2015-ci il noyabrın 26-da Nardaranda əməliyyat keçirilən evin sahibi Əbülfəz Bünyadovun durumunun ağır olduğu bildirilir. Bu barədə onun ailə üzvləri danışıb.
İkisi polis olmaqla, altı nəfərin öldürüldüyü, ilahiyyatçı Taleh Bağırov da daxil, onlarla adamın həbsiylə nəticələnən həmin əməliyyat vaxtı Ə.Bünyadov özü də onurğasından güllələndiyinə görə hərəkət qabiliyyətini tam itirib. Buna baxmayaraq, 15 il azadlıqdan məhrum edilən Ə.Bünyadov Penitensiar Xidmətin Müalicə Müəssisəsində saxlanılır. Bu günlərdə müəssisədə ona baş çəkən ailə üzvləri deyir ki, qısa müddətdə həbsdən buraxılmasa, həyatını itirə bilər: «Vəziyyəti o qədər kritikdir. Hədsiz arıqlayıb, o boyda adamın yarısı qalıb…».
Yaxınları bildirir ki, Ə.Bünyadov Müalicə Müəssisəsindəki tibbi heyətdən narazılıq etməyib. Amma dediklərinə görə, o, elə bir vəziyyətdədir ki, mütləq kimsə ona baxmalı, hətta təbii ehtiyaclarının ödənilməsində yardım etməlidir: «Həkimlər gəlib baxırlar, lazım olan iynə-dərmanı eləyirlər. Amma bu adamın bədəninin 80 faizi işləmir, uzandığı ancaq başını tərpədə bilir. Onu yataqda çevirməkdən ötrü də kömək lazımdır. Ona ancaq palatadakı məhkumlar kömək eləyirlər. Halbuki, onların özləri də xəstədir, yardıma ehtiyacları var. Onlardan da birinin ayağı amputasiya olunub, biri onurğasından əməliyyat olunub».
Uzun müddət yataq xəstəsi olub, eyni vəziyyətdə qalan adamların bədənində yaralar açılır. Ailə üzvlərinin sözlərinə görə, Ə.Bünyadovun iflic olmaqdan başqa, həm də belə yaralardan, Hepatit C xəstəliyindən əziyyət çəkir.
«Məhkumlar da yardım edir»
Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, belə ağır xəstə olan məhkumlara həm tibbi personal xidmət göstərir, həm də təsərrüfat briqadasındakı məhkumlar qulluq edir. Yəni, Ə.Bünyadova digər məhkumların baxması qaydalar çərçivəsində həyata keçirilir: «Müalicə Müəssisəsinə məhkumlar müxtəlif səbəblərdən köçürülür – cərrahiyyə əməliyyat olunmaq üçün, infeksion xəstəliyi olan və s. Bu məhkumların bir çoxu müalicə olunandan sonra saxlandığı müəssisəyə qaytarılır, bəziləri isə qalır və təsərrüfat briqadasında xidmət edir. Onlar sanitar funksiyaları yerinə yetirirlər, təmizlik, yeməklərin hazırlanması, ehtiyacı olan digər xəstə məhkumlara yardım etmək və s. Onu da deyim ki, təsərrüfat briqadasında da hər məhkum saxlanmır».
Ə.Bünyadov 2015-ci il noyabrın 26-da əməliyyat vaxtı T.Bağırov və başqalarıyla birlikdə həbs olunsa da, onun durumu ilə əlaqədar haqqındakı cinayət işi ayrıldı. O, 2017-ci ilin avqustunda Nardaran hadisələrinə görə axtarışda olub, təxminən il yarım sonra həbs olunan Elxan İsgəndərovla birlikdə məhkəmə qarşısına çıxarıldı. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Ə.Bünyadova 15 il, E.İsgəndərova isə 14 il azadlıqdan məhrumetmə cəzası verildi. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxladı.
Vəkil Fariz Namazlı AzadlıqRadiosuna bildirib ki, apellyasiya məhkəməsinin qərarından yaxın günlərdə Ali Məhkəməyə kassasiya şikayəti veriləcək.
Ə.Bünyadovun ailə üzvləri ümid edir ki, bəlkə Ali Məhkəmə onun cəzasını dəyişər: «Öz ehtiyaclarını belə, ödəmək qabiliyyətində olmayan adamı həbsdə saxlamaqla nə qazanırlar, onu anlamırıq…».
Xatırlatma
Ə.Bünyadov «Müsəlman Birliyi» Hərəkatının İdarə Heyətinin üzvüdür. O, 2015-ci il noyabrın 26-da Nardaran əməliyyatında yaralanaraq iflic olmasına baxmayaraq, həmin gün tutulub və 1 il 1 ay həbsdə saxlanılıb, 2016-cı ilin sonunda polis nəzarətinə vermə-qətimkan tədbiri ilə həbsdən buraxılıb.
2018-ci il iyulun 11-də 15 illik həbsi haqqında hökm oxunarkən məhkəmə zalında həbs edilib. Hökmə əsasən, o, 15 illik cəzanın ilk 3 ilini Qobustanda həbsxana rejimində çəkməlidir.
«Müsəlman Birliyi» Hərəkatının sədri T.Bağırov, onun müavini Elçin Qasımov da daxil, təşkilatın xeyli üzvü həbsdədir. Onlar dövlət çevrilişi, terror cəhdi, qanunsuz silah saxlama və başqa maddələrlə 10 ildən 20 ilədək azadlıqdan məhrum ediliblər.
T.Bağırov və onunla birlikdə mühakimə olunmuş digər şəxslər kimi, Ə.Bünyadov da saxlanılarkən və ondan sonra DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldığını söyləyib.
Sözügedən idarənin əməkdaşları isə məhkəmədə ifadə verərkən işgəncə iddialarını təkzib ediblər.
Azadlıq Radiosu