Bencamin Franklin (17 yanvar 1706-cı ildə İngiltərənin Boston şəhərində doğulmuş, 17 aprel 1790-cı ildə ABŞ-ın Filadelfilya şəhərində dünyadan köçmüşdür) – amerikalı siyasi xadim, diplomat, alim, ixtiraçı, yazıçı, jurnalist, naşir olmuşdur. ABŞ-ın müstəqil dövlət kimi yaranmasında Bencamin Franklinin çox böyük xidmətləri olmuşdur və o, ABŞ-ın müstəqil dövlət kimi əsasını qoyan üç tarixi sənədin: ABŞ-ın müstəqillik deklarasiyası, ABŞ-ın Konstitusiyası və 1783-cü il Versal sülh müqaviləsinin hər üçündə imzası olan yeganə tarixi şəxsiyyətdir. Franklin ABŞ dövlətinin Böyük Möhürünün dizaynını işləyənlərdən biri olmuşdur:
1914-ci ildən başlayaraq yüzdollarlıq ABŞ əskinasının üzərində B.Franklinin portreti əks olunmağa başlamışdır:
Franklinin gördüyü saysız-hesabsız işlərdən yalnız ən önəmlilərini belə sıralamaq olar:
1. İldırımötürəni ixtira eləmişdir
2. Bifokal gözlüyü ixtira eləmişdir(bu gözlüyün şüşələri həm yaxını həm də uzağı görmək üçün yarayır).
3. “Franklin buxarısı” adlanan və ən az istilik itkisi ilə işləyən buxarının layihəsini hazırlamışdır.
4. Elektriklə bağlı çoxlu mühüm kəşflər eləmişdir.
5. Holfstrim axınının ilk detallı xəitəsini çəkmişdir.
6. ABŞ-da ilk xalq kitabxanasını yaratmışdır.
7. Filadelfiya akademiyasının əsasını qoymuşdur.
8. ABŞ-ın müstəqillik deklarasiyası və Konstitusiyasının yazılmasında iştirak eləmişdir.
9. Çox fəal naşirlik işi ilə məşğul olmuşdur.
Necə uzun bir ömür sürsə də, bir insanın bu qədər çoxşaxəli və çoxsaylı işləri öz ömrünə sığışdıra bilməsi ağlasığmaz görünür. Ancaq Franklinin erkən gənclik çağlarından başlayaraq öz ömrünü məqsədyönlü şəkildə necə qurduğunu öyrənəndə, onun bu qədər işləri təkcə öz böyük istedadı bahasına yox, həm də öz ömrünün ən səmərəli şəkildə sərf olunması üzərində qurulmuş böyük əməklərin nəticəsində qazandığı bəlli olur. Franklinin vaxtını boş yerə itirənlər üçün dediyi belə bir sözü var: “Çox adam artıq 25 yaşında ölür, ancaq onu məzara 75 yaşında qoyurlar”. İndi isə sizə, Bencamin Franklinin örnək ola biləcək beş həyat dərsini təqdim eləmək istəyirəm.
1. Franklin özünə və onu eşidənlərə zamanın insan üçün ən qıt olan bir sursat olduğunu aşılayırdı. Onun bu deyimində insanın öz vaxtına münasibəti çox dəqiq ifadə olunmuşdur: “Həyatı sevirsənmi? Onda vaxtını itirmə; axı zaman həyatı yaradan materialdır”.
2. B. Franklin özünü tanıyan gündən gələcəkdə necə bir insan olmaq istəyi ilə bağlı düşünməyə başlamışdı. Bu düşüncələrinin sonunda o, “mənəvi yetkinlik yüksəkliyinə çatmalı olduğu” qənaətinə gəlmişdi. 20 yaşı olanda belə bir nəticəyə gələn Franklin bu məqsədinə çatmaq üçün özündə yetişdirməli olduğu on üç fəzilət müəyyən eləmişdi. O bu fəzilətləri aşağıdakı kimi sıralamışdı:
1. DÖZÜM(səbir). Doymayana kimi ye, keflənməyənə kimi iç.
2. QARADİNMƏZLİK(azdanışanlıq). Yalnız özünün və başqalarının işinə yarayan sözlər danış; boş-boşuna danışmaqdan çəkin.
3. SƏLİQƏ-SAHMANI SEVMƏK. Sənin bütün əşyalarının öz konkret yeri olmalıdır; sənin görməli olduğun hər bir işin öz vaxtı olmalıdır.
4. QƏTİYYƏT(iradəlilik) Görməyə borclu olduğun işi həll etməyə giriş; həll eləməli olduğun işi tərəddüsüz yerinə yetir.
5. YIĞIMCILLIQ(qənaətcillik). Yalnız, başqalarına və ya sənin özünə yararlı olan şeylərə pul xərclə; heç vaxt, heç bir boş şeyə pul dağıtma.
6. ƏMƏKSEVƏRLİK. Vaxtının bir anını da itirmə; həmişə nə isə yararlı bir işlə məşğul ol; vacib olmayan bütün işləri birdəfəlik qırağa tulla.
7. SƏMİMİYYƏT. Yalanı özünə yaxın qoyma: qoy, sənin düşüncələrin məsum və ədalətli olsun; danışanda isə qoy sözlərin də, düşüncən kimi məsum və ədalətli olsun.
8. DÜRÜSTLÜK. Heç vaxt, adamlara pislik eləməklə və ya yaxşılığını əsirgəməklə onları incitmə, bu sənin insanlıq borcuna ziddir.
9. ÖLÇÜ-BİÇİLİ OLMAQ(insaflılıq). İfrata varmaqdan çəkin; özünü sənə pislik eləyəndən inciməyə haqlı saysan da, kin-küdurət saxlama, ondan qisas almağa çalışma.
10. TƏMİZKARLIQ. Özündə, paltarında və evində azacıq da olsa çirk olmasına yol vermə.
11. TƏMKİN. Boş şeylərə, kiçik və ya qaçılmaz olan hadisələrə görə həyəcanlanma.
12. ŞƏHVƏT. Şəhvətə bacardıqca az vaxt ayır, bunu yalnız sağlamlıq və nəsil artımı üçün edə bilərsən; şəhvətin səni kütləşdirməsinə və zəiflətməsinə yol vermə, yaxud şəhvətin sənin ruhi dincliyini pozmasına, ya da sənin və ya bir başqasının yaxşı adına kölgə salmasına imkan vermə.
13. MÜLAYİMLİK. Bu işdə İsa Məsihdən və Sokratdan örnək götür.
Franklin ayırd elədiyi bu fəzilətlərə yiyələnmək üçün bir sistem də hazırlamışdı. Bunun üçün o, 13 həftəlik bir rejim yaratmışdı və hər bir fəzilətə yiyələnmək üçün bir həftə vaxt ayırmışdı. Bir sözlə o, sıra ilə hər həftə bütün diqqətini bu fəzilətlərdən birinə yiyələnmək üçün toplayır, və dəftərçəsində ayırdığı13 səhiifədə öz qeydlərini yazırdı. Ayrıca götütürlümüş bir fəzilətə yiyyələndiyi həftədə, bütün diqqətini yalnız onun üzərində cəmləsə də, ancaq başqa fəzilətlərlə bağlı məsələləri də nəzərdən qaçırmamağa çalışırdı.
Bütün bu kamilləşmə prosesi hamıda olduğu kimi, Franklin üçün də, böyük çətinliklərlə başa gəlirdi. Bununla bağlı Franklin öz gündəliyində yazırdı: “Üç şey var ki, onları eləyə bilmək ağlagəlməz dərəcədə çətindir: poladı sındırmaq, almazı parçalmaq və özünü dərk eləmək”. Beləliklə də, Franklin illərlə çəkən ardıcıl çalışmalarla özünü kamilləşdirmə yolunda böyük uğurlar qazana bilmişdi.
3. Franklinin öz təcrübəsində gəldiyi nəticələrdən biri də bu idi: hər bir işi öz vaxtında görmək gərəkdir. Bunu çatdıra bilmək üçün o, hər gününü dəqiqliklə planlaşdırırdı. Belə bir planlaşdırmanın köməyi ilə bütün görəcəyi işləri öncədən ayırd eləyir və getdikcə daha əhəmiyyətli işləri görməyə alışmaqla, lüzumsuz işlərdən xilas olmağa başlayırdı. Bununla bağlı Franklinin belə bir qeydi vardır: Qoy, hər bir şey öz yerində dayansın; qoy, hər bir iş öz vaxtında görülsün.
4. Franklinin özü üçün yaratdığı rejimdə yuxudan erkən qalxmaq da başlıca yerlərdən birini tuturdu. O hər gün saat 5-də yuxudan qalxır və gün ərzində görəcəyi işləri müəyyən eləməyə başlayırdı. Hər səhər o özünə eyni bir sualı verirdi: “Mən bu gün hansı işləri görməliyəm?” Yuxudan qalxıb yuyunur, səhər yeməyini yeyir, gün ərzində görəcəyi işləri planlaşdırır və artıq saat 8-də öz işlərini görməyə başlayırdı. Franklin, yuxudan qalxdığı vaxtla işə başlamaq arasındadkı keçən vaxtın çox vacib olduğunu bildiyi üçün belə bir rejimə öyrənmişdi və bu da onu başqalarından üç saat qabağa salırdı. Bununla bağlı Franklinin yazdığı aşağıdakı qeydlərii çox maraqlıdır:
1. Yuxudan gec duran adam gərək bütün günü ora-bura qaçsın ki, gecə yarısına kimi öz işlərini güclə çatdırıb qurtara bilsin.
2. Öz işlərinizi təşkil eləməyə sərf elədiyiniz hər bir dəqiqə ilə siz bir saat vaxt qazanmış olursunuz.
3. Ertədən yatmaq və erkən oyanmaq – insanı sağlam, varlı və ağıllı eləyən budur.
5. Bencamin Franklin adəti üzrə, hər axşam özündən soruşardı: “Bu gün mən hansı yaxşı işi görə bilmişəm?” Bu onun qarşıya qoyduğu yüksək mənəvi kamilliyə çatmaq yolunda ən vacib addımlarını yoxlaması üçün bir imtahan idi. Beləliklə də, Franklinin həyatı insanın məqsədyönlü fəaliyyətlə istənilən böyük amallara çata bilməsinin parlaq bir örnəyidir.
Bencamin Franklinin aforizmləri.
Varlılıq başlıca olaraq iki şeydən asılıdır: əməksevərlikdən və ölçü-biçi gözləməkdən, başqa sözlə desək – vaxtını və pulunu boş yerə itirmə və onlardan ən yaxşı şəkildə istifadə elə.
Böyük imperiyalar böyük piroqlar kimidir, qıraqlarından asan yeyilir.
Kiçik xərclərinə qarşı çox ehtiyatlı ol: ən kiçik sızma, böyük bir gəmini batıra bilər.
İnsanın üzərində – iyirmi yaşında arzular, otuz yaşında ağıl, qırx yaşında sağlam düşüncə hakimlik eləyir.
İnsanlar hansı şəraitdə olmalarından asılı olmayaraq, bütün bu vəziyyətlərin hamısında rahatlıq və narahatlıq tapmağı bacarırlar.
Çayların axınında və pis hakimiyyətlərdə, ən yüngül şeylər yuxarı qalxır, üzdə olur.
Bu dünyada qaçılmaz olan, ölüm və vergilərdir.
Dostlarının qanını qaraltmamaq üçün, alicənab adamın gərək heç olmasa bir-iki çatışmazlığı da olsun.
Görmək asandır; çətini, qabaqcadan görməkdir.
Vurğunluq – biliksizlikdən doğulan körpədir.
Pullu olmağın başlıca üstünlüyü, ondan istifadə eləmək imkanları ilə bağlıdır.
Bütün filosoflar və müdriklər dedikləri ilə, axmaqlar isə davranışları ilə tanınırlar.
Dostları seçməyə tələsmə, dəyişməyə isə heç tələsmə.
İş yiyəsinin gözü onu əlindən daha çox iş görür.
Qəzəblənmək üçün həmişə bir əsas olur, ancaq o həmişə tutarlı olmur.
Əgər fırıldaqçılar vicdanlı olmağın bütün üstünlüklərini bilsəydilər, onlar bu üstünlüklərdən götürə biləcəkləri faydalara görə fırıldaqçılıqdan əl çəkərdilər.
Əgər zaman ən qiymətli şeydirsə, onda vaxtını boş yerə itirmək ən böyük bədxərclikdir.
İnsanlar dindar olaraq bu qədər pisdirlərsə, onlar dinsiz olsalar nə olardılar?
Ömrünü uzatmaq istəyirsənsə, yeməyə ayırdığın vaxtı qısalt.
Axmağın ağzını yummaq kobudluqdur, ancaq ona danışmağa imkan vermək sadəcə qəddarlıqdır.
Ən yaxşı dərman – dincəlmək və bütün artıq şeylərdən imtinadır.
Borc verənlərin yaddaşı həmişə, borc alanlardan güclü olur.
Səni özündən də çox aldadan birini tanıyırsanmı?
Kimsə pulla hər şey eləmək olar deyirsə, çox güman, onun özü pul xatirinə nə desən eləyər.
Yaxşı həkim, dərmanların çoxunun faydasız olduğunu bilən həkimdir.
Yeməyi özümüzün həzzi üçün yeyirik, ancaq paltarımızı başqalarının həzz alması üçün geyirik.
Namuslu olmaq – bütün hallarda insanların böyük çoxluğu üçün faydalı olan işi görməkdir.
Yaxşı müharibə və pis sülh olmur.
Səhvi düzəltməkdən boyun qaçırıb onun doğru olmasınıda israr eləmək istənilən insanın və insanlar qrupunun namusuna xələl gətirir.
İşçilərinə nəzarət eləməmək – öz pulqabını onların istifadəsi üçün açıq qoyub getməkdir.
Bir dənə bugün, iki sabaha dəyər.
Təcrübə, oxumaq haqqı çox bahalı olan bir məktəbdir, ancaq neyləyəsən ki, axmaqların oxuya biləcəyi başqa bir məktəb olmur.
Ağılsızlığın birinci mərhələsi – özünü müdrik saymaqdır; ikinci mərhələsi – bunu dilə gətirməkdir; üçüncü mərhələsi – məsləhətlərə qulaq asmaqdan boyun qaçırmaqdır.
Təhlükəsizlik naminə azadlıqdan imtina, nə azadlığa nə də təhlükəsizliyə yarayır.
Unutmayın, pulun artıb çoxalmaq qabiliyyəti vardır.
İnsanlar yemək bişirməyi öyrənən gündən başlayaraq, öz təbiətlərinin tələb elədiyindən iki dəfə artıq yeməyə başladılar.
Azad xalqlar gərək yorulmaq bilmədən və qısqanc bir gözüaçıqlıqla, öz azadlıqlarını qorusunlar.
Harda aclıq varsa, orada qanunlara hörmət eləmirlər; harada qanunlara hörmət eləmirlərsə, orada aclıq olur.
Ticarət indiyədək heç bir xalqı müflis eləməyib.
Üç dəfə köçmək bir yanğına düşmək deməkdir.
Üç nəfər bir sirri gizli saxlaya bilər, ancaq gərək onlardan ikisi ölü olsun.
Ən yaxşı yasdıq, yorğunluqdur.
Uşaqlarına susa bilməyi öyrət. Danışmağı onlar özləri öyrənəcəklər.
Subay adam yarımçıq varlıqdır, o qayçının bir tayına oxşayır.
Çox oxu, ancaq çox kitab oxuma.
Qəzəblə başlayan şey xəcalətlə qurtarar.
Tərtibçi: Araz Gündüz.