Yanvarın 31-dən saxlandığı Qobustan həbsxanasında aclıq edən Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırov aclığı dayandırıb. İlahiyyatçı fevralın 15-də İnanclı Məhbusların Hüquqlarını Müdafiə Komitəsinin həmsədrləri Eldəniz Quliyev və Rövşən Əhmədlinin həbsxanada onunla görüşündən sonra aclığı dayandırmağa razılıq verib. Eldəniz Quliyev bu barədə “Azadliq.info”ya ətraflı danışıb.
Bildirib ki, onlar Qobustan həbsxanasında inanclı məhbuslara qarşı işgəncələr, Taleh Bağırzadə Abbas Hüseynovun aclıq etməsi, Cabbar Cabbarovun işgəncəyə məruz qalması barədə xəbərlərin ictimaiyyətdə yaratdığı narahatlığı nəzərə alaraq, fevralın 12-də Penitensiar Xidmətin rəhbərliyinə müraciət etmişdi. Fevralın 15-də Penitensiar Xidmətdən onlarla əlaqə saxlayaraq, Qobustan həbsxanasına gedib, məhbuslarla görüşə biləcəklərini xəbər veriblər: “Düzü, bu, bizim üçün gözlənilməz oldu…”
E.Quliyevin sözlərinə görə, əvvəlcə onlar həbsxananın rəisi Aftandil Ağayevlə görüşüblər. O, həbsxanada məhbuslara işgəncə verilməsi barədə deyilənləri təkzib edib. Daha sonra E.Quliyev və R.Əhmədova inanclı məhbuslarla görüşmək imkanı yaradılıb. Onlarla görüş ayrı-ayrılıqda, vəkillərlə görüş otağında baş tutub. Onlar Taleh Bağırzadə, Cabbar Cabbarov və İslam Partiyasının sədri Mövsüm Səmədovla görüşüb.
E.Quliyev deyir ki, Abbas Hüseynovla da görüşmək istəyiblər, lakin onun həbsxanada olmadığı, Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürüldüyü bildirilib. Deyilənə görə, Müalicə Müəssisəsində Abbas Hüseynov başqa bir Nardaran məhbusu Əbülfəz Bünyadovla birlikdədir. Nardaran əməliyyatı zamanı onurğasından güllə yarası alaraq, hərəkət qabiliyyətini tam itirən, hətta yatağında çevrilmək üçün də başqasının köməyinə ehtiyac duyan Ə.Bünyadova orada hazırda Abbas Hüseynovun qulluq etdiyi bildirilib.
Nardaran məhbusu Cabbar Cabbarovla görüş haqqında E.Quliyev bildirib ki, onun üzərində işgəncə izi olmasa da, şişkinliklər vardı. Cabbar özü də işgəncəyə məruz qaldığını bildirib: “Cabbarın səhhətində də ciddi problemlər var, Hepatit B xəstəliyindən əziyyət çəkir. Həbsxana rəhbərliyi bildirdi ki, dərmanlar gətirilsə, qəbul edilib, müalicəsinə şərait yaradılar. Bir xahişimiz də oldu ki, Cabbarı Taleh Bağırzadənin yanına köçürsünlər. Bununla əlaqədar Penitensiar Xidmətə müraciət edəcəyik”.
Taleh Bağırzadə ilə söhbətə gəlincə, E.Quliyev bildirib ki, ilahiyyatçı şəxsən özünə qarşı işgəncə barədə heç nə deməyib. Bildirib ki, etirazı, aclıq aksiyası da əsasən Cabbar Cabbarova qarşı işgəncəyə görə olub: “Şəxsən öz adımdan da, Milli Şuranın, Cəmil Həsənlinin, Əli Kərimlinin, ictimaiyyət adından xahiş etdim ki, aclığı dayandırsın. Bildirdim ki, bu görüşün özü də müəyyən mənada qarşı tərəfdən jestdir. Bildirdi ki, “sizin sözünüzdən çıxmaram, dayandırıram”. Tələbləri də oldu, mütəmadi ünsiyyətinə imkan yaradılmasını istədi. Orada olanda öyrəndik ki, Mövsüm Səmədovun oğlu ilə danışığına da imkan vermirlər. Bütün bunları həbsxana rəhbərliyinə çatdırdıq. Taleh Bağırzadə təsdiqlədi ki, vəkillə görüşdən özü imtina edib, vəkili zərbə altında qoymamaq üçün. Çünki həmin ərəfədə ailə üzvlərilə danışıqlarına imkan vermirdilər. Yayılan hər hansı informasiyaya görə vəkili günahlandırıb cəzalandıra bilərdilər”.
E.Quliyev onların Qobustandakı siyasi məhbuslarla görüşünə şərait yaradılmasını müsbət addım kimi qiymətləndirməklə, bunun son günlərdə hökumətdə müşahidə olunan yumşalmanın növbəti nümunəsi sayır: “Digər siyasi məhbuslarla da görüşmək üçün müraciət edəcəyik. Hesab edirəm ki, bu cür yanaşma həm də ümumi işin xeyrinədir. Onu da deyim ki, Mövsüm Səmədov da, Taleh Bağırzadə də təşəkkürlərini, salamlarını çatdırdılar. Çətinliklərə görə geri çəkilmədiklərini, mübarizənin davam etdiyini söylədilər”.
azadliq.info