İngiltərənin Milli Cinayətkarlıq Agentliyi Londonun Harrods mağazasında 16 milyon funt sterlinq xərcləyən Zamirə Hacıyevanın istintaqı zamanı dəyəri 1.5 milyon dollardan (2.6 milyon manat) çox olan üzüyü müsadirə edib.
Zamirə Hacıyevanın böyük sərvətinin mənbəyini axtaran müstəntiqlər onun bahalı üzüyünü zərgərlərdə tapıblar.
Zamirə Hacıyeva Birləşmiş Krallığın “İzahedilməz Sərvət Sərəncamı” (UWO) və korrupsiyada şübhəli bilinən sərvətin araşdırılması istiqamətində bu ölkədə gizlənmiş xarici rəsmilər və onların ailələrini hədəf alan addımların ilk hədəfidir.
Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev həmin bankda kütləvi fırıldaqçılıqda ittiham olunsa da, onun həyat yoldaşı Zamirə Hacıyeva ittihamları rədd edir.
Əgər Zamirə Hacıyeva Birləşmiş Krallıqdakı böyük sərvətinin mənbəyini izah edə bilməsə, Milli Cinayətkarlıq Agentliyinin onun Londondakı Harrods mağazasının düz yanındakı – Knightsbridge-dəki evini və Berkshire qolf kursunun müsadirəsi üçün müraciət edəcəyi gözlənir.
Bahalı üzüyün təmirə ehtiyacı varmış
Cümə günü müsadirə olunan üzüyü istintaqçılar Cartier zərgərlərində tapıb.
8.9 karatlıq üzük “zümrüd kəsimli brilyantdır”.
Üzük Cahangir Hacıyev tərəfindən 1.5 milyondan çox dollara (2.6 milyon manat) alınıb və onun qızı Leyla Mahmudova keçən ilin iyulunda üzüyü təmir üçün Cartier zərgərlərinə aparıb.
Müsadirə təhlükəsi altında olan evlərini qorumaq, eləcə də Azərbaycana ekstradisiyadan “yan keçməyə” çalışan Zamirə Hacıyeva məhkəmə iclasında təmsil olunmamışdı və ərizə etirazsız təmin olunmuşdu.
Ərazi üzrə hakim Michael Snow deyib: “Üzüklə cənab Hacıyev və onun ittiham olunduğu əhəmiyyətli fırıldaqçılıq arasında aydın əlaqə var”.
“Məni bir şey qane edir ki, bu mülkiyyətin geri qaytarıla bilən əmlak olduğunu güman etmək üçün əsaslar var”.
Bu o deməkdir ki, Milli Cinayətkarlıq Agentliyi üzüyün hansı pulla alındığını araşdırana qədər onu saxlayacaq.
Milli Cinayətkarlıq Agentliyi noyabr ayında Zamirə Hacıyevanın qızı tərəfindən məşhur Christies hərrac evində satılması üçün gətirilən 400 min funt sterlinqlik zərgərlik məmulatlarını müsadirə etmişdi.
Müsadirə edilən 49 zərgərlik məmulatı istintaqçılar 2019-cu ilin may ayına qədər saxlaya bilərlər.
Zamirə Hacıyeva kimdir?
Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyevin arvadı Zamirə Hacıyeva 2018-ci ilin noyabrında Londonda həbs edilib, daha sonra isə zaminə buraxılıb.
O, 10 il ərzində Londonun məşhur dükanı Harrods-da 16 milyon funt sterlinq (35.85 milyon manat) xərcləyib. Britaniyada məhkəmə ondan bu qədər pulu haradan aldığını açıqlamasını tələb edib.
Zamirə Hacıyeva Britaniyada ilk dəfə tətbiq edilən “İzahedilməz Sərvət Sərəncamı” (UWO) çərçivəsində həbs olunub.
Onun Britaniyadan Azərbaycana ekstradisiya edilməsi müzakirə olunur.
bbc.com