“Mənim təkidlərimdən sonra Mehman su qəbul etdi…». «Turan» agentliyinin xəbərinə görə, bunu həbsdə yeni ittihamla üzləşən və buna görə aclıq aksiyasına başladığını açıqlayan bloqqer Mehman Hüseynovun hazırda mühacirətdə olan qardaşı, hüquq müdafiəçisi Emin Hüseynov deyib.
Dekabrın 30-da M.Hüseynovla telefonla danışdığını bildirən Emin Hüseynovun vurğulamasına görə, bloqqer yemək yemir.
«Biz telefonla danışdıq. Mehmanın halı pisləşib. Mehman damarların varikoz genişlənməsindən əziyyət çəkir, bədənin susuzlaşmasından demək olar ki, ayaqları tutulub. Bundan əlavə, bayılıb və həkim çağırıblar. İynə vurublar ki, Mehman özünə gəlsin. Təkidli tələblərimdən sonra o, quru aclığı dayandırdı və yalnız maye qəbul etməyə başladı. Sonrakı günlər orqanizmdə geriyə dönməz proseslər baş verər və onun həyatını xilas etmək mümkün olmazdı. Onu maye qəbul etməyə razı saldım», – Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun direktoru E.Hüseynov deyib.