Milli Şuranın sədri Cəmil Həsənli qurumun Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli qarşı olan son təzyiqlərə münasibətdə bildirib. C.Həsənli yazır:
“Bu da İlham Əliyevin millətə vəd etdiyi hüquqi dövlət! Bu “hüquq” anlayışı ölkəmizdə o qədər qıcqırıb ki, hətta hökm qərardan öncə icra olunur. Adam o qdər ASAN xidmətə aludə oldu, indi deyəsən ASAN məhkəməni də sınaqdan keçirir. Keçmişdə buna deyirdilər araba atdan önə keçib. İndi bizim ölkədə nəinki körpü çaydan uzaq düşəb, İlham Əliyevin “hüquq dövlətində” doğrudan da araba atdan önə keçib. Dünən Gültəkin xanımın maşının heç bir əsas olmadan həbsi ilə bağlı baş vermiş rüsvayçılıq bunun aydın təzahürüdür.
Təsəvvür edirsinizmi, dünən fevral ayının 28-də, saat 12.19-da hakimiyyətə bağlı Sfera.az saytı Gültəkin xanımın maşınının məhkəmə qərardadı əsasında saxlanılaraq cərimə meydançasına yerləşdirildiyin yazır. Bir saat bir dəqiqə sonra, yəni saat 13.20-də onu yol polisi saxlayır və bildirir ki, avtomobili cərimə meydançasına yerləşdirməlidir və saat saat 13.38-də maşın cərimə meydançasına yerləşdirir.
Gültəkin xanımın sorğusuna əsasən Nəsimi rayon icra şöbəsindən bildirirlər ki, onun maşınımın saxlanması ilə bağlı onlar Dövlət Yol Polis İdarəsinə hansısa bir müraciət göndərməyiblər. Həmin gün avtomobil sahibinin sorğusuna əsasən nə Bakı Şəhər Dövlət Yol Polis idarəsi (saat 14:45), nə də Respublika DYPİ (15:10) maşının saxlanması ilə bağlı hər hansı bir hüquqi əsas olmadığını bildirir. Nəhayət, maşın cərimə meydancasına qoyulduqdan 20 saat sonra, mart ayının 1-də saat 10.39-da Gültəkin xanım Nəsimi rayon icra şöbəsinin rəisinə zəng vurub soruşur ki, dünən avtomobilinin saxlanması ilə bağlı heç bir qərardad olmadığını deyiblər, icra məmuru cavabında: “Dünən mən sizinlə danışanda belə qərardad yox idi. (Son dəfə 14.21-də danışıblar). Sizin məhkəmə saat 16.00-da baş tutub və bizə bu barədə məlumat dünən axşam saatlarında daxil olub”. Yəni maşın məhkəmə hökmündən 4 saat, qərarın icraya yönəldilməsindən isə 8-10 saat əvvəl həbs olunub. Bax buna deyərlər İlhamsayağı hüquqi dövlət, onun ölkədə bərqərar etdiyi hüquqi dedektiv, qərardan öncə icra edilən hökm, atdan qabağa keçmiş araba və nəhayət, dünya hüquq nəzəriyyəsində və praktikasında analoqu olmayan yenilik. Axı, biz analoqsuz ölkədə yaşayırıq! Bu analoqsuz rüsvayçılığa səbəb nədir? Əlbəttə ki, aşağıdakı şəkillər və ay yarımdır hakimiyyətin canına vəvələ salmış 19 yanvarın xofu! Gültəkin xanımın Milli Şurada səmərəli fəaliyyəti, fəal vətəndaş mövqeyi, televizia proqramlarında bu oğru hakimiyyəti ifşa edən məzmunlu çıxışları, xalqa və millətə namusla xidtmət nümunəsi göstərməsi. Hüququn absurdlaşmasının, dövlət adına onun gözdən salınmasının, bir sözlə arabanın atdan qabağa keçməsinin başlıca səbəbi də bax, budur!