AXC hakimiyyəti dövründə Gədəbəyin icra başçısı olmuş Saleh Rüstəmli, qardaşı oğlu Vidadi Rüstəmli, AXCP-nin Nərimanov şöbəsinin sədri Babək Həsənov, AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmli və Gənclər Komitəsi Məclisinin sədri Ruslan Nəsirlinin məhkəməsi fevralın 12-də davam etdirilib.
Hakim prosesə 15 dəqiqə gec… və sənədlərin tədqiqi ilə başladı. Bank köçürmələri, kartları, Rusiya banklarından alınan arayışlar və mobil operatorlardan götürülən səs yazıları oxundu. Ruslan Nəsirli, Aqil Məhərrəmli, Babək Həsənov və Ramiz Kamalın (AXCP-nin xəzinədarı kimi təqdim olundu) evində aparılan axtarış prosesləri barədə istintaq materialları vəkillər bəs deyənə qədər oxundu. Saleh Rüstəmov və Vidadi Rüstəmli arasında olan yazışmalar, eləcə də Aqil Məhərrəmli və Ruslan Nəsirlinin mesajlarını da hakimlər növbəylə oxudular.
Rusiyada çalışan müxtəlif adamların dustaq ailələrinə yardım şəklində verdikləri və burada sahiblərinə çatdırılan pulun istintaq AXCP-nin fəaliyyətinə və mitinqlərin təşkilinə xərcləndiyini yazır. Ancaq oxunan mesajlarda əsasən pulların məhbus ailələrinə yönləndirildiyindən söhbət gedir. Rusiyadan göndərilən pulu alarkən Vidadi Rüstəmlinin imza atdığı qəbzlər də bir-bir oxundu: “…dama-dama dəftərdə latın qrafikalı əlifba ilə tərtib olunmuş qəbzdə…” yaxud “…üfiqi xətli vərəqdə latın qrafikalı əlifba ilə tərtib olunmuş qəbzdə…” kimi sözlər xeyli vaxt apardı.
Görünür, belə təkrarçılıq hakimi də bezdirdi, o, proses başlanandan 55 dəqiqə sonra, saat 16.10-da məhkəmənin gələn həftənin ikinci gününə qədər təxirə salındığını, sənədlərin tədqiqinin həmin iclasda davam etdiriləcəyini dedi.
Növbəti proses fevralın 19-da saat 15.00-da davam edəcək.
Azadliq.info