Bir neçə siyasi məhbus Mehman Hüseynova dəstək və bütövlükdə siyasi məhbuslar naminə aclıq aksiyasına başlayır.
13 saylı cəzaçəkmə müəssisəsində dustaq olan İlkin Rüstəmzadə, Bayram Məmmədov, Elçin İsmayıllı və Əhsən Nuruzadə bununla bağlı birgə bəyanatla çıxış edib. Onların bəyanatında deyilir:
Əziz dostlar, dəyərli media və ictimaiyyət nümayəndələri!
Son vaxtlar hamımızın gözləri qarşısında çox dəhşətli proseslər baş verir. Hər ötən gün ölkəmiz sivil və demokratik dünyadan bir az daha uzaqlaşır, şər üçbucağının əhatəsi və dəstəyi ilə bataqlığa doğru möhkəm addımlarla irəliləyir. Ölkəmizin və xalqımızın ali maraqlarının nəyi tələb etməyindən asılı olmayaraq repressiyaların şiddəti daha da artır. Həbsdə olan siyasi məhbuslara və azadlıqda olan dissidentlərə qarşı başlayan və öz kuliminasiyasını Mehman Hüseynova qarşı əlavə cinayət işinin açılmasında göstərən proses ölkəmizin artıq geri dönüşü olmayan bir yola qədəm qoyduğunu nümayiş etdirir.
Biz bunun artıq birlikdə müqavimət göstərilməsi gərəkən çox ciddi tendensiya olduğunu düşünürük. Əslində, biz bu müraciəti və atacağımız addımları xeyli əvvəldən planlaşdırsaq da ilk günlərdə aldığımız bir-birini istisna edən ziddiyyətli informasiyalar, eləcə də atacağımız addımları digər həbsxanalardakı məhbuslarla koordinasiyalı şəkildə təşkil etmək, mümkün qədər çox sayda siyasi məhbusun bu aksiyaya qoşulmasını təmin etmək üçün etdiyimiz cəhdlər bizi bir az ləngitdi. Bu müraciətin yazıldığı ana qədər bunun gec olub-olmaması ilə bağlı saatlar çəkən mübahisələrdən sonra yekdiliklə bu qərara gəldik ki, bu, bizə əngəl olmamalıdır. Biz başlayırıq və digər siyasi məhbusların da qoşulacağına əminik.
Dəyərli siyasi məhbus dostlarımız! Mehman Hüseynovun başına gətirilənlər, bu gün birlik göstərməsək, sabah hamımızı gözləyir. Qurbanlıq qoyun kimi oturub kəsiləcəyimiz günü gözləsək, sabah başımızın altından biri narkotik, tank və.s tapacaqlar və ya bir də kimisə “döyəcəyik”.
Əgər siz indiki məqamda susqunluğun müdrik, ehtiyatlı addım olduğunu düşünürsünüzsə, qərbdən gələn reaksiyaların nəticələrini gözləyirsinizsə, onda arxayın fırladın. Biz bu filmə dəfələrlə baxmışıq və bu növbətçi reaksiyaların nə ilə nəticələnəcəyini, necə sonlanacağını yaxşı bilirik. Tüstü-duman dağılandan sonra qərbdən kimlərsə gələcək, bir qismi dizləri üstə çökdürülmüş və xüsusi xidmət orqanlarının kuklalarına çevrilmiş bir neçə siyasi məhbusun azadlığı müqabilində sövdələşmə əldə olunacaq, sonra da çıxıb bu böyük humanizmi, belə möhtəşəm islahatı gurultuyla alqışlayacaqlar. Neft, avro, dollarlarından çamodanlarına doldurub qayıdacaqlar və naz-qəmzə ilə hakimiyyətə göz vurub yeni repressiyalar üçün yaşıl işıq yandıracaqlar.
Unutmayın. Qərb təşkilatlarının Azərbaycanda satışa çıxartmadığı bircə dəyər, bircə prinsip də qalmayıb və gurultulu insan haqları şüarları ilə başlayan qərbin bütün kampaniyaları həmişə rüsvayçı bizi qaranlığa bir az da yaxınlaşdıran sonluqla bitib.
Biz ölkəmizin zülmətə qərq olmasına etiraz edirik!
Biz repressiyalara etiraz edirik və susmayacağıq!
Biz ölkəmizə sahib çıxırıq və onun işıqlı insanlarına həbsxanalarda qanqster kimi davranmasına müqavimət göstərəcəyik!
Mehman və digər hər kəs üçün bu gündən etibarən müddətsiz aclıq aksiyasına başlayırıq və bütün siyasi məhbusları bizə qoşulmağa çağırırıq.
2 saylı cəzaçəkmə müəssisəsində dustaq həyatı yaşayan Qiyas İbrahim isə anası vasitəsilə göndərdiyi müraciətdə qeyd edir ki, hazırkı şəraitdə aclıq aksiyası siyasi məhbusların əlində ən təsirli vasitədir. O, siyasi dustaqları bu aksiyaya qoşulmağa çağırır.
Eyni müssəsisədə cəza çəkən Fikrət Fərəməzoğlunun xanımı isə feysbukda məlumat paylaşıb ki, Qiyasla yanaşı həmin müəssisədə Fikrət və Rəşad Ramazanov da aclıq aksiyasına başlayacaqlar.