Sərhədsiz Reportyorlar təşkilatı Mehaman Hüseynovun həbsdə “ölüm təhlükəsində” olduğunu bildirib.
Təşkilatın yaydığı bəyanatda Azərbaycan hakimiyyəti Mehman Hüseynova verilən yeni ittihamları ləğv etməyə və onu dərhal azadlığa buraxmağa çağrılır.
Polisə böhtan atmaq ittihamı ilə iki ilə yaxındır ki, həbsdə olan Mehman Hüseynov “həbsxana işçisinə xəsarət yetirməkdə” təqsirləndirilir. Əvvəlki ittihamı rədd edən bloqçu yeni ittihamları qəbul etməyib, ona “şər atıldığını” bildirib. O, yeni ittihama etiraz olaraq aclıq aksiyası keçirir, yeməkdən və sudan imtina edib, vəkilləri bildiriblər.
“Mehman Hüseynov ölüm təhlükəsi ilə üz-üzədir və Azərbaycan hakimiyyətini onun taleyindən məsul hesab edirik. Onların təcili olaraq bloqçunu azad etmələrini və ona qarşı olan yeni ittihamların ləğvini istəyirik. Beynəlxalq ictimaiyyət buna nail olmaq üçün əlindən gələn hər şeyi etməlidir”,- Sərhədsiz Reportyorların Şərqi Avropa və Orta Asiya bölgəsi üzrə rəhbəri Johann Bihr belə deyib.
Bloqçunun vəkili Şəhla Hümbətova BBC News Azərbaycancaya deyib ki, bayram günləri olduğundan o, Mehmanla görüşə bilmir.
“Mehman ailəsinə zəng edib və deyib ki, onu Kürdəxanıya gətiriblər. Mehman Hüseynov öz imzası ilə Ombudsman Aparatına müraciət edib, amma insan hüquqları üzrə müvəkkildən heç bir cavab gəlməyib”,- vəkil belə deyib.
bbc.com