Vahid Məhərrəmli
Kənd təsərrüfatı mütəxəssisi, iqtisadçı ekspert
Hakimiyyət yenə də xalqı aldatmaqla məşğuldur. Reallıq isə belədir ki, dövlət proqramı tam fiaskoya uğradı.“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda regionlarda ayrı-ayrı sahələrin inkişafının başlıca şərtləri kimi orta illik inflyasiya tempinin və milli valyutanın məzənnəsinin məqbul səviyyədə saxlanılmasının davam etdiriləcəyi nəzərdə tutulmuşdur. Proqramın icrasının ikinci ilində milli valyuta 49,6 faiz, üçüncü ilində 48 faiz, ümumilikdə isə bu müddət ərzidə 2,16 dəfə dəyərini itirmişdir. Manatın kəskin şəkildə devalvasiyaya uğraması iqtisadiyyatın bütün sahələrinə öz mənfi təsirini göstərmişdir. Dövlət Proqramının qəbulundan əvvəl, əhalinin orta nominal əmək haqqı 2013-cü ildə 542 dollar təşkil etdiyi halda, 5 il geçdidkən sonra, 2018-ci ildə bu göstərici 224 dollar azalaraq 318 dollara düşmüşdür. Bu müddət ərzində əmək haqqının kəskin şəkildə azalması ilə yanaşı ərzaq və gündəlik təlabat mallarının qiymətlərində ciddi bahalaşma müşahidə olunmuşdur. Manatın devalvasiyası çoxlu sayda tikinti şirkətlərini fəaliyyətlərini dayandırmağa məcbur etmişdir. Bu dövr ərzində tikinti-quraşdırma işlərinin azalması nəticədə işsizlərin sayı artmışdır. Ümumilikdə devalvasiyadan bir müddət sonra çoxlu sayda şirkətlərin, müəssisələrin bağlanması, tikinti sektorunun dayanması, çoxsaylı ixtisarlara, minlərlə insanın iş yerlərini itrməsinə səbəb olmuşdur. Bu səbəbdən də əhalinin sosial durumunu pisləşmişdir. Bundan daha çox real sektor ziyana məruz qalmışdır.Bu müddət ərzində kənd təsərrüfatı və emal sahəsinə ayrılan kredit resurslarının miqdarı manatla 2 dəfə, dollar ifadəsi ilə 4 dəfə azalmışdır. Belə ki, bu sahəyə ayrılan kredit resurslarının həcmi 2014-cü ildə 1 milyard 80 milyon dollar olduğu halda, 2017 ci ildə 257 milyon dollar təşkil etmişdir.