Neçə gündür yazmaq istədiyim fikirlərimi paylaşmaq qərarına gəldim.
Keçən ilin oktyabr ayının 18-də qəsdən adam öldürməkdə ittiham edilən S.Əliyev adlı bir vətəndaşın hüquqlarını müdafiə etmək üçün ailəsi müraciət etmişdi. S.Əliyev 21 iyun 2018-ci ildən həbsdə idi. Bir gün heç bir sənədləşdirmə aparmadan onu polisdə saxladıqdan və ağlasığmaz işgəncə verərək qonşusunu ” sağ əlinin baş və ikinci barmaqları ilə” boğub öldürməsi barədə “etiraf” ifadəsi aldıqdan sonra 22 iyun 2018-ci ildə şübhəli şəxs kimi tutulması barədə protokol tərtib edilmişdi. 24 iyunda qanunla müəyyən edilmiş 48 saatlıq tutma müddəti bitəndə müstəntiq “adam öldürməsini səmimi etiraf etməsinə” baxmayaraq ittiham elan edilməsi üçün kifayət qədər əsas olmadığına görə onun həbsdən azad edilməsi barədə qərar verir. Amma onu azad etmək ağlından keçmir. İyunun 24-də polis əməkdaşları S. Əliyevin kücədə telefonla danışarkən söyüş söyməsi, onu intizama dəvət edərkən müqavimət göstərməsi barədə saxta protokol tərtib edərək məhkəmədən ona10 sutka inzibati həbs cəzası verilməsi barədə qərar alır. Bu 10 gün istintaqçılar və əməliyyatçılar S.Əliyevin üzərində intensiv “işləyir”. Onun etiraf ifadəsini başqa sübutlarla “möhkəmləndirir”. Əliyevdən qonşusunu öldürməsini atasına və arvadına danışması barədə yeni ifadə alırlar. Bu işdə həmin dövrdə S.Əliyevin vəkili olmuş şəxsdə onlara fəal kömək edir. Daha sonra S.Əliyevin atasına və arvadına təzyiq edərək aldatma yolu ilə onların S. Əliyevin yalan ifadəsini təsdiq etmələrinə nail olurlar. İyun ayının 30-da isə yarımilliyin sonuncu günü S.Əliyevə qəsdən adam öldürməyə görə məsüliyyət müəyyən edən 120.1-ci maddə ilə ittiham elan edərək, prokurorluq və polis əməkdaşları rəhbərliyə ölüm işini “açdıqları” barədə raport verirlər. İyulun 4-də həbs edildikdən 13 gün (!) sonra S.Əliyev barəsində həbs qətimkan tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılır. S.Əliyev hakimə heç bir cinayət törətmədiyini, atasına və arvadına bu barədə heç nə demədiyini, polisdə işəncə verərək qonşunu öldürməsi barədə ifadə aldıqlarını bildirir. Hakimdə onun təqsirli olmasına əsaslı şübhə yarandığından prokurorluğun istədiyi 4 ay əvəzinə yalnız 1 ay müddətinə həbs qətimkan tədbiri seçir və S.Əliyevin işgəncə barədə söylədiklərini yoxlamaq barədə qərar verərək prokurorluğa göndərir. Müdafiəçi kimi işə qoşulduqdan sonra iki ay müddətində prokurorluq qanunun tələblərini pozaraq tanış olmaq üçün mənə təqdim etməyə borclu olduqları istintaq materiallarını verməyi müxtəlif bəhanələrlə yubadır. Nəhayət, iş yeni müstəntiqə verildikdən sonra həmin materiallar mənə təqdim edilir. Bunlarla tanışlıqdan sonra və özümün vəkil kimi məhdud imkanlarımdan istifadə etməklə əldə etdiyim dəlillərin əsasında mən birmənalı şəkildə S.Əliyevin bu cinayətə heç bir aidiyyəti olmadığı, ona işgəncə verməklə etmədiyi cinayəti boynuna qoyduqları qənaətinə gəldim. Bu qənaətimi prokuror və müstəntiqlə bölüşdüm, bildirdim ki, onların imkanları daha genişdir, dediklərimi yoxlasınlar. Yanvar ayının ortalarında prokurorun dəvəti ilə onun yanına getdim, sonuncu mənə təşəkkür edərək dediklərimi yoxladıqlarını və əsasən təsdiq edildiyini, DİN-dən onlara təqdim edilmiş telefon danışıqları siyahısında texniki səhvə(?) yol verildiyini ,bəzi dəqiqləşdirmələr apardıqdan sonra ayım sonuna kimi obyektiv qərar verəcəklərini bildirdi. Yanvar ayının 30-da S.Əliyevin həbsdə saxlama müddəti bitdiyindən ümid edirdim ki, bu müddəti uzatmayacaqlar, S.Əliyevi həbsdən azad edəcəklər. Yanvarın 21-də prokuror məni yenidən dəvət etdi və öz aləmində kompromis variant təklif etdi. S.Əliyevi yenidən stasionar məhkəmə psixatrik ekspertizaya göndərirlər, onun anlaqsız olması, yalan danışmağa meylli olması (yəni etiraf ifadəsi almaq üçün ona təzyiq edilmədiyi) barədə rəy alaraq onu azad edirlər. Mən razılıq vermədim və başqa kompromis təklif etdim. Prokurorluq qeyd şərtsiz S.Əliyevi azad edir, onun barəsində cinayət işinə xitam verilir, biz şikayətçi olmuruq. Məni yola saldıqdan bir gün sonra prokuror S.Əliyevin atasını dəvət edir və mənsiz gəlməsini xahiş edir. Ona adam tutmağın asan, buraxmağın çox çətin olmasını deyir. Bir ay da dözməsini və mənə dediyi şərtlərlə oğlunu azad edəcəyini vəd edir. Ataı bunu mənə dedikdən sonra biz ikimiz birlikdə prokurorun yanına getdik və Səfərin şərtsiz azad olunacağı təqdirdə şikayət etməyəcəyimizi və məsələni ictimailəşdirməyəcəyimizi bildirdik. Prokuror bizə işi Bakı şəhər prokuroruna və Baş Prokurora məruzə edəcəyini bundan sonra qərar veriləcəyini dedi. Yanvarın 25-də məlum oldu ki, prokuror həbs müddətinin daha 1 ay uzadılması barədə məhkəməyə təqdimat verib. 28 yanvarda məhkəmə S.Əliyevin həbs müddətini uzatmaqdan imtina etdi və qərarda göstərdi ki, onun həbsdə saxlanılması üçün maddi və prosessual əsas yoxdur. Fikirləşirdim ki, yəqin bununla məsələ bitdi. Amma və lakin… Prokuror məhkəmənin qərarından apellyasiya protesti verdi. 1 fevralda məhkəmə prosesi oldu, lakin məhkəmə qərarının elan edilməsi 5 fevrala təxirə salındı. Azərbaycan məhkəmələrindəki vəziyyəti bildiyim üçün nə qərar veriləcəyini söyləmək çətindir. Ona görə də məsələni ictimailəşdirmək qərarına gəldim. Bundan sonra baş verənlər KİV-in vəziyyəti barədə tam təsəvvür yaradır, biri istisna olmaqla( o da sonradan yazını çıxartdı) ölkə daxilində fəaliyyət göstərən və az-çox tanınan heç bir mətbu orqanı məlumatı yaymadı.( İstəsəniz bu məlumatı Azadlıq radiosunun və Meydan TV-nin saytlarında oxuya bilərsiniz). Ona görə FB səhufəmdə əvvəlcə “Bir insanın həyatı mənim kimi 100 vəkilin kollegiyada qalmasından qat-qat önəmlidir” statusunu paylaşdım, indi də bu yazını paylaşmaq qərarına gəldim. Mənə nə üçün prokurorluğun rəhbərliyinə müraciət etmədiyimi irad tutanlara deyim ki,bu işlə bağlı iki dəfə baş prokurora müraciət etmişəm. Sonuncu müraciətimdən bir hissəni diqqətinizə çatdırmaqla yazını yekunlaşdırıram.
“ Sizin bu müraciətimə də əvvəlki qaydada cavab verəcəyinizə(şikayət etdiyim şəxsə göndərmişdi), daha doğrusu ümumiyyətlə cavab verməyəcəyinizə şübhə etməsəm də Sizin tutduğunuz vəzifəyə, mənimsə bir vəkil və vətəndaş kimi üzərimə düşən vəzifəni vicdanla yerinə yetirmək istədiyimə görə təkrar şikayət etməyə borcluyam. Çünki söhbət qanunsuz və əsassız olaraq, heç bir təqsiri olmadığına baxmayaraq saxta sübutlar əsasında qəsdən adam öldürmə kimi xüsusilə ağır cinayət törətməkdə ittiham edilən xəstə, iki azyaşlı uşaq atasının həyatından gedir. Səfər Əliyev artıq 7 aydır ki, həbsdədir. Cinayət işi üzrə ibtidai istintaq müddəti və Səfər Əliyevin həbsdə saxlanılma müddəti 30 yanvar 2019-cu ilədək artırılmışdır. Həmin müddətin bitməsinə çox az qalmışdır. Bundan sonra da həbsdə saxlama müddəti artırılacaqsa günahı olmayan xəstə insanın həbsdə saxlanılmasının və onun başına gələcəklərinin bütün məsuliyyəti prokurorluq əməkdaşlarının və prokurorluğun rəhbəri kimi Sizin üzərinizə düşəcək. Yuxarıda yazılanları diqqətinizə çatdırmaqla Səfər Əliyevin dərhal həbsdən azad edilməsi, barəsində olan cinayət işinin xitam edilməsi, istintaq zamanı yol vermiş qanun pozuntularının araşdırılması üçün fakta görə cinayət işi başlanılması və bu ağlasığmaz özbaşınalıqlara yol vermiş prokurorluq və polis əməkdaşlarının məsuliyyətə cəlb edilməsi üçün göstəriş verməyinizi xahiş edirəm. Üçüncü dəfə Sizə müraciət etmək fikrim yoxdur. Bu dəfə də şikayətimin qanuna müvafiq qaydada operativ olaraq həll edilməyəcəyi təqdirdə şəxsən Sizin barənizdə tədbir görülməsi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət edəcəm. Bu müraciətimi də keçən dəfəki kimi ümummilli lider Heydər Əliyevin səsləndirdiyi fikirlə yekunlaşdırmaq istəyirəm: “Dövlət iki halda sarsıla bilər: günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə”. Prokuror hələ ki susur…Kim istəsə yazımı paylaşa bilər.