Lerikin Şivlə, Biləvər və Geskön kəndlərinin sakinləri etiraza başlayıblar. Bu barədə rayon sakinləri məlumat veriblər.
Onlar bildiriblər ki, “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov və Lerikin icra başçısı Rövşən Bağırov 3 kəndi susuz qoyur. Belə ki, bu gün bütün texnika əraziyə gətirilib və sakinlər ərazidən uzaqlaşdırılır.
Sakinlər bununla bağlı dəfələrlə Prezident Adminstrasiyası, “Azərsu” ASC, Lerik Rayon İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyində olduqlrını, etirazlarını bildirdiklərini deyiblər.
Onların sözlərinə görə, bu kəndlərin istifadə etdiyi “Şüpək” meşə massivindəki su qonşu kəndlərə aparılacaqsa, köçmək təhlükəsi ilə üz-üzə qalacaqlar və eyni zamanda böyük bir meşə massivi də quruyub sıradan çıxacaq.
Sakinlər iddia edirlər ki, icra başçısı Rövşən Bağırov və Qorxmaz Hüseynov zorla suyu icra başçısının müavini Habil Məlikovun kəndinə aparır.
“Biz məcburuq ki, bu ərazidən köçək. Bundan sonra bu kəndlərdə yaşayış olmayacaq. İcra başçısı bizimlə şəxsi dava aparır. Biz 17 milyonluq yolun normal çəkilmədiyini ictimailəşdirdik. O da dedi ki, sizin suyu zorla da olsa, apararıq”, – Biləvər kənd sakini İbrət Azadov deyib.
Şivlə kənd sakini İslam Ağayev deyib ki, yaxın günlərdə yenidən Prezident Adminstrasiyasına gedəcəklər.
Sakinlər qeyd ediblər ki, icra başçısı onların heç bir tələbini dinləmir, hətta zor tətbiq etməklə hədələyir.
İcra Hakimiyyətindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.
arqument.az