Nəsimi Məmmədli
Hacı Məmmədovun qəddarlığı barədə məlumatlar yayılanda, düşünürdük, yəqin ki hüquq mühafizə orqanlarında bir daha belə əzazil şəxslər olmayacaq. Yaxud da dövlət orqanları belə hallara bir daha imkan verməyəcək.
Amma, Qarabağ qazisi Babək Həsənova bir neçə ay öncə istintaq təcridxanasında verilən dəhşətli işgəncələri oxuyanda Hacı Məmmədovların hələ də iş başında olduğu üzə çıxır. Yeri gəlmişkən o, özünü “Osminoqun bir ayağı” adlandırırdı.
Xatırladım ki, Xocalıda erməni əsirliyində olan köməksiz insanlara verilən amansız işgəncələri eşitdikdən sonra Babək bəy könüllü döyüşə atılıb. Qarabağ uğrunda döyüşüb, yaralanıb və sağlığını qismən itirib.
İndi görün ölkədə elə bir durum yaranıb ki, Babək bəy Xocalı sakinlərinə erməni cəlladlarının verdiyi işgəncələri Bakıda öz üzərində yaşayıb. Bədəninə cərəyan verilib, qolları qandallı halda vəhşicəsinə döyülüb, erməni gülləsi dəyən yaralarının yerinə zərbələr vurulub ki, işgəncənin ağrıları şiddətli olsun.
Bu işgəncəni verənlər və sifarişçiləri unutmasınlar ki, insanlığa qənim kəsilənlər onun qarşılığını bir gün mütləq alacaqlar.
Əllərindəki səlahiyyətdən suistifadə edərək, heç bir təqsiri olmadığı halda vətənin Babək kimi cəsur oğullarına qarşı belə düşmənçilik edənlər Hacı Məmmədovun aqibətini mütləq yaşayacaq.