Ağır Cinayətlər Məhkəməsi qarşısında yenə həbslər oldu
AXC hakimiyyəti dövründə Gədəbəyin icra başçısı olmuş Saleh Rüstəmli, qardaşı oğlu Vidadi Rüstəmli, AXCP-nin Nərimanov şöbəsinin sədri Babək Həsənov, Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli və Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirlinin məhkəməsi yanvarın 30-da davam etdirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyilə keçirilən məhkəmə təqsirləndirilən Babək Həsənovun etirazı ilə başlayıb.
Bildirib ki, onların məhkəməsinə gələnləri, o cümlədən ailə üzvlərini məhkəmənin binası qarşısında polislər tutub aparırlar. Adamlara, hətta məhkəməyə gəlməyə də imkan vermirlər.
AXCP funksionerlərinin məhkəmələrində iştirak etməyə gələn, lakin məhkəmənin qarşısında saxlanılan şəxslərin bir hissəsi sonradan buraxılsa da, ondan artıq adama inzibati qaydada həbs cəzası verilib. Onlar hazırda bu cəzanı çəkirlər.
Yanvarın 30-da bu məhkəməyə gələnlərdən yenə 7 nəfər həbs tutularaq, Nəsimi rayonu, 22-ci polis bölməsinə aparılıb. Onların arasında Babək Həsənovun qardaşı Cavid Həsənli də olub. Bir neçə saat orada saxlandıqdan sonra 5 nəfər buraxılıb. 3 nəfər – İslam İslamov, Vüqar Novruzov və Nicat Pənahlıdan isə xəbər yoxdur. N.Pənahlı Vidadi Rüstəmlinin qaynıdır.
B.Həsənov hakimlərə deyib ki, polislərə bu məhkəməyə gələnləri həbs eləmək barədə göstəriş verilib. Onun sözlərinə görə, yaxınları bu informasiya polislərin özlərindən eşidib.
B.Həsənov hakimlərdən açıq məhkəmə prosesində iştirak etməyə gələn yaxınlarına qarşı bu qanunsuzluqlara reaksiya vermələrini və müvafiq tədbir görmələrini istəyib.
Hakim Eldar İsmayılov isə bildirib ki, məhkəmə prosesindən kənarda baş verənlərin onlara aidiyyəti yoxdur.
Vəkil Bəhruz Bayramov isə bildirib ki, həmin həbslərin də bu işə birbaşa aidiyyəti var. Çünki məhkəməyə gələnlərin həbs qərarlarında onların bu məhkəmənin gedişini pozduqları yazılıb.
Məhkəmədə şahidlər Təzəxan Mirələmli, Heydər Əhmədov, Rauf İsgəndərov və Ceyhun Hüseynov dindirilib.
AXCP-nin Nəzarət-Təftiş Komissiyasının üzvü olan T.Mirələmli təqsirləndirilən Vidadi Rüstəmlidən aldığı vebkamera və mikrofona görə istintaqa cəlb olunub. O bildirib ki, Elturan Rüstəmli AXCP sədri Əli Kərimlinin canlı yayımlardakı çıxışlarının daha keyfiyyətli çəkilməsi üçün həmin əşyaları xaricdən göndərib. Vidadi də əmisi oğlunun göndərdiklərini T.Mirələmliyə verib. O da öz növbəsində Ə.Kərimliyə çatdırıb.
Pul məsələsilə bağlı isə T.Mirələmli bildirib ki, ailəsinin maddi durumunun ağırlığına görə cəbhədən olan dostları bir neçə dəfə ona 20-50-100 manat yardım ediblər.
Digər şahidlərin üçü də Rusiyadan bankdan kənar yollarla göndərilən pulları Bakıda və bölgələrdə çatdırmaqla məşğul olan şəxslərdir. Onların üçü də məhkəmədə etiraf edib ki, qanunsuz fəaliyyətlə məşğul olublar.
Təqsirləndirilən B.Həsənov da maraqlanıb ki, bu şəxslər özləri cinayət törətdiklərini təsdiqlədikləri halda, bəs nə əcəb məsuliyyətə cəlb olunmayıblar, istintaqda onları sadəcə, bu iş üzrə dindirib buraxıblar.
O şahidlərdən Heydər Əhmədov bildirib ki, bacısının əri Aslan Qəhrəmanovla birlikdə bu işlə məşğul olub. Bacısının əri Moskvada pulu göndərmək istəyən adamdan alır, bu da Bakıda göndərilən adama çatdırır. Onun sözlərinə görə, pul çatdırdığı adamlar arasında Vidadi də olub. Ona 36 min, 5 min, 8 min olmaqla, bir neçə dəfə pul çatdırıb. İstintaqa ifadəsində yazıb ki, hər ay Vidadiyə pul gəlirdi.
V.Rüstəmli bildirib ki, bu adamdan 36 min dollar pul götürüb. O da Moskvada şəriki-dostunun göndərdiyi pul olub. Onun sözlərinə görə, yeni aldığı evin təmiri üçün göndərilmiş vəsait olub.
Şahid Rauf İsgəndərov Vidadiyə bir neçə dəfə Gədəbəydə pul çatdırdığını söyləsə də, o, təkzib edib. Bildirib ki, R.İsgəndərovun dediyi vaxtlarda ümumiyyətlə, Gədəbəydə olmayıb.
Şahid Ceyhun Hüseynov da bir neçə dəfə Vidadiyə pul verdiyini iddia edib. Lakin o, məhkəmədə hakimin sualına cavab olaraq, təqsirləndirilən beş nəfərdən heç birini, o cümlədən V.Rüstəmlini tanımadığını bildirib.
V.Rüstəmli isə deyib ki(meydan.tv), bu adamdan cəmi bir dəfə pul götürüb. O da yenə şərikinin göndərdiyi 50 min dollar olub və yeni mənzilinə mebel, məişət avadanlıqlarının alınmasına sərf edilib: “Bircə dəfə o pulu götürmüşəm. Qalanı yalandır. Elə ona görə burada da məni tanımadı. Əgər dəfələrlə görüşsəydik, əlbəttə ki, tanıyardı”.
Pul köçürməsilə məşğul olan şahidlər iddia ediblər ki, onlar Vidadiyə pulu verəndə ona kağıza yazdırıb, qol çəkdiriblər. Vidadi isə deyir ki, o kağızlar Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində təzyiq altında yazdırılıb. Bu adamlar isə pul çatacaq adamın şəxsiyyət vəsiqəsinə baxıb verirdilər: “Bunlara deyiblər ki, gedin məhkəmədə belə deyin, belə danışırlar. Yalandır, qəbz, kağız söhbəti olmayıb”.
Hakimlər V.Rüstəmlidən ona böyük məbləğdə pulları göndərən şərikinin adını soruşublar. Lakin o, ad çəkmək istəməyib. Səbəbini də belə izah edib ki, onun həbsindən sonra çoxlu sayda dost-tanışını tutub saxlayıblar, pullarını alıb sonra buraxıblar: “İstəmirəm ki, Moskvadakı dost-tanışımın başına da eyni oyunu açsınlar”.
Məhkəmə prosesi fevralın 1-nə qədər təxirə salınıb.
Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayaraq, S.Rüstəmov, onun qardaşı oğlu Vidadi Rüstəmli, AXCP funksionerləri Babək Həsənov, Aqil Məhərrəmli və Ruslan Nəsirlini cinayət yoluyla əldə olunmuş vəsaitlərin leqallaşdırılmasında ittiham edib. İddia olunur ki, S.Rüstəmov Rusiyadan AXCP-yə pul göndərib, həbs edilmiş cəbhəçilər də həmin vəsaitləri alıb partiya rəhbərinə çatdırıblar. İttihamda söhbət 412 min dollardan gedir.
Lakin S.Rüstəmov da, cəbhəçilər də ittihamı rədd edir. AXCP üzvləri də həbs olunduqdan sonra Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində işgəncələrə məruz qaldıqlarını bildirib, bununla əlaqədar prokurorluğa, məhkəməyə şikayətlər göndəriblər. Yerli məhkəmələr şikayətləri təmin etmədiyindən onlar Avropa İnsan Haqları Məhkəməsinə müraciət ediblər.