“İndiki məqamda hakimiyyətin atdığı addımlar kosmetik xarakterlidir”, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəyli söyləyir. O hesab edir ki, Azərbaycan iqtidarı xalqla arasındakı uçurumun dərinləşməsini istəmirsə, daha konseptual və ciddi addımlar atmalıdır.
Məsələ bundadır ki, bu il yanvarın 19-da Milli Şuranın təşəbbüsü və başqa müxalif qüvvələrin iştirakı ilə keçirilən mitinqdən sonra hakimiyyətin bəzi dəyişikliklərə getməsi, sərt siyasəti yumşaltması haqda təəssürat yaranmaqdadır. Və bu haqda hakimiyyətin tənqidçiləri daha çox danışmağa başlayıb. Buna müxtəlif səbəblər göstərilir – dövlət başçısının xalq arasında daha tez-tez görünməsi, mitinqdən az sonra videobloqer Mehman Hüseynovla bağlı yeni ittihamlara xitam verilməsi; qeydiyyatsız evlərlə bağlı fərmanın imzalanması; Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanlardan bəzilərinin yaxınlarının, ailələrinin 11 min manatlıq müavinəti ala bilməməsi ilə bağlı aylardır davam edən mübahisənin İlham Əliyevin müdaxiləsi ilə həlli; ləğv edilən dövlət qurumlarında çalışanların işsiz qalmaması ilə bağlı birinci vitse-prezidentin söylədikləri və sairə. Hətta hökumət 4 ildən çoxdur davam edən bir mübahisə – problemli kreditlərin həlli ilə bağlı müzakirələr aparıldığını da bildirir. İndiyə qədər bu problemin həllini bir neçə deputat hökumətdən israrla istəsə və Konstitusiya Məhkəməsinə iki dəfə müraciət edilsə belə, cavab reaksiyası indi gəlməkdədir.
Gültəkin Hacıbəyli də 19 yanvar mitinqindən sonra hakimiyyətin geri çəkilməyə başladığını güman edənlər sırasındadır. Hərçənd, bunu “ciddi geriçəkilmə” saymır və hakimiyyətin atdığı addımları islahat kimi dəyərləndirmir: “Burda “islahat” sözünün ilk hərfləri belə yoxdur. Sadəcə, indi hakimiyyət insanları əzərkən daha ehtiyatlıdır, tərəddüdlüdür, bir qədər təmkinli davranır, aqressiyasını bir qədər azaldıb. Ancaq baş verənləri yumşalma və ya islahat kimi qələmə verməzdim”.
Bununla belə, siyasətçi xanım son hadisələri müsbət dinamika kimi xarakterizə etməkdədir və bunu xalqın meydana çıxmasının nəticəsi kimi qələmə verir: “Həmin gün hakimiyyət xalqın qəzəbli olduğunu gördü. Artıq anladı ki, məsələ daha ciddidir, hakimiyyətlə xalq artıq kəskin ziddiyyət mərhələsindədir”.
Azadlıq Radiosu