Araz Gündüz
Xalqa “minnətli çörək” yedirirlər. Sanki, əmək haqlarını, pensiyaları və təqaüdləri artırmaq İlham Əliyevin “mərhəmətidir”. Soruşmaq ayıb olmasın, bu artımlara ayrılan pulu İlham Əliyev öz cibindənmi verir? Yoxsa, o gizli dəfinə tapıb, bu pulları oradan götürür? Xalqın özündən oğurlanan pulların cüzi bir hissəsini ona qaytarmaq nə vaxtdan “mərhəmət” sayılmağa başlayıb?
Yaxud, götürək bu “inqilabi nailiyyət” kimi gözə soxduqları “asan xidmət” məsələsini. Hansı sivil ölkəni götürsən, orada xalqa göstərilən xidmət bunların “asan xidmətindən” qat-qat üstündür. “Asan xidmət” ifadəsinin özündə bir məntiqsizlik var: əgər “asan xidmət” varsa, demək bu “çətin xidmətin” alternatividir. Bəs o “çətin xidməti” törədən kimdir?
Özlərinin yaratdıqları dözülməz problemlərin azacıq bir hissəsini “yumşaldıb” buna islahat deyirlər. Belə yerdə deyirlər “təpənə dəysin” sənin islahatın.
Tarixi təcrübə göstərir ki, Azərbaycan iqtidarı kimi hakimiyyətlərlə “dialoqun” ən yaxşı variantı ona, çıxıb gedəcəyi qapını göstərməkdən ibarətdir. Əks halda, hər cür oyunbazlıq edəcək, xalqın coşan haqlı qəzəbinin soyumasını gözləyəcək, bir sözlə, vaxt qazanıb yenidən öz çirkin əməllərinə davam edəcəklər.
Xalqın coşan qəzəbindən qorxuya düşüb ondan oğurladıqları pulun cüzi bir hissəsini qaytarırlar, ancaq geri çəkildiklərini boyun almaq istəmirlər, el içində buna: “eşşəkdən yıxılıb, ancaq hoş-hoşu əldən vermir” deyirlər.
Xalqın mütəşəkkil gücü ilə, bu iyrənc hakimiyyətə “get” deməyin vaxtı çoxdan çatıb.