Onların 12 illik həbs müddəti bitib
13-18 yanvar 2007-ci ildə “Səid Dadaşbəyli işi” üzrə tutulanlardan Mikayıl Qərib oğlu İdrisov və Emil Nurəddin oğlu Möhbalıyev həbs müddətləri bitdiyi üçün bu gün azadlığa çıxıb. Onların hər biri Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən Ənvər Seyidov) 10 dekabr 2007-ci il tarixli hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Xatırladaq ki, 13-18 yanvar 2007-ci ildə “Səid Dadaşbəyli işi” üzrə təxminən 30 nəfər həbs edilib və tutulanlar “NİMA” (Mehdi Seyid əz-Zamanın Şimal Ordusu) adlı radikal dini qruplaşma yaradaraq İranın xüsusi xidmət orqanlarına casusluq etməklə dövlət əleyhinə cinayətlərin törədilməsində ittiham olunublar.
Bir müddət sonra həbs edilənlərin bəziləri Milli Təhlükəsizlik Nazirliyinin təcridxanasında saxlanılan 11 nəfərin əleyhinə izahat vermək şərti ilə azadlığa buraxılıblar. Həbslərin ilkin mərhələsindən başlayaraq ciddi qanun pozuntusuna yol verilib. İttiham olunanların mənzillərində axtarış aparılması barədə məhkəmə qərarları olmadan Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları güc tətbiq edərək evlərə giriblər. Həbs edilənlərin valideynləri və qohumlarının etirazlarına baxmayaraq, MTN əməkdaşları nümayişkaranə şəkildə həbsi əsaslandırmaq üçün silah və lazım olan başqa “maddi sübut”ları mənzillərə qoyublar. Bu hərəkətlər cinayət-prosessual qanunvericiliyin kobud şəkildə pozuntusudur. Bununla yanaşı, həbsin ilk günlərində saxlanılanlara vəkilləri ilə əlaqə yaratmaq imkanı verilməyib.
Həbs edilənlər istintaq zamanı məhkəməyə qədər – 13 yanvar 2007-ci ildən 11 dekabr 2007-ci ilədək MTN-nin təcridxanasında təkadamlıq kameralarda saxlanılıblar. Onlar davamlı olaraq döyülüb, yatmaqdan, yeməkdən və sudan məhrum ediliblər. Eyni zamanda həbs edilənlərə psixotrop maddələr verilib. Onları istintaqa gərək olan etiraf izahatları verməyəcəkləri təqdirdə azadlıqda olan qohumlarına işgəncə veriləcəyi ilə hədələyiblər.
Vəhşicəsinə edilən işgəncə zamanı Emin Məmmədov adlı məhbus 2007-ci ilin mart ayında ölüb. E.Məmmədovun ölümünün səbəbləri barədə tibbi arayış var. Ancaq E.Məmmədovun ölümü bir neçə ay ərzində valideynlərindən və ictimaiyyətdən gizlədilib. Onun ailəsi E.Məmmədovun ölümü ilə bağlı hüquq müdafiəçilərinə müraciət edəcəkləri, ictimaiyyət qarşısında öldürülmüş şəxsin taleyi ilə bağlı məsələ qaldıracaqları halda yeni repressiyalarla üzləşəcəkləri ilə hədələnib. Vəkilin məhbus E.Məmmədovun saxlandığı yer barədə sorğusuna cavab verən MTN bildirilib ki, bu adam haqqında heç bir məlumatları yoxdur və E.Məmmədov MTN-də heç bir zaman olmayıb. MTN təcridxanasında işgəncələrə məruz qalaraq həyatını itirən E.Məmmədov məhkəmə prosesləri zamanı da xatırlanmayıb. E.Məmmədov məhkəmə və ictimaiyyət üçün izsiz yoxa çıxıb.
Məhkəmə prosesləri qapalı keçirilib və həbs edilənlərin ailə üzvləri proseslərə buraxılmayıb. CPM-in 200-cü maddəsinə əsasən dövlət sirlərinin yayılmasının qarşısını almaq məqsədilə məhkəmə prosesləri qapalı keçirilə bilər. Lakin cinayət işində dövlət sirri barədə hər hansı qeyd yoxdur və CPM-in 200-cü maddəsinə istinad edilərək məhkəmə proseslərinin qapalı keçirilməsi əsaslandırılmayıb. Bu cinayət işi üzrə məhkəmə proseslərinin qapalı keçirilməsi qanuna zidd idi. Məhkəmə prosesi zamanı ittiham edilənlər onlara qarşı irəli sürülən ittihamları qəbul etməyib. Eyni zamanda, həbs müddətində işgəncələrə və başqa qanunazidd hərəkətlərə məruz qaldıqlarını bildiriblər. Məhkəmə prosesi zamanı məlum olub ki, terror təşkilatı yaratmaqda günahlandırılanların əksəriyyəti həbsə qədər bir-birlərini tanımayıblar. Həmçinin, irəli sürülən ittihamların heç biri məhkəmə araşdırması zamanı sübuta yetirilməyib və proses ittiham tərəfinin istəyinə uyğun şəkildə yekunlaşıb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin (sədrlik edən Ənvər Seyidov) 10 dekabr 2007-ci il tarixli hökmü ilə Səid Dadaşbəyli 14 il, Rəşad Əliyev 14 il, Ceyhun Əliyev 14 il, Fərid Ağayev 13 il, Samir Qocayev 13 il, Bəybala Quliyev 13 il, Cahangir Kərimov 13 il, Rasim Kərimov 13 il, Emil Möhbalıyev 12 il, Mikayıl İdrisov 12 il müddətinə azadlıqdan məhrum ediliblər. Bakı Apellyasiya Məhkəməsi 25 fevral 2008-ci ildə, Ali Məhkəmə isə 2008-ci ilin payızında hökmü qüvvədə saxlayıb.
Azadliq.info