iddia olunurdu ki, Danske bankının Estoniya filialı Britaniyada qeydiyyatdan keçmiş dörd firmanın hesablarını idarə edib. Azərbaycan elitası həmin hesablar vasitəsilə avropalı siyasətçilərə lobbiçilik məqsədilə pul, bahalı hədiyyələr verib, pul yuyub. Bu məsələ AŞPA və Aİ-də də müzakirə olundu. Həmin araşdırmalarda Elxan Süleymanovun və digər şəxslərin adı keçir. Eyni zamanda Londonda mülkü olan bir neçə şəxsin adı da dəfələrlə mediada hallandırılıb. Zamirə Hacıyeva olayı, ardınca bank hesablarının dondurulmasından sonra ola bilərmi həmin araşdırmalarda adı çəkilən şəxslərlə bağlı da Britaniya hökuməti hansısa sanksiyalar tətbiq edə bilərmi?
– Bunu gözləmirəm ki, hansısa sanksiyalar olsun. Düşünmürəm ki, Elxan Süleymanov və bu prosesdə adları hallandırılan digər şəxslərə qarşı Britaniya hökuməti də sanksiya tətbiq etsin.
Bu araşdırmalardan sonra beynəlxalq aləmdə korrupsiya, “pulyuma” məsələləri dedikdə tez-tez Azərbaycanın adını eşitməyə başladıq. Hətta AŞPA-da bu məsələlərin araşdırılması, AŞPA deputatlarının azərbaycanlı deputatlar tərəfindən ələ alınması məsələsini aydınlatmaq üçün komissiya yaradıldı. Indi bu proses davam edərsə bunun Azərbaycan üçün hansı fəsadları ola bilər? Və ya bütün bu məsələlər Azərbaycan -Qərb, Azərbaycan- Böyük Britaniya, Azərbaycan-AŞPA, Azərbaycan-Aİ münasibətlərinə hansısa təsir göstərə bilərmi? Təbii ki, təsirləri olacaq. Londonda son qərarın da AŞ- da müzakirələrdə bir istinad mənbəyi kimi istifadə edilməsi gözləniləndir. Və ümumiyyətlə, AŞPA-da bu məsələlərin müzakirəsi hələ bitməyib. Yəni, komissiya yaradılıb və bu komissiyanın fəaliyyəti davam edir. Bu komissiyanın hesabatından çox şey asılı olacaq. Komissiyanın hesabatında Böyük Britaniyada qəbul edilmiş qərarlar öz əksini tapacaq. Bütövlükdə götürəndə bu məsələlər Azərbaycan-AŞPA, Azərbaycan- Avropa Parlamenti münasibətlərinə mənfi təsir göstərəcək. Çünki orada “yuyulmuş pullar”ın Avropada, xüsusilə Brüsseldə lobbiçilik fəaliyyətinə yönəldilməsi araşdırma tələb edir. Bu komissiyanın da fəaliyyəti yekunlaşanda, hesabatı ortalığa çıxanda Azərbaycanla bağlı artıq yeni faktlar və yeni iddialar, qərarlar gözləniləndir.
– Azərbaycan bu vəziyyətdən necə çıxmağa çalışacaq?
– Azərbaycan yaxşı durumda deyil. Azərbaycan təbii ki, bu vəziyyətdən çıxmağa çalışacaq, ən azı Azərbaycanın Avropada lobbiçiliyini edən şirkətlər bu prosesdə ölkənin hakimiyyətinin maraqlarını qorumağa və güdməyə daha çox vəsait əldə edə biləcəklər. Çünki artıq Azərbaycan bu vəziyyətdə daha çox şirkətlərlə daha bahalı layihələrlə işləmək məcburiyyətində qalacaq ki, bu, fəsaddan qurtula bilsin. Amma bu, yenə də yalnız Azərbaycanın lobbiçiliyini aparan şirkətlərin fəaliyyətindən asılı olmayacaq. Bu, həm də digər institutların bu prosesə prinsipial yanaşmasından asılı olacaq, o cümlədən AŞPA və Avropa Parlamentinin. Hər halda Azərbaycandakı mövcud vəziyyət də diqqətdən kənarda qalmayacaq. Əgər siyasi vəziyyətdə, xüsusilə də siyasi məhbusların azad olunması istiqamətində Azərbaycan müvafiq addımlar atmasa, yəqin ki, Azərbaycana qarşı onlar daha da sərt olacaqlar. Bu, bütövlükdə Azərbaycanın vəziyyətdən çıxması imkanlarını çətinləşdirəcək.
– Azərbaycan bundan sonra öz adını necə təmizləməlidir? Bu kimi məsələlərdə adının bir daha hallandırılmaması üçün nə etməlidir? Və belə xoşagəlməz hadisələrdə adının çəkilməməsi üçün əvvəlcədən nə etməlidir?
– Azərbaycanın adını təmizləməsi demək olar ki, mümkün deyil. Ölkənin nüfüzü düşüb, imici korlanıb. Bu barədə artıq hesabatlar istinad mənbələrinə çevrilib. Hətta universitetlərdə korrupsiya, “çirkli pullar”ın yuyulması, ölkədən oğurlanmış vəsaitlərin izahı ilə bağlı dərslərdə Azərbaycanın adından bir nümunə kimi istifadə olunur. Çox təəssüflər olsun ki, Azərbaycan hakimiyyətinin bu sahədəki qanunsuz fəaliyyəti ölkənin imicini ciddi şəkildə korlayıb. Bunu biz ayrı-ayrı müzakirələrdə görürük. Məsələn, bu yaxınlarda “Şərq Tərəfdaşlığı” Forumunda Azərbaycan və Ermənistana qoyulan fərqli münasibətin şahidi olduq. Bu münasibətlərin əsasında təbii ki, Azərbaycanın nüfuzdan düşməsi, bütövlükdə Avropada, beynəlxalq səviyyədə öz imicini korlaması müzakirələrdə əsas rol oynayır. Ermənistanda, Gürcüstanda isə son seçkilər, xüsusilə Ermənistanda seçkilərin azad rəqabətli aparılması, dinc inqilabın keçirilməsi onlara münasibəti xeyli yaxşılaşdırıb. Onların da əvvəlki pis imicinin, korlanmış nüfuzunun nisbətən dəyişməsinə gətirib çıxarıb. Azərbaycan da eyni proseslərdən istifadə etməlidir. Azərbaycan da azad və ədalətli seçki keçirməli, Azərbaycanda da demokratiya və onun institutları fəaliyyət göstərməlidir. Azərbaycanda da hakimiyyət siyasi məhbusları azad etməlidir. Bu addım da Azərbaycan hakimiyyətinə ölkənin nüfuzunun yaxşılaşdırılması istiqamətində fürsətlər qazandıra bilər. Ölkədə siyasi repressiyalar dayandırılmalıdır, azad mətbuatın, müstəqil vətəndaş cəmiyyətinin fəaliyyəti üçün əlverişli şərait yaradılmalıdır. Bütün bunlar baş verərsə, Azərbaycanın da nüfuzunda müsbətə doğru dəyişikliklər ola bilər.
– Britaniyanın bu addımını Azərbaycan hakimiyyətinə siyasi təzyiq kimi qəbul etmək olarmı?
– Britaniya hakimiyyətinin Azərbaycan hakimiyyətinə siyasi təzyiq etməsinə ehtiyac yoxdur. İki ölkə arasında, daha çox hakimiyyətlər arasında sıx münasibətlər, əməkdaşlıq var. Xüsusilə, iqtisadi, ticari sahədə, investisiya əməkdaşlığında son illər irəliləyiş nümayiş etdirirlər. Ölkələr arasında həm də siyasi-diplomatik münasibətlər də normaldır. Bu baxımdan Britaniyanın bu addımını Azərbaycan hakimiyyətinə siyasi təzyiq kimi qiymətləndirmirəm. Hesab edirəm ki, bu, Britaniyada gedən proseslərin tərkib hissəsidir. Ona görə də Azərbaycan hakimiyyəti bundan o qədər də narahatlıq keçirmir. Yəni, yenə də Britaniya- Azərbaycan əməkdaşlığı davam edir. Azərbaycanda həmin Britaniya şirkətləri üçün problemlər yaradılmayıb ki, Britaniya hakimiyyəti də belə addımlarla Azərbaycan hakimiyyətinə siyasi təzyiq göstərsin. Britaniya şirkətləri Azərbaycanda çox əlverişli hüquqi, vergi, gömrük, valyuta rejimində fəaliyyət göstərirlər. Onların deyək ki, investisiya əməkdaşlığı sahəsində ticarət münasibətlərində elə bir çətinlikləri yoxdur. Bu baxımdan düşünmürəm ki, bu, xüsusi olaraq Azərbaycan hakimiyyətinə siyasi təzyiq kimi dəyərləndirilməlidir.
contact.az