Təzəxan Mirələmli
Hansımız daha humanistik- İlham Əliyev yoxsa mən?
Prezident kimlə görüşdü, kimə nə dedi kimi xəbərlər məni ilgiləndirmir. Heç televiziyada da belə məlumatlara baxmıram. Yalnız sosial şəbəkə vasitəsi ilə bu işlərdən məlumatım olur.
Sən demə prezident İlham Əliyev və birinci vitse-preident Mehriban Əliyeva mədəniyyət və incəsənət adamları ilə görüşüb, onların problemləri ilə tanış olub. Lap yaxşı…
Məni az çox tanıyanlar bilir ki, gördüyüm işləri reklam etməyi xoşlamıram. Öz problemlərimin başdan aşmasına baxmayaraq imkanım daxilində ( bəzən öz imkanlarımdan daha çox) insanlara kömək etməkdən də qalmıram. Düzü kiminsə problemli işi həll olunanda etdiyim əməldən zövq də alıram.
Hə…, qayıdaq mədəniyyət və incəsənət xadimlərinə… Onlardan biri də mənim qonşumdur (özüm kirayədə qalıram, amma bir mənzildə 4 ildən artıq qaldığıma o şəxsə qonşu deməyə haqqım çatır). Bu adam tanınmış aktrisa Səfurə İbrahimovadır. Onu da qeyd edim ki, bu yaxınlarda, 27 dekabr 2018-ci il tarixdə 80 illik yubileyini də tək-tənha qeyd etdi. Bəzilərinin yaddaşını təzələmək üçün Səfurə İbrahimova ( https://az.wikipedia.org/wiki/S%C9%99fur%C9%99_%C4%B0brahimova ) haqda vikipediadakı məlumatlarla tanış olmağı məsləhət görürəm. Onun kino obrazlarını xatırlatsam, yeni nəslin nümayəndələri də onu tanıyacaq- Telli (“Arşın mal alan”), Həbibə (“Qatır Məmməd”), Sevil (“Sevil”), Gülpəri (“Dərviş Parisi dağıdır”), Mədinə (“Alma almaya bənzər”), Sədaqət (“Qaynana”) aktrisanın məhşur rollarındandır.
Safurə İbrahimova teatr sənətindəki xidmətlərinə görə Azərbaycan Respublikasının əməkdar artisti (1 iyun 1974) və xalq artisti (24 dekabr 2002) fəxri adları ilə təltif edilib. Mehdi Məmmədovun quruluşunda Hüseyn Cavidin “İblis” faciəsindəki Rəna roluna görə Dövlət mükafatı laureatıdır. SSRİ dövründə Şıxəli Qurbanovun təşəbbüsü ilə Novruz bayramı keçirilərkən, ilk bahar qızı məhz Səfurə İbrahimova olub. (bu məlumatlar da vikipediadan götürülüb).
Görəsən, həmin o məhşurların görüşünə Səfurə xanım da çağrılmışdımı? Bəlkə onun da problemləri vardı, o da öz qayğılarını ölkə başçısına çatdırmaq istəyirdi? Yəqin məni izləyənlərin yadına düşər. Bu ilin başlanğıcında Safurə İbrahimovanın su sayğacında yaranan problemlə bağlı yazmışdım. “Azərsu” ASC-dən tutmuş Mədəniyyət Nazirliyinə kimi müraciət etdim. Problemi vaxtında və kökündən həll etmək əvəzinə keçici olaraq aktrisanın suyunu bərba etdilər. Amma iki ayın tamamınca su borcu 170 manata çatanda xəbərsiz-ətərsiz suyu kəsib, 80 yaşlı ahıl qadını( Xalq artisti olmağını da kənara qoyaq) susuz qoymaq heç bir dəyərə sığmır məncə. Yenə aidiyyatı qurumlara zənglər, yenə xahişlər… amma əvvəlki kimi nəticə yox… Bu arada təkcə teatrdan Elnur adlı şəxs Səfurə xanımın evinə gəlib. Lakin onun problemin həllinə yönəlik cəhdləri də nəticəsiz qalıb.
Yenə bəzi dostlar irad bildirə bilər ki, “mən-mən” deyirəm. Amma bunu deməsəm də olmur. Səfurə İbrahimovanın su problemini həllini bir qonşu kimi öz üzərimə götürməyi borc bildim. Əvvəlcə qanunsuz olsa da, tanış usta çağırıb, gecəikən kəsilmiş boru xəttini bərpa etdirdim. Bir neçə gündən sonra isə problemin nədən qaynaqlandığını,nəyə görə çoxlu su borcu yaranmağını da araşdırıb tapdım (əslində bu “Azərsu” işşilərinin vəzifəsi idi). Digər bir tanış usta çağırıb, problemin kökündən həll olunmasına nail olduq. Amma Su idarəsinin səhlənkarlığı ucbatından yaranan borc hələ də qalır.
Deməyim odur ki, prezidentin və xanımının mədəniyyət və incəsənət xadimləri ilə görüşünü onlara qayğı kimi qələmə verməyin. Mədəniyyət və incəsənətə qayğı olsaydı, o görüşə dəvət olunmayan yüzlərlə həmin sahənin xadimləri qayğı içində yaşamazdı.Ora topalaşanların əksəriyyəti lüks mənzillərdə yaşayır. Safurə İbrahimova isə çölü kosmetik təmir edilmiş binada ömür sürür.
Hələ ehtiyac içərisində dünyasını dəyişən mədəniyyət və incəsənət xadimlərini demirəm…