Nardaran hadisələrinə görə 20 il azadlıqdan məhrum edilən Abbas Hüseynovun haqqında yeni cinayət işi başlandığı, onun Qobustanda saxlandığı həbsxanadan istintaq təcridxanasına köçürüldüyü bildirilir. Bu haqda AzadlıqRadiosuna A.Hüseynovun anası Rəhimə Hüseynovadanışıb.
R.Hüseynova bildirib ki, yanvarın 14-də Abbasın həbsxanada döyülüb naməlum istiqamətdə aparılması xəbərini alandan sonra oğlunun yerini müəyyənləşdirməyə çalışıb. Gecə saatlarında xəbər gəlib ki, A.Hüseynov Kürdəxanıdakı 1 saylı İstintaq Təcridxanasındadır.
«Bu gün (yanvarın 15-də) səhər tezdən Kürdəxanıya gəldim. Təsdiqlədilər ki, buradadır. Haqqında açılan təzə iş nədir, bilmirəm. Gözləyirəm, görüm nə deyəcəklər», – R.Hüseynova bildirib.
A.Hüseynovun Bakı İstintaq Təcridxanasında olub-olmaması barədə sualı cavablandıran Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov AzadlıqRadiosuna bildirib ki, qanunvericilik məhkumların saxlanma yerinin açıqlanmasını qadağan edir: «Məhkumun hansı cəzaçəkmə müəssisəsində və ya istintaq təcridxanasında saxlanması ancaq onun özünün razılığıyla açıqlana bilər. Bu baxımdan, adını çəkdiyiniz məhkumun yeri haqda da hər hansı açıqlama verməyə ixtiyarımız yoxdur».
A.Hüseynovun vəkili Fariz Namazlı AzadlıqRadiosuna deyib ki, onunla sonuncu dəfə yanvarın 11-də Qobustan həbsxanasında görüşüb. Həmin vaxt Abbasın döyülmə və ya haqqında yeni cinayət işi başlanması barədə şikayəti olmayıb: «Onun köçürülməsi barədə mənə heç bir məlumat verilməyib. Əgər doğrudan da istintaq təcridxanasına gətirilibsə, deməli, haqqında yeni cinayət işi üzrə istintaq gedir. Nə olubsa, həftəsonu olub. Abbas Hüseynovla bağlı gələn məlumatları araşdırmağa çalışıram».
«Müsəlman Birliyi» Hərəkatının sədri Taleh Bağırov yanvarın 14-də ailə üzvləriylə telefonla danışarkən bir gün öncə Qobustan həbsxanasında A.Hüseynovun döyüldüyünü bildirib. İlahiyyatçı deyib ki, Abbası onun gözü qarşısında qan içində sürüyə-sürüyə apardılar. T.Bağırov da əlavə edib ki, A.Hüseynovu həbsxanadan çıxarıb başqa yerə aparıblar.
Penitensiar Xidmət isə A.Hüseynovun döyülməsi barədə məlumatı təkzib etmişdi.