Bu gün – fevralın 22-də Bakı Apelyasiya Məhkəməsində vəkil Əlabbas Rüstəmovun rejim dəyişməsi, yəni məntəqə tipli müəssisəyə köçürülməsiylə bağlı şikayətinə ilkin baxış iclası (hakim Habil Məmmədovun sədrliyi ilə Həsən Əhmədov və İlqar Murquzovdan ibarət heyət) keçirildi. Bu prosesdə Əlabbas Rüstəmovu vəkil Cavad Cavadov müdafiə edirdi.
Vəkil Əlabbas Rüstəmov məhkəmə önünə qolu qandallı çıxarıldı. O, əlindəki sənədləri bu şəkildə oxuya bilməyəcəyini deyib qandalın açılmasını istəsə də, nəzarətçilər razı olmadı. Yalnız hakimin müdaxiləsindən sonra qandallar açıldı.
Ə.Rüstəmov neçə illərdir qanunsuz olaraq həbsə atıldığını, faktiki girov saxlandığını bildirdi. O, vəsatətləri olduğunu dedi, ancaq bunlardan qabaq işlə tanış olmaq üçün hakimin ona vaxt ayırmasını istədi. Onun sözlərinə görə, iş materialları içərisindən bəzi saxta sənədlər var. O, həmin sənədləri incələdikdən sonra əlavə vəsatətlər verəcəyini bildirdi. Hakim Əlabbas Rüstəmova istəyinin təmin edib vəkilinin yanında oturub sənədlərlə tanış olması üçün vaxt verdi. Bu zaman zala girən nəzarətçilərin “rəis” adlandırdığı şəxs Ə.Rüstəmovu qandalsız görəndə üz-gözünü turşudub nəzarətçiyə irad tutsa da, nəzarətçi bunu hakimin istəyilə etdiklərini dedi. Ancaq rəis “mənim icazəm olmadan bir də belə etməyin” deyib zaldan çıxdı. Zalın hakimi-mütləqi olan məhkəmə sədri, görünür, rəisin nəzarətçiyə iradını eşitmədi, yoxsa bu irada onun da iradı olardı…
Qovluğa baxdıqdan sonra vəkil Əlabbas Rüstəmov bir məhkəmə sənədinin saxta olduğunu dedi. Belə ki, guya ötən il dekabrın 20-də cəzaçəkmə müəssisəsində Əlabbas Rüstəmovun iştirakıyla məhkəmə iclası keçirilib. Ə.Rüstəmov belə bir iclasdan xəbərsiz olduğunu və orada iştirak etmədiyini dedi.
Proses martın 1-nə qədər təxirə salındı.
Əlabbas Rüstəmov 2014-cü il iyunun 28-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 312.2 (rüşvət vermə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə tanınmış hüquqşünas irəli sürülən maddələrlə təqsirli bilinərək 7 il azadlıqdan məhrum edilib.
2017-ci ilin iyulunda Ali Məhkəmə Əlabbas Rüstəmovun cəzasını azaldaraq 7 ildən 6 ilə endirib.
İttiham aktına görə, “Yasavul” MMC-nin direktoru Əliabbas Rüstəmovun qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş müraciət əsasında istintaq-əməliyyat tədbirləri həyata keçirilib.
Əliabbas Rüstəmov Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin İstintaq idarəsində Beyləqan rayon sakini barəsində Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə başlanmış cinayət işi üzrə cinayət təqibinə xitam verilməsi və sonuncunun cinayət məsuliyyətindən azad olunması barədə vəd verib. O, guya işin ibtidai istintaqını aparan şəxsə 90 min manat məbləğində rüşvət verilməsi üçün rayon sakinindən cəmiyyətin ofisində 95 min manat məbləğində pulu alarkən cinayət başında saxlanılıb.
Vəkil bütün bunların qurama olduğunu bildirir və ittihamları rədd edir.
Əliabbas Rüstəmov əvvəllər Vəkillər Kollegiyasının üzvü olub.
Azadliq.info